Paşinyanın sərsəm ideyası - “Hünəri çatırsa, bu addımı atsın”

Paşinyanın sərsəm ideyası  - “Hünəri çatırsa, bu addımı atsın”
  16 Oktyabr 2020    Oxunub:3571
Ermənistan rəhbərliyi hərbi məğlubiyyətlərini həzm edə bilmir. Nikol Paşinyanın status-kvonun davam edəcəyi ilə bağlı xəyallarını məhv edən Azərbaycan iki həftəyə “məğlubedilməz” erməni ordusu mifini darmadağın etdi. Bütün bu hadisələrin fonunda çarəsiz durumda qalan erməni baş nazir indi var gücünü Dağlıq Qarabağın müstəqilliyinin tanınması kimi sərsəm işə həsr edir.
Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda bunu başqa ölkələrdən tələb etməyə, yalvarmağa başlayıb. Bundan başqa, Paşinyana Qarabağın müstəqilliyinin tanınması ilə bağlı daxili təzyiqlər də artıb. Tələb isə birdir - Ermənistan da Qarabağın müstəqilliyini tanısın…

Maraqlıdır, bir dəfə “Qarabağ Ermənistandır” deməklə ciddi siyasi səhv buraxan və hazırkı situasiyanın yaranmasına səbəb olan Paşinyan təzyiqlərə tab gətirə biləcəkmi? Əgər Qarabağın müstəqilliyi tanınarsa, bundan sonra hansı proseslər baş verəcək?

Məsələni Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması istənilən ölkə üçün böyük diplomatik səhv olar. Paşinyan Ermənistanı Qarabağın müstəqilliyini tanıyan ölkəyə çevirsə, bununla müharibə İrəvan üçün daha ağır nəticələrə səbəb olacaq:

“Ümumiyyətlə, bu bir reallıqdır ki, Ermənistanın dövlət kimi yaradılması bölgədə Türkiyə və Azərbaycana qarşı yönəlmiş layihə olub. Hələ bir əsr əvvəl ermənilərin havadarları onlara Qafqazda dağıdıcı rol müəyyən ediblər. İndidə də həmin rolu ifa edirlər. Hazırda Qarabağ bölgəsində 30 ildən sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatları gedir. Belə vəziyyətdə Paşinyan “Tvitter” hesabında Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin məsələsini gündəmə daşıdı. Aşkar şəkildə Gürcüstana da ərazi iddialarını göstərdilər. O, bu jesti ilə bildirir ki, Gürcüstan ermənilərinin də durumunu dəyişməli, Cavaxetiya muxtariyyət almalıdır və s. Bu nədən xəbər verir?

Bir yandan Azərbaycan, digər yandan demək olar ki, münasibətlər qurmadığı Türkiyə, indi də Gürcüstanı düşmənlər sırasına qatmaqda bəzi məqsədlər var. Ermənistan bölgədə həyati əhəmiyyətli layihələrin qarşısını almaq istəyir. Cənubi Qafqazda Azərbaycanı gücləndirən çox mühüm enerji, nəqliyyat və kommunikasiya layihələri var. Bu layihələr üç ölkənin hər birinin strateji maraqlarına xidmət edir. Bu yalnız bizə deyil, tərəfdaş ölkələrə də dividend gətirir. Ermənistan daim bu bölgəni gərginlikdə saxlamağa çalışır. Ona görə də bir müharibə bitməmiş Dağlıq Qarabağın tanınması ilə bağlı sərsəm ideyanı reallaşdırmaq ikinci böyük və genişmiqyaslı müharibəni başlatmaq deməkdir”.

Politoloq deyir ki, ermənilərin bəzi ölkələrin Qarabağın müstəqilliyini tanıyacaqları ilə bağlı böyük ümidləri var idi. Paşinyan hökuməti gözləyirdi ki, havadarlardan və ya istənilən ölkədən biri bu müstəqilliyi tanısa, deməli Azərbaycan da bununla barışmalı olacaq:

“Əslində biz gördük ki, Azərbaycanın bu cəhdlərə çağırışlara olan cavabı, planı tam başqa və tutarlı oldu. İndi dünya o planın bütün konturlarını sezir. Özü də planlarımız çox sağlamdır. Bizim hərəkətlərimiz dünya birliyinin təsis etdiyi, yaratdığı qanunların tələblərinə tam uyğundur. Əgər hansısa ölkələr oxşar problemlər zamanı dünya nizamını, qanunvericilik aktları və normalarını, konvensiyaların tələblərini dağıdırlarsa, Azərbaycan bu konvensiyaların ruhunda, çərçivəsində öz hərəkətlərini tənzimləyir və həyata keçirir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Buna dünya etiraz edə bilmir. Amma Ermənistan isə çalışır ki, hazırkı ağır situasiyanı daha da ağırlaşdırsın. Paşinyan prosesləri pisdən daha çox pisə doğru aparır. Nikol ötən il demişdi ki, “Qarabağ Ermənistandır”. Bununla da ona qədərki dövrdə danışıqlar prosesində əldə olunmuş kiçik nəticələrin hamısını yerə vurdu. İndi isə çalışır ki, siyasi demoqogiyanı yenidən gücləndirsin.

Cəfəng dolu təbliğatlara başlayıb, Guya “Dağlıq Qarabağ xalqı”nın özünün azadlıq əzmi var, onlar öz müstəqilliklərini, müqəddəratlarını müəyyən etmək istəyirlər. Ancaq Azərbaycan Ordusu Dağlıq Qarabağın yerləşdiyi ərazilərimizə girməklə cəfəng ideyaları darmadağın edir. Biz görürük ki, bunların illər boyu haqqında danışdıqları “demokratiya” hərbi zonanın yaradılması demək imiş. İstehkamlar, dağlardakı tunellər, onların içində gizlədilən və pulsuz əldə edilmiş bahalı tanklar, güzəştlə alınan zirehli texnika, silah-sursatlar gizli kommunikasiyalar və s. bölgəni təhlükə mənbəyinə çevirib. Budur bunların demokratiyası”.

Tofiq Abbasov vurğulayıb ki, “müstəqillik sevdası”na düşən ermənilərə bu hərbi ifrastruktu yaratmaqda kömək olan Fransa və digər tərəfdaşları yardım edə bilməyəcəklər:

“Hərbi məsələlərə milyardlarla pul xərclənib. Dağıdıcı infrastrukturu inşa etməkdən ötrü min cür yola əl atıblar. Hər kəsə bəlli oldu ki, bu məsələlər təkbaşına reallaşmayıb. Xarici dövlətlərin şirkətləri, ilk növbədə fransızlar bu işlərdə fəal olub. Demokratik prinsiplər adı altında "müqəddəratı həlletmə" adı altında etdikləri az deyildi, indi də dünyadan müstəqilliyin tanınmasını istəyirlər?

Sadəcə olaraq indi “Azad Qarabağ” layihəsi adı altında dünyanın başını qatırlar, regionu isə daha böyük qan çanağına çevirirlər”. Politoloq onu da qeyd edib ki, Qarabağın tanınması ilə bağlı gələn mesajlar ciddi məsələlər olsa da, buna gedəcək ilk ölkə çox ciddi siyasi səhv buraxacaq. Prezident bu məsələyə tutarlı cavab verib ki, hər hansısa bir ölkə belə addım atsa, biz onunla dərhal münasibətləri kəsəcəyik:

“İndi kiminsə hünəri çatsa, bu səhvi buraxsın. Ermənistan belə indiki vəziyətdə bu cür anormal addıma hünər etməz. Ortaya konkret mövqe qoyulub ki, işğalda olan torpaqlar azad edilməli, hərbi infrastrukturlardan təmizlənməli, həyat normala dönməlidir. Biz bir dəfə xarabaya dönmüş tarixi torpaqlarımızda həyatın qayıtmasını görmüşük. Ortada Cocuq Mərcanlı misalı var. Cocuq Mərcanlıya azərbaycanlılar qayıtdılar və özləri ilə isti nəfəs gətirdilər. Digər torpaqlarımızda da Cocuq Mərcanlıda gedən proseslər getməlidir, gedəcək də. Ermənistan hərbi-kriminal rəhbərliyinin və ümumilikdə cəmiyyətinin hünəri çatırsa, bu proseslərin fonunda müstəqillik nağıllarını reallaşdırsınlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti