Sumqayıtda daha 12 tibb işçisi koronavirusa yoluxdu

  02 İyul 2020    Oxunub : 2704
 Sumqayıtda daha 12 tibb işçisi koronavirusa yoluxdu
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının 12 əməkdaşında koronavirusa yoluxma halları aşkar edilib.
Bu barədə Azvision.az -a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.

“Neyrocərrahiyə, reanimasiya, travma və başqa şöbələrin işçiləri arasında yoluxma var. Lakin kütləvi yoluxmadan söhbət gedə bilməz. Bura koronavirusla işləməyən xəstəxanadır və bura xəstələr müxtəlif travmalarla gəlir, onlara təcili yardım edilir. Həkimlərimizi maksimum dərəcədə qorumağa çalışırıq, maska, əlcək geyinirlər. Lakin kombinezon geyinib travmalı xəstələrə baxmaq mümkün olmur. Koronaviruslu xəstələrlə işləyən xəstəxanada tam qorunan, kombinezon geyinən həkimlər də virusa yoluxur. Yəni belə xəstələrlə gündəlik işləməyənlər də yoluxa bilər. Bu, normaldır. Yoluxanlar arasında ağır vəziyyətdə olanlar yoxdur"

R.Sadıxov qeyd edib ki, xəstəxananın tibb heyəti mütəmadi olaraq testlərdən keçirilir.

“Yoluxmaların çoxu təmaslar nəticəsində baş verib. Xəstə gəlir, koronavirus olduğu bilinir, biz onu başqa xəstəxanaya göndəririk. Onunla kimlər təmasda olursa, həmin şəxsləri potensial daşıyıcı kimi qəbul edirik və analiz edilir. Həkimlər arasında evində yoldaşından yoluxanlar da var. Yoluxma hər yerdə ola bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Sumqayıt   Koronavirus