Əlinə silah dəyməyən “döyüşçülər”

Əlinə silah dəyməyən “döyüşçülər”
  24 Sentyabr 2020    Oxunub:2233
Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun yüksəlməsi, insanların dövlətə və orduya dəstək nümayişi bəzi qüvvələrdə ciddi narahatlıq yaratmağa başlayıb. Son günlər Qarabağın işğaldan azad olunması uğrunda müharibə ab-havasına köklənən bir vaxtda marginallar sosial şəbəkələrdə təxribat xarakterli informasiyalar yayır, insanlarda çaşqınlıq yaratmağa və dövlət məmurlarını gözdən salmağa çalışırlar.
Radikalların bu dəfəki hədəfi məmur övladlarıdır. Qaragüruhçular iddia edirlər ki, guya məmur uşaqları səfərbərlik təlimlərindən yayınır, vətən uğrunda döyüşə getmək istəmirlər. Hansı ki, bu cür anormal iddiaları təsdiqləyən bircə dəlil ortaya qoya bilmirlər.

Bəs təxribatçıların məqsədi nədir?

Əlbəttə, belə dezinformasiyaların ortaya atılması təsadüfi deyil. Azərbaycan xalqı üçün həssas dönəmdə pozucu qrupların fəallaşması, məmurların və onların övladlarının hədəf alınması Qarabağ uğrunda canlarından keçməyə hazır olan insanlarda inamsızlıq və ruh düşkünlüyü yaratmağa hesablanıb. Məqsəd gənclərin vətən mübarizəsini əngəlləmək və bununla xalq-iqtidar həmrəyliyinə nifaq salmaqdan ibarətdir. Yalan maşınının işə salınmasının bir səbəbi də budur.

Klaviatura arxasında özlərini "məğlubedilməz döyüşçü" kimi aparan radikalların hansı maraqlara xidmət etdikləri hər kəsə bəllidir. Bu haqda dəfələrlə danışılıb. Onların vətən amilindən necə istifadə etmələrinin də şahidi olmuşuq. Heç uzağa getməyək. İyul döyüşlərini yada salaq. Bakıda minlərlə Azərbaycan övladının toplaşdığı orduya dəstək aksiyasının təxribatla nəticələnməsi, Milli Məclisin qapı-pəncərələrinin qırılması fonunda dövlət çevrilişinə cəhd edilməsi ölkəmizə qarşı hazırlanan çirkin planın tərkib hissəsi idi. İndi “xalq qəhrəmanı” donuna bürünən düşərgə üzvləri həmin vaxt gənclərin vətənpərvərliyindən istifadə edərək onları öz siyasi maraqlarına cəlb etmək üçün ən ağılasığmaz yollara əl atırdılar. Belə qürurlu gündə iyrənc məqsədlərinə çatmayanlar yenidən suları bulandırmaqla cəmiyyətdə dövlətə qarşı aqressiyanın artması üçün dəridən-qabıqdan çıxırlar. Bu mənada məmur övladlarının gündəmə gətirilməsini ölkəmizdə indiyədək görünməmiş vətəndaş birliyini sarsıtmaq planının davamı kimi qiymətləndirmək olar.

Maraqlıdır, “məmur övladı orduya yazılmır” deyənlərin özləri necə döyüşə hazırdırlarmı? Yaxud onların övladları hərbi xidmət keçibmi, cəbhədə qızğın döyüşlər vaxtı nə işlə məşğul olublar?

Götürək bu gün “döyüşə məmur övladı getmir” deyib bağıran troll ordusunun lideri Əli Kərimlinin oğlunu. Londonda ali təhsil almaq adı ilə ölkədən qaçan Türkel Kərimli hərbi xidmətdən yayınıb. Avropada eyş-işrət həyatı yaşayan bala Kərimli nə əsgərlikdə olub, nə də əlinə silah alıb bir gün səngərdə vətənin keşiyində dayanıb. Londonun elit barlarından biədəb görüntüləri yayılan, gününü içki məclislərində keçirən baş müxalifətçinin fərari oğlu nədənsə "Admin heyəti"nin gözünə görünmür. Azğınlaşmış trollarını məmurlar övladlarının üstünə hücuma göndərən və bununla siyasi gündəmi dövlətin əleyhinə yönəltməyə çalışan Kərimli oğlunun fərariliyini yada salsa yaxşı olar. Adama deyərlər, əvvəlcə, fərari oğlunun vətən qarşısında borcunu yerinə yetirməsi üçün ölkəyə gəlməsini və həqiqi hərbi xidmət keçməsini təmin et, ondan sonra kiminsə övladlarından danış...

Övladını xaricə qaçıran radikalların maraqları Qarabağ, vətən, xalq deyil, Avropadır, Qərbdəki ağalarının verdikləri tapşırıqlara uyğun davranmaqdır. İndi zaman dəyişib, heç nə gizlin qalmır. Kimin necə, kimə və harada “xidmət etməsi” daha tez aşkara çıxır. Ona görə də özü hərbi təlimlər görməmiş, övladları əsgərlikdən yayınan qaragüruhçuların vətən mövzusunda danışmağa mənəvi haqları yoxdur. Bununla ürək bulandırmaqdan başqa bir şeyə nail ola bilməyəcəklərini yaxşı bilirlər.

Bu gün hər bir azərbaycanlı əsgərdir, vətənin ən çətin günündə əlinə silah alıb haqq savaşında iştirak etməyə hazırdır. Döyüş əmrini yalnız hərbçilər deyil, hər kəs səbirsizliklə gözləyir. Ölkənin yaşlı vətəndaşlarından tutmuş gənclərədək hamının bir arzusu var. Bu da şanlı zəfər gününü görməkdir. Ali Baş Komandan döyüş əmri versə, şübhəsiz ki, müharibəyə fəhlə də gedəcək, məmur övladı da... Hamı bir nəfər kimi vətən uğrunda döyüşə yollanacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Müxalifət   Müharibə   Döyüş  





Xəbər lenti