İrəvanın İsrailə qarşı səfir oyunu: “Paşinyan həyəcan içində çabalayır”

  İrəvanın İsrailə qarşı səfir oyunu:  “Paşinyan həyəcan içində çabalayır”
  03 Oktyabr 2020    Oxunub:5781
Rəsmi İrəvanın ictimai fikrin çaşdırılması üçün atılan son addımları Azərbaycan-İsrail münasibətlərinə təsir etməyəcək.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistanın İsraildəki səfirini geri çağırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan çox ciddi hərbi-siyasi böhran yaşadığı üçün müxtəlif istiqamətlərdə dezinformasiyalar yayır və bununla beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmağa çalışır.

“Azərbaycan ordusu işğal olunmuş ərazilərdə irəlilədikcə ermənilərin təşvişi və narahatlığı daha da artır. Rəsmi İrəvan vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atır. Bunlardan biri dezinformasiyaların yayılmasıdır. Məsələn, bir neçə gün öncə guya Türkiyənin F-16 təyyarələrinin Ermənistanın SU-25 təyyarəsini vurması ilə bağlı məlumat yaydılar. Bu, ümumi erməni propaqandasının, yalan maşınının tərkib hissəsidir. Hərbi əməliyyatlara tab gətirə bilməyən Paşinyan gah müharibədə Türkiyənin iştirak etdiyini iddia edir, gah da xaricdən muzdlu döyüşçülərin gətirilib döyüşlərə qatıldığını deyir. Yəni zaman –zaman bir çox yalanlar irəli sürürlər. Azərbaycanın İsraildən silah almasına gəldikdə isə bu gizli bir məsələ deyil. Bu barədə hətta rəsmilərimiz də əvvəlki dövrlərdə müəyyən bəyanatlar vermişdilər. İndi yararlandığımız silahlar hazırkı dövrdə yox, bir neçə il əvvəl alınmış silahlardır”.



Azərbaycan ilə İsrail arasında bütün əlaqələrin yüksək səviyyədə olduğunu deyən deputat rəsmi Bakının sözügedən ölkədən silahlar alınmasını heç zaman təkzib etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür hərbi əməkdaşlığın əsası bir neçə il əvvəl qoyulub: “Amma son günlərdə hansısa xüsusi silah-sursatın alınması, daşınması haqqında heç bir rəsmi məlumat yoxdur. Bu, daha çox Ermənistanın İsrail məsələsini dövriyyəyə atmaq məqsədilə ortaya qoyduğu növbəti çirkin siyasi gedişidir. Ermənistan Qarabağ ətrafında baş verən proseslərə beynəlxalq aləmin diqqətini çəkmək istəyir. İndiki Ermənistan rəhbərliyi həyəcan içində çabalayaraq hər yola gedir. Azərbaycana meydan oxuyan, yeddi şərt irəli sürən Paşinyan bu gün təşviş içindədir, sözün həqiqi mənasında başını itirib. Elə beynəlxalq qurum və dövlət başçısı qalmadı ki, ona zəng edib münaqişənin həllinə kömək istəməsin”.

Ceyhun Məmmədovun sözlərinə görə, bu gün bəzi ölkələr var ki, onlar yüksək texnologiyalar və parametrlərlə silahlar istehsal edərək öz məhsullarını ayrı-ayrı dövlətlərə satırlar. Ermənistan da indiyədək müxtəlif ölkələrdən silahlar alıb ki, biz də bu barədə məlumatlı olmuşuq.

Deputat hətta Serbiya və İordaniyadan silah alışı ilə bağlı məsələlərin bir müddət gündəmdə olmasını xatırladıb: “Ermənistanın ortada ciddi fakt olmadığı halda səfiri geri çağırması beynəlxalq aləmin diqqətini çəkməyə hesablanıb. Prosesləri gərginləşdirməyə çalışan erməni tərəfi Türkiyə və İsrail kimi ölkələrin adlarını hallandırmaqla öz auditoriyalarına hesablanmış addımlar atır. Əslində Ermənistan İsraildən səfirin geri çağırılması kimi yersiz addımları ilə özünə zərər vermiş oldu. Rəsmi İrəvanın ictimai fikrin çaşdırılması üçün atılan son addımları Azərbaycan-İsrail münasibətlərinə təsir etməyəcək. Azərbaycan bundan sonra da istədiyi ölkədən silah almaq hüququnu qoruyub saxlayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsrail   DağlıqQarabağ   Ermənistan  





Xəbər lenti