YAP-dan beynəlxalq təşkilata sərt ETİRAZ
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Beynəlxalq “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı hesabatına etirazını bildirib.
AzVision.az-ın məlumatına görə, YAP funksioneri təşkilatın yaydığı hesabatda Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı yer alan ittihamların böhtan xarakterli olduğunu deyib:
“Hesabatda Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistləri tutulduğu, bir neçə dinc ictimai nümayişlər dağıdıldığı iddia edilir. Təşkilatın müdafiə etdiyi "siyasi fəallara" qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığı, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə “Human Rights Watch” göz yumur və hesabatında yada salmır. Tənqidi əhval-ruhiyyəli jurnalistlərin isə açıq şəkildə hökuməti tənqid etdiyi və hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici QHT-ni qətiyyən maraqlandırmır.
Təşkilat hesabatında 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri də yada salır və seçkilərə dair öz şübhələrini bildirir. Beş minə qədər seçki məntəqəsini əhatə edəcək nümayəndələrə malik olmadan seçkini tənqid etməsi xarici təçkilatın siyasi sifariş yerinə yetirdiyi açıq-aydın göstərir. Heç bir əsas olmadan səslərin sayılmasına dair saxta bir rəqəm səsləndirilir və bununla da “Human Rights Watch” özü seçkini saxtalaşdırmaq prosenə dəstək vermiş olur.
Təşkilat Bakının yenilənməsi ilə əlaqədar bəzi ailələrin guya yüzlərlə ailənin adekvat kompensasiya ödənilmədən evlərindən çıxarıldığını iddia edir. Lakin bu məsələrin yüzlərlə yox, on minlərlə insanlarla bazar münasibətləri, narazılıq olduqda isə məhkəmə yolu ilə həll edildiyini yazmaq istəmir. Xarici QHT Bakının mərkəzində bir sıra kvartalların artıq çoxdan öz dövrünü başa vurduğunu və problemlərin həm ev sahiblərinin, həm də tikinti şirkətlətinin maraqları nəzərə alındığını hesabatında bildirmək istəmir. Evi söküləcək insanlara qarşı " işgəncə və pis rəftar" iddiası isə ağ yalandan başqa bir şey deyildir”.
A.Mirzəzadə həmçinin İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı hesabatda yer alan iddialara və Əkrəm Əylisli məsələsinə münasibət bildirib.
“Hesabatda həmçinin bir neçə siyasi fəalın həbs edildiyi xüsusi ilə vurğulanır. Ancaq REAL hərəkatının həmsədri İlqar Məmmədovun, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun ötən ilin əvvəlində İsmayıllı şəhərindəki hadisələr zamanı insanalrı iğtişaşa çağırış etməsi “Human Rights Watch”ı qətiyyən maraqlandırmır. Hansısa hadisəni yarımçıq, faktları saxtalaşdırmaqla təqdim etmək bu təşkilatın adi fəaliyyət normasına çevrilibdir.
Hətta vəziyyət o həddə çatıb ki, təşkilat son romanından sonra yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparıldığı bildirir. Bu hesabat çıxandan sonra isə Ə.Əylislinin özü mətbuata açıqlamasında “Human Rights Watch” təşkilatına müəyyən iradlarını bildirib və müdafiəsinin Azərbaycanı aşağılamaq şəklində olmamasını deyib.
Azərbaycan nöbəti dəfə xarici QHT-nin böhtanına və saxtakarlığı ilə rastlaşır. Bu birinci dəfə deyildir, müstəqilliyimizin bütün illərində təşkilat ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutur. Bunun siyasi sifariş olduğuna, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün növbəti cəhd olduğu aşıq-aşkar hiss edilir”-deyə YAP rəsmisi beynəlxalq təşkilata etirazını bildirib.
Anar RÜSTƏMOV