Cümhuriyyət varisləri ilə videokonfrans keçirildi

 Cümhuriyyət varisləri ilə videokonfrans keçirildi
  29 May 2020    Oxunub:3223
Mayın 28-də Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhurıyyətinin (AXC) 102 illiyinə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Millət vəkili, akademik, ictimai xadim Rafael Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cumhuriyyətinin varisləri – Xalq artisti, maestro Ramiz Məlikaslanov (AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi), Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri (AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi), İlhami Asgeran (Gəncə Şəhər Dumasının üzvü Ələkbər Rəfibəylinin qohumu), Yaqut Abdullayeva (Azərbaycanın dövlət himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi), Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş Taşkınsu iştirak ediblər.



Tədbiri giriş sözü ilə açan Fuad Muradov qonaqları salamlayıb və 102 il öncə xalqımızın tarixində baş vermiş bu böyük hadisə münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən Cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin daim Cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini xatırladan komitə sədri bildirib ki, bu siyasəti Prezident İlham Əliyev tərəfindən hazırda da uğurla davam etdirir. Dövlət başçımızın sərəncamı əsasında Bakı şəhərinin mərkəzində abidənin ucaldılması ilə Cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi, AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan edilməsi, bu yubileylə bağlı təsis edilən medalın Cümhuriyyət varislərinə təqdim olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.

Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, Cümhuriyyət qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib. O, bildirib ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. R.Hüseynov Cümhuriyyət qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri barədə ətraflı məlumat verib.

Moderator qeyd edib ki, Cümhuriyyət qurucuları elə böyük şəxsiyyətlərdir ki, onları bu gün bizim hər birimiz, eləcə də gələcək nəsillər həmişə minnətdarlıqla, dərin sevgi hissi ilə yada salmalıyıq: "Onların yox yerdən qurduqları Cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir".

R.Hüseynov onu da diqqətə çatdırıb ki, Cümhuriyyət qurucularının paytaxtdakı ilk iş və yaşayış yeri o dövrdə “Metropol” mehmanxanası, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub. Muzeyin rəhbəri olmağım, orada çalışmağım ona dəlalət edir ki, mən o böyük insanların izlərinə demək olar ki, hər gün toxunuram.

Moderator vurğulayıb ki, bu gün biz Cümhuriyyət quruculuğunda qəhrəmanlıqlar göstərən hər bir insanın – siyasətçinin də, sıravi əsgərin də, adi vətəndaşımızın da xidmətlərini məhəbbət və ehtiramla yad edirik. İnanırıq ki, gələcək nəsillər də bu şanlı tariximizi həmişə hörmətlə anacaq.
Sonra R.Hüseynov Şeyxzamanlılar nəslinin nümayəndəsi Tomriz Azəriyə söz verib. T.Azəri AXC-nin əhəmiyyətindən danışmaqla yanaşı, atası və əmisi ilə bağlı xatirələrini bölüşüb.

Müzakirələr zamanı Azərbaycan diasporunun milli düşüncədən uzaq olmaması, azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, əqidə ortaqlığı, Vətənə gözəl münasibəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq, məhz ortaq düşüncə ətrafında birləşmələri, taleyüklü məsələlərdə eyni fikrə sahib olmaları Azərbaycan dövlətinin dayaqlarını daha da gücləndirə bilər.

Tədbir iştirakçıları Cümhuriyyət qurucularının fəaliyyətindən, Azərbaycanın dünyadakı mövqeyindən, Qarabağ uğrunda aparılan mübarizədən, ərazi bütövlüyümüzün təmin olunmasından, dünya azərbaycanlılarının birləşməsindən, diasporun təşkilatlanmasından, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından, Heydər Əliyevin misilsiz xidmətlərindən, İlham Əliyevin rəhbərliyi ilə aparılan yüksək səviyyəli diaspor siyasətinin dünya azərbaycanlılarının yekdilliyinə və birliyinə gətirib çıxarmasından, Mehriban Əliyevanın diaspor fəaliyyətinin yeni müstəvidə inkişaf etməsi istiqamətindəki fəaliyyətindən danışıblar.

Fuad Muradov əlavə edib ki, COVID-19 pandemiyası dönəmində məhz Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən, xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşən azərbaycanlılar dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.

Müstəqilliyə, dövlətimizin möhkəmlənməsinə xidmət edən bütün görkəmli şəxsiyyətlərin böyük sevgi, hörmət və ehtiramla xatırlandığı videokonfrans Cümhuriyyətin 100 illiyi ilə bağlı AXC varislərinə yubiley medallarının təqdim olunmasını əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Azvision.az


Teqlər: Diaspor   Komitə  





Xəbər lenti