“Ermənistan elə bilməsin ki, hara istəsə raket ata bilər”

“Ermənistan elə bilməsin ki, hara istəsə raket ata bilər”
  16 Oktyabr 2020    Oxunub:3570
Xəbər verdiyimiz kimi, bu gün saat 10:44-də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a açıqlamasında bildirib ki, düşmən tərəfi Naxçıvan ərazisinə raket atmaqla münaqişənin əhatə dairəsini genişləndirmək istəyir.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın oxşar addım atması üçün təxribatlar törədir: "Naxçıvana atılan raket xoşbəxtlikdən boş əraziyə düşüb və xəsarət alan olmayıb. Bildiyimə görə, "Smerç" raketi atılıb. Bu düşmənin özünəməxsus məqsədidir. Azərbaycan Xarici İşlər Nazirliyinin vasitəsilə onların havadarlarına, ATƏT-in Minsk qrupuna və digər qurumlara bununla əlaqədar faktlar göndərməklə xəbərdarlıq edilir. Əgər hücumlar davam edərsə, legitim hərbi obyekt kimi hədəfə götürülüb, düşmənə cavab atəşi açılacaq. Ermənistan elə bilməsin ki, öz ərazisindən hara istəsə raket ata bilər. Azərbaycan onu cavabsız qoymayacaq. Sadəcə müəyyən prosedurlar var. Bu məsələlər hüquqi səviyyədə həll olunandan sonra Azərbaycan öz cavabını verəcək".



Ş.Ramaldanov qeyd edib ki, düşmənin münaqişənin coğrafiyasını genişləndirməklə yanaşı digər məqsədi də var: "Onlar Azərbaycanın cavab atəşi açmasını gözləyirlər. Çalışırlar ki, Ermənistanın dövlət sərhədi pozulmuş kimi dünyaya təqdim edilsin. Bununla bağlı müəyyən işlər aparılır ki, risk aradan götürülsün. Ya da onlara təzyiq göstərilsin və Ermənistan ərazisindən Azərbaycana atəş vasitələrindən istifadə etməsinlər".



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Düşmən   Raket   Naxçıvan   Ekspert  





Xəbər lenti