“Prezident bir daha xəbərdarlıq etdi ki, heç kim qanundan üstün ola bilməz”

   “Prezident bir daha xəbərdarlıq etdi ki, heç kim qanundan üstün ola bilməz”
  01 Sentyabr 2020    Oxunub:5373
“Prezident bir daha xəbərdarlıq edərək xatırlatdı ki, heç kim qanundan üstün ola bilməz və hamı qanun qarşısında bərabərdir. Yəni kimsədə hansısa imtiyaz ola bilməz ki, qayda-qanunlara riayət etməsin”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə, kütləvi tədbirlər təşkil edənlərə, qayda və qanunları pozanlara bundan sonra da güzəşt olunmayacağı ilə bağlı səslənən fikirlər cəmiyyətimiz üçün kifayət qədər açıq mesaj sayılmalıdır. Tutduğu sosial mövqeyindən asılı olmayaraq hər bir vətəndaş qanun qarşısında cavabdehdir və indiki həssas dönəmdə qaydalara riayət olunmalıdır:

“Bu günlərdə artıq dəfələrlə belə qətiyyətli mövqenin, qanunun aliliyinin şahidi olmuşuq ki, kimliyindən asılı olmayaraq qaydaları kobud şəkildə pozanlar öz qanuni cəzalarını alırlar. Cənab Prezident də bunu dəfələrlə vurğulayıb ki, heç kim özünü qanundan üstün hesab etməməlidir. Bu həqiqətən də birmənalı olaraq belədir ki, qanunlara dırnaqarası baxanlar dərhal cəzalandırılırlar. Bütün sahələrdə, bütün kateqoriyalardan olan insanlar qaydalara riayət etmədikdə cəzalarını almalıdırlar və alırlar da. Xüsusilə dünyanı öz cənginə alan, dərmanı bəlli olmayan virus, onun yaratdığı iqtisadi-sosial fəlakətlərin qarşısında möhkəm şəkildə dayanıb pandemiyadan daha az itkilərlə çıxmaq istəyiriksə, tək özümüzü yox, ətrafımızı, bütün cəmiyyəti düşünməyə borcluyuq”.

Deputat indi hansısa ərkəsöyün davranışlara, sosial məsuliyyətsizlikdən yaranan qayda pozuntularına heç bir güzəştin edilməməsini müsbət hal kimi dəyərləndirib: “Çünki qaydaları pozan şəxs anlamalıdır ki, o cəmiyyətimizdən təcrid vəziyyətində deyil, ayrıca fərd kimi yaşamır, milyonlarla insanla bir yerdədir. Ona görə də hər kəs el üçün gələn bəlada da bir olmalıdır, xoş günlərdə də. Sənin sosial məsuliyyətsizlikdən doğan bir səhv hərəkətin, davranış və ya qərarın ətrafında olan onlarla, yüzlərlə insanı bir günün içində bəlaya düçar edə bilər. Qısası, hazırkı durumda hansısa məsuliyyətsiz davranış, qaydalara riayət etməməklə kütləni çətin vəziyyətə sala bilərik ki, bu mənada qanunları saymayanlara qarşı qətiyyətli mövqe sərgilənməsini alqışlayıram”.

Bəşəri bəladan, çətin iqtisadi və sosial durumdan tez bir zamanda qurtulmağın yolunun cəmiyyət olaraq çəkici bir nöqtəyə vurmaqdan keçdiyini deyən Elman Məmmədov pandemiyadan az itkilərlə çıxmaq üçün dövlət-vətəndaş həmrəyliyinin vacib olduğunu vurğulayıb: “Heç bir ölkədə qanunlar boşuna tətbiq edilmir, qaydalar boşuna qoyulmur. Əgər sərt qayda-qanun tətbiq edilməsəydi, indi bizdə də acınacaqlı durum yaranmışdı. Bu sərtləşmələrin hər zaman həm insanlarımız, həm də bütövlükdə dövlətimiz üçün xeyirli olduğunu demişik. Burada dövlətimizin zəifləməsindən də çox ciddi söhbət gedir. Yəni dövlətçilik ağır imtahan qarşısında qala bilər. Qarşıdakı günlərdə qaydalara riayət etməsək, insanlarımızın daha çox yoluxmasının, itkilərin daha da artmasının şahidi olacağıq ki, bu halda da dövlətimiz yenidən çox sərt tədbirlərə getməyə məcbur olacaq. Bax budur məntiq və məna. Hamı kimi qayda və qanunlara əməl et, məsələn, kütləvi tədbirlər təşkil etmə və ya qatılma, beləcə virusun yenidən geniş yayılmasına səbəb olma. Çünki bir daha deyirəm ki, ortada milli təhlükəsizliyimiz, dövlətçiliyimizə ciddi təhdidlər var. Sərt karantin qaydalarının yenidən uzunmüddətli qüvvədə qalması, daha ağır sosial izolyasiya tədbirlərinə gedilməsi dövlətin, iqtisadiyyatın çökməsinə səbəb ola bilər. Yəni dövlət büdcəsində arzuolunmaz vəziyyət yarana bilər. Axı bizim aztəminatlı ailələrimiz, ehtiyac içində yaşayan insanlarımız, xəstələr, əlillər və bu kimi digər həssas sosial təbəqələrimiz var ki, büdcədə olacaq ciddi çətinlik onların illərlə stabil vəziyyətdə olan təminatında problemlər yarada bilər. Demək, qaydalara riayət olunması çox həssas məsələdir, ümummilli təhlükəsizlik məsələsidir”.

Dövlətimizin, millətin, dövlətçiliyimizin təhlükəsizliyinin qorunmasının bir nömrəli amala çevrildiyini deyən deputat burada hər bir fərdin üzərinə xüsusi məsuliyyət düşdüyünü, hər kəsin öz əməlinə görə cavabdehlik daşıyacağını vurğulayıb: “Sosial məsuliyyət amili çox ciddi məsələdir. Ona görə bunu bir neçə dəfə önə çəkib vurğulayıram. Çünki cənab Prezidentin rəhbərliyi altında son aylar ərzində xeyli uğurlu işlər görülüb. Hansısa məsuliyyətsiz davranışlara, qanun pozuntularına göz yumulması bu işlərin yenidən sıfırdan başlanmasına səbəb ola bilər. Dünyanın oturuşmuş minillik dövlətçilik təcrübəsi olan, inkişaf etmiş dövlətləri var ki, onlar bizim kimi operativ davranaraq uğurlu iqtisadi-sosial tədbirlər görə bilmədilər, kütləvi yoluxmalar və itkilər isə adi hala çevrildi. Həm sosial şəbəkələrdən, həm də dünya mediasından da gördük ki, bu ölkələrin başına nə müsibətlər gəldi. Bu gün də onların çoxunda ikinci dalğa başlayır, ölkə rəhbərləri qarşısıalınmaz situasiya ilə üz-üzə qalıblar. Ancaq dövlət başçısının ilin əvvəlindən bu sahədə gördüyü çox dəyərli tədbirlər, düşünülmüş müdrik siyasət bizi nisbətən məlum bəlaya düçar olmaqdan xilas etdi. Koronavirusla uğurlu mübarizə tədbirləri bu gün tam gücüylə davam edir. Dünən koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında deyilən sözlər, tapşırıq, tövsiyə və tələblər də millətin, insanlarımızın sağlamlığı, təhlükəsizliyi üçün idi. Prezident dəfələrlə vurğulayıb ki, bizim üçün birinci növbədə insanların təhlükəsiz və sağlam şəkildə yaşamasıdır. Bu mənada vətəndaşlarımız da cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq cənab Prezidentin bu həssas davranış və verdiyi dəyərdən, tapşırıq, tövsiyə və xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Qanunlara hamılıqla əməl etməliyik. Qadağalar boşuna yaranmayıb. Bu, təkcə bir fərdin qorunması üçün yox, bütövlükdə cəmiyyətimizin təhlükəsizliyi üçündür. İnkişaf və dövlətçiliyimizin qorunması bizlərdən asılıdır. Super dövlətlər, ABŞ belə bu gün tam proqnozlar verə bilmir ki, pandemiyada dəymiş iqtisadi ziyanları, geriləmələri hansı müddətə aradan qaldıra biləcəklər. Biz hələ borclanmaya düşməmişik, düşünürəm ki düşməyəcəyik də. Bir daha deyirəm ki, laqeydlik məsuliyyətsizlik və saymamazlığa yol vermək bir fərdin yox, başqa ölkələrdə gördüyümüz kimi on minlərlə insanın fəlakətə düçar olmasına, virusla mübarizənin idarəolunmaz vəziyyətinə səbəb ola bilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Karantin   Koronavirus  





Xəbər lenti