Səyyar hospitallar fəaliyyətə başlayıb, 100 çadır quraşdırılıb

Səyyar hospitallar fəaliyyətə başlayıb, 100 çadır quraşdırılıb
  28 Fevral 2020    Oxunub:3366
Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. Artıq Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində belə hospitallar fəaliyyətə başlayıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Elçin Əligülov AzərTAc-a bildirib ki, dünəndən etibarən Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində hər biri 5 nəfərlik olmaqla, 100 çadır quraşdırılıb. Həmin çadırlarda 6 nəfərdən ibarət həkim briqadası çalışır. Səyyar hospitallarda sanitar qovşaq və mətbəx də var. İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli “qaynar xətləri” fəaliyyət göstərir.

Azvision.az



Teqlər: FHN   İran   Sərhəd   Koronavirus  





Xəbər lenti