"Televiziyalarımıza qarşı iradlar haqsızdır" - Turan İbrahimov

"Televiziyalarımıza qarşı iradlar haqsızdır" -    Turan İbrahimov
  17 Oktyabr 2020    Oxunub:3437
Tanınmış jurnalist-aparıcı Turan İbrahimov Gəncə hadisələrinin işıqlandırılması fonunda televiziyalarımız haqqında səslənən iradlarla bağlı mövqeyini açıqlayıb: “Düşünürəm, bu məsələyə kimsə izahat verməlidir. Amma qərəz və küskünlük bir çoxlarının önünü kəsdiyi üçün, peşəkarlarımız susurlar. Odur ki, kənarda duran və kənardan baxan, həm də qərəzli olmayan birisi kimi mümkün qədər izah edim”.
Onun sözlərinə görə, hazırda cəbhədə gedən prosesin bir qanadı da informasiya sahəsidir, mediadır: “Həm sosial şəbəkələrdə, həm də ənənəvi mediada olduqca peşəkar, fədakar insanlar gözlərinin nurunu fəda edirlər. Əslində hər kəs vətən üçün, qələbə üçün çalışır. Heç kim təşəkkür də gözləmir, mükafat da. Yerli televiziyalarımız da var gücü ilə çalışırlar.

Hazırda, xüsusilə də Gəncəyə son terror hücumundan sonra yerli TV- lərimiz çoxlu tənqid olunur. Türkiyə TV-ləri ilə müqayisə edilir. Əvvəla onu deyim ki, bunu edən əksər şəxslər - dostlarımız, həmkarlarımız əsasən şəxsi inciklikləri və küskünlükləri, bir qədər də məlumatsızlıqları səbəbilə edirlər. Bu da doğru mənzərə yaratmır. İndiki halda ümumi işimizə kölgə salır. Çünki hazırda informasiya siyasəti və media üzrə informasiyanın bölünməsi məhz dövlətin müəyyən etdiyi informasiya strategiyasının nəticəsidir. Hər şey plan üzrədir. Və diqqətli, peşəkar baxışlar bunun nə qədər uğurlu olduğunu anlayır”.

O, xatırladıb ki, bir müddət əvvəl Azərbaycandan prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib, görüşlər keçirib: “Azərbaycanla Türkiyə arasında VAHD MEDİA PLATFORMASININ yaradıldığı elan edildi. Hazırda bütün informasiya siyasəti o platforma üzərindən koordinasiya edilir. Bir çox hallarda Türkiyə TV-lərinin ön plana çıxması məhz bununla izah olunmalıdır. Məqsəd də müharibə şəraitində, hərbi vəziyyət dövründə daxili və xarici auditoriyanın prioritetlərini müəyyən edib, düzgün və effektiv ictimai rəy formalaşdırmaqdır. Əsas məqsəd ondan ibarətdir ki, daxili auditoriyaya məlumatları çatdıranda ümumi ruh yüksəkliyinə xələl gətirilməsin, xarici auditoriyaya isə baş verənlər elə çatdırılsın ki, düşmən tərəfi ifşa edib, demoralizasiyasını sürətləndirsin. Həm də beynəlxalq ictimai-rəyi öz tərəfimizə çəkmək əsas məqsəddir. Bu prosesi Prezidentin xarici KİV-lərə mütəmadi müsahibələri və xalqa canlı müraciətləri prizmasından da rahat anlamaq mümkündür. Hər şey peşəkarca qurulub, gözəl də idarə olunur”.

Turan İbrahimov vurğulayıb ki, Gəncəyə son terror hücumundan həmən sonra, 15-20 dəqiqə içərisində İTV və Real TV hadisə yerindən canlı bağlantı edib:
- İTV Türkiyə TV-lərindən zərrə qədər də olsa, geri qalmayan peşəkarlıq ortaya qoydu. Sonradan digər yerli TV- lər də hadisə yerindən materiallar verdi. Nəzərə alaq ki, hazırkı reallıq yerli jurnalistikamız üçün yenilikdir, həmkarlarımız praktikanı da fədakarlıqla indi qazanırlar. Onları PKK ilə mübarizədə, İraqda, Suriyada, Liviyada, hətta ondan öncə, 90-cı illərin əvvəllərindən Balkanlarda və Çeçenistanda təcrübə qazanmış peşəkarlarla müqaisə etmək insafsızlıqdır. Hər kəs bilməlidir ki, hazırda Türkiyə və yerli TV-lər anlayışı yoxdur. Hər şey vahid media platforması çərçivəsində plan üzrə həyata keçirilir. Hər media qurumunun öz missiyası, öz taktiki hədəfi var. Bu səbəbdən də yersiz iradlar, yersiz rəy və mənasız gündəm yaratma cəhdləri qətiyyən doğru deyil. Hamımız bir amal üçün çalışırıq və çalışmalıyıq. Vətən üçün, Qələbə üçün, Qarabağın Azərbaycan olduğunu sübut etmək üçün!

Azvision.az



Teqlər: Media   İnformasiya-müharibəsi  





Xəbər lenti