Milli Qəhrəmanın xanımı: “Canımız Vətənə fəda olsun”

Milli Qəhrəmanın xanımı:  “Canımız Vətənə fəda olsun”
  09 Oktyabr 2020    Oxunub:3748
“Arzum işğaldan azad olunan torpaqlarımıza hamıdan əvvəl şəhid ailələrinin ayaq basmasıdır. Ən böyük haqq onlarındır”.
Bunu Azvision.az -a Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova deyib.

Şəhid xanımı bildirib ki, qələbə xəbərlərini sevinc və ümidlə qarşılayır: “Şəhid ailəsi olaraq həm qürurvericidir, həm də məyusedici. Ona görə kədərlənirik ki, bizim yoldaşımız, qəhrəmanlarımız bu gün döyüşmür. Amma fərəhverici hislər yaşayırıq. İnşallah ordumuz axıra kimi gedər, bu qan yerdə qalmaz. Canımız Vətənə fəda olsun. Haqlı yerə döyüşürük. Haqsız olan biz deyilik. Hamımız səfərbərik. Arxa cəbhə kimi dualarımız əsgərlərimizlədir. Hamının ailəsinin, övladlarının gözü yoldadır. Qələbəni qazanıb salamat geri dönsünlər. Arzuları yarı yolda qalmasın.

Ən böyük haqq şəhid ailələrinindir. Arzum işğaldan azad olunan torpaqlarımıza hər kəsdən əvvəl şəhid ailələrinin ayaq basmasıdır. Bu torpaqlara onların atalarının, övladlarının qanı tökülüb. Qələbə xəbərlərini eşitdikcə içimizdəki yaranın bir hissəsi də sağaldı. Kaş, Aprel şəhidləri də bu günü görərdilər. Şəhidlərimizin qisası alındı. Bütün şəhidlərimizin ruhu şad olar ki, müharibə, köçkün həyatı onların övladlarına qalmasın. Uşaqlarımız azad, firavan Azərbaycanda yaşayacaqlar”.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Samidİmanov   şəhid  





Xəbər lenti