İsmayıllıdan olan məşhurlar – TANIYAQ! - FOTOLAR

  03 Fevral 2014    Oxunub : 13472
İsmayıllıdan olan məşhurlar – TANIYAQ! - FOTOLAR
Azərbaycanın hər bir bölgəsi özünəməxsusluğu ilə seçilir. İstər rəngarəng təbiəti, istər insanları, istərsə də yaşam tərzi ilə…Eyni zamanda hər bir bölgəmiz ölkədə müxtəlif sahələrdə çalışıb, yaradan, böyük uğurlar əldə edən insanların diyarıdır. Hansı ki, bizi dünyada tanıdan, eləcə də ölkədə ən önəmli postları tutan, elmə, mədəniyyətimizə faydalar verən bu insanlar kökləri ilə buralara bağlıdır və bir damla qanında belə bu yerlərin cizgisini gəzdirir.

AzVision.az yeni “Tanıyaq!” adlı layihəyə start verir. Layihə çərçivəsində oxucularımıza rayonlardan olan məşhurlar, tanınmış simalar haqda maraqlı məlumatlar verib, onlar haqda bilmədiyimiz xəbərləri sizinlə bölüşəcəyik.

İlk başladığımız rayon isə hamımızın təbiətinə xüsusi vurğunu olduğumuz İsmayıllıdır.

Maraqlıdır məşhur, tanınmış azərbaycanlılardan kimlər İsmayıllıdandır?

Tofiq Kazım oğlu İsmayılovdan başlayaq. Akademik, Azərbaycan Respublikasının ilk dövlət katibi Tofiq İsmayılov Bakı şəhərində anadan olsa da əslən İsmayıllıdandır.

O, 1991- ci ilin sentyabr ayında Azərbaycanın ilk Dövlət Katibi vəzifəsinə təyinat alıb. Tofiq İsmayılov elə həmin il noyabrın 20-də Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli şəkildə həlak olub. Onunla birlikdə vətənimizin digər say seçmə oğulları da məlum faciənin qurbanı olublar.

Tofiq İsmayılovdan danışarkən onunla bağlı maraqlı bir etüdü yazmaqdan vaz keçə bilməzdik.

1990- cı ilin 20 yanvarında Sovet ordusu Bakıda dinc sakinlərimizi güllə baran etdikdən sonra SSRİ Xalq Deputatları Qurultayında deputat Vəli Məmmədov 20 yanvar hadisəsini yada salarkən M.S. Qorboçov onu lağa qoyaraq tribunadan geri qaytarıb. Bu zaman qəzəbdən titrəyən T. İsmayılov sərt addımlarla tribunaya qalxaraq, 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətləyib və hamıya bu qırğında həlak olmuş insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif edib. Hamı ayağa qalxıb. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M. S. Qorboçov ayağa qalxmağa, günahsız şəhidlərimizin ruhunu yad etməyə məcbur olub. O, SSRİ kimi nəhəng dövlətin rəhbərini öz qanlı cinayətinin etirafı kimi ayağa qalxmağa məcbur edib.

Azərbaycan sovet nəsrinin banisi, “Tamaşa qarının nəvələri ” povestinin və digər əsərlərin müəllifi kimi tanınan xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin də adı bu sıralarda qeyd olunmalıdır.

O, İsmayıllının Basqal kəndində anadan olub. Xalq yazıçısı və jurnalist Əbülhəsən Ələkbərzadə 1986-cı ildə vəfat edib . Bakı küçələrindən biri onun adını daşıyır. Qeyd edək ki, müğənni Sevda və Elmira Ələkbərzadə bacıları onun nəvələridir.
İsmayıllını tək yazıçıları ilə deyil, həm də alimləri ilə xatırlamaq olar.

Akademik, alim Soltan Mehdiyev, həmçinin böyük Azərbaycan şərqşünası, dilçi-ədəbiyyatşünas, əruzşünas, şair və tərcüməçi Əkrəm Cəfər də bu torpağın yetişdirmələrindən olub. Əruzşünaslıq sahəsində silsilə əsərləri ilə yanaşı , 20 illik gərgin axtarışlarının məhsulu olan və alimlər arasında “əruz elminin quranı” adlandırılan “Əruz nəzəri əsasları və Azərbaycan əruzu” adlı ensiklopedik monoqrafiyası ona dünya şöhrəti gətirib. Bu dahiyanə əsərin bir nüsxəsi təxminən 22 il bundan öncə İngiltərə kraliçası 2- ci Yelizavettanın SSR Elmlər Akademiyasına ünvanladığı xüsusi məktubundakı xahişinə əsasən Oksford şəhərinə göndərilib və oranın məşhur “Bodlean” kitabxanasında saxlanılır.

Haqqında söhbət açacağımız digər məşhur ismayıllılı isə görkəmli alim , professor Maqsud Əlisimran oğlu Cavadov Azərbaycanın görkəmli riyaziyyatçısı və astranomu Nəsrəddin Tusidən sonra Azərbaycan riyaziyyat tarixində ikinci həndəsəçi kimi tanınıb.

Məşhur “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” adlı əsərin müəllifi görkəmli alim və yazıçı Manaf Süleymanov da qanı və canı ilə İsmayıllı torpağına bağlıdır.

Azərbaycan Respublikası prezidentinin 2002-ci il Fərmanı əsasında “tərəqqi” medalı ilə təltif olunan professor geolog Ədhəm Mahmudovun da adını ismayıllılar sırasında qeyd etmək lazımdır.

Görkəmli şairimiz Musa Yaqub İsmayıllının çox tanınmış simasıdır,desək yanılmarıq.

İncəsənət , mədəniyyət və poeziya aləminə şair, kinodramaturq, tərcüməçi, yazıçı və ictimai xadim kimi daxil olmuş İsmayıllının Mollaisaqlı kəndində dünyaya gələn şair Baba Vəziroğlunun geniş təqdimata ehtiyacı yoxdur. Baba Vəziroğlunun yazdığı sözlərə tez -tez mahnılar bəstələyən millət vəkili Novruz Aslan da bu torpağın yetirməsidir.

Baba Vəziroğlunun qardaşı Anar Vəziroğlu publisist, yazar jurnalist kimi məşhurdur.

Yazıçı, jurnalist Çingiz Əbülhəsənoğlu ƏləkbərzadəBakı şəhərində anadan olsa da əslən İsamyıllı rayonundandır.

Yaqub Mehdiyev məhz rənglərin “dilini” bilən, onları “danışdıran” sənətkarlardandır. Bakıda anadan olsa da əslən İsmayıllıdandır. Y. Mehdiyevin ən böyük əsərləri sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının üzərində olan “Vulkan “ adlı mozaik əsər, 1-ci mikrarayonda “uşaq meydançası”, Naxçıvanda “Nəqşi- Cahan” mozaikaları,Sumqayıtda “Şəhidlər Xiyabanı” adlanan əsərləridir.

Y. Mehdiyev həmçinin 1991-94 -cü illərdə Azərbaycan dövlət Musiqili Teatrı üçün dünyada analoqu olmayan 150 kv.metrlik xalça pərdənin müəllifidir.
Təsadüfi deyil ki, 1992-ci ildə Turqut Özalın həyat yoldaşı Səmra Özal oğluna toy hədiyyəsi üçün iyirmi yeddi təşkilatın hazırladığı hədiyyə içərisindən məhz Y. Mehdiyevin xırda ölçülü miniatür mozaikadan hazırlanmış əsərini seçib götürüb. 1991-ci ildə beş nazirliyin hazırladığı 20 Yanvar şəhidlərinə həsr olunmuş müsabiqənin qalibi kimi qazandığı diplom ən qiymətli mükafatlardan biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru olan Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub.

İsmayıllılar idman sahəsində də fərqlənib. İsmayıllıda doğulub boya başa çatan Namiq Nəcəfov isə 2003- cü ildə ağır atletika ürə “Beynalxalq dərəcəli hakim” adını alıb.

Bu torpağın daha bir övladı Rəşad Hüseynov Azad Azərbaycan televiziyasının “Xəbərlər” redaksiyasında redaktor vəzifəsində çalışıb. 2005-ci ilin mart ayından isə Rəşad Hüseynov İsrailin Azərbaycandakı Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin direktoru və Səfirin Siyasi Məsələr üzrə Müşaviri vəzifəsində çalışıb. O, hazırda ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəridir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Aslanov da İsmayıllı rayonunda anadan olub.

Siyasətçi, general Vidadi Mirkamal Gəncə şəhərində doğulsa da əslən İsmayıllı rayonundandır. O,Azərbaycanın tanınmış üləmması və ictimai xadimi dövrünün tanınmış seyidi Hacı Mir Kamal ağanın nəticəsidir. O da ulu babası kimi Azərbaycanın tanınmış şəxsiyyətlərindən biridir. 1992-2000-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini, Təsərrüfat Mübahisələrinin Həlli üzrə Kollegiyasının sədri olub. 2004-cü ildən Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədridir. Ədliyyə generalıdır.

Respublika Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Rəsul Səfərov İsmayıllının Gəraybəyli kəndində anadan olub. O , Azərbaycan respublikasının Ədliyyə Nazirliyinin fəxri fərmanı və bir neçə medala təltif olunub. Rasim İsgəndərov, Sahibxan Mirzəyev 2000-ci ildə test imtahanlarından müvəffəqiyyətlə keçərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan respublikası Hərbi Məhkəməsinin hakimi seçilib.
Telejurnalist Ayaz Mirzəyevİsmayıllı rayonundandır. O Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin nəvəsidir. Babası 1987-ci ildə iyun ayında vəfat edib, Bakıda fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın daha bir Milli Qəhrəmanı Ərəstun İsfəndiyar oğlu Mahmudov İsmayıllının Pirəbilqasım kəndində dünyaya göz açıb.

“Mixaylo” adlandırılan Milli Qəhrəmanımız Mehdi Yusif oğlu Abbasov isə Ermənistanın Amasiya rayonunda dünyaya göz açsa da 1991-ci ildə ailəsi birdəfəlik olaraq İsmayıllı rayonuna pənah gətiriblər.

Nəinki, adı Azərbaycanda, hətta Rusiyada belə dillər əzbəri olan “AST Şirkətlər Qrupu” nun prezidenti , tanınmış mesenat və xeyriyyəçi Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə anadan olub, əslən İsmayıllı rayonunun Mücühhəftəran kəndindəndir. Valideyinləri həmin kənddə yaşamış, Böyük Vətən Müharibəsindən Sonra əvvəlcə Göyçaya, sonra Bakıya köçüblər. Səkkiz qardaş və və 4 bacı olan ailədə Telman 10-cu uşaqdır. 1985-ci ildən Moskvada yaşayır.

Müsavat Partiyasının mətbuat katibi Mehman Cavadoğlu da İsmayıllılıdır.

İsmayıllı həmçinin tanınmış jurnalistləri ilə də yadda qalır. Telejurnalist İntiqam Mehdiyev , "Turkel” tv-yə yeni icraçı direktoru təyin olunan Nadir Şəfiyev, Xətayi Əzizov , Anar Rüstəmov mətbuatımızın tanınmış jurnalistləridirlər.

Müğənni və peşəkar aktrisa Sahibə Abdullayeva da İsmayıllı rayonun Bağəli kəndində, həmçinin əməkdar artist müğənni Kəmalə Rəhimli isə İsmayıllının Qalakəndində dünyaya göz açıb . Bu torpağın tanınmışları sırasında istedadlı söz ustası , el şənliklərinin mahir aparıcısı , şeir və sözümüzün təbliğatçısı Pünhan İsayev (İsmayıllı) da göstərmək olar.

2005-2006-cı illərdə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik həsr olunmuş muğam müsabiqəsinin qalibləri olan Bəyimxanım Mirzəyeva və Aytən Məhərrəmova da İsmayıllı torpağının yetirmələridir.

Və nəhayət sonda onu da qeyd edə bilərik ki, tanınmış ziyalı, rayonun hazırki icra başçısı Mirdamət Sadıqovun da adı İsmayıllının tarixə düşən simalarındandır.

Şahanə RƏHİMLİ

Foto


Teqlər: