Leyla Yunusun `kitabı` bağlandı

Leyla Yunusun `kitabı` bağlandı
  04 Fevral 2014    Oxunub:1047
Azərbaycanın bir sıra tanınmış hüquq müdafiəçiləri Strasburq səfərindən qayıdıb.
Avropa Şurasının dəvəti ilə baş tutan görüşlər zamanı bir sıra diqqət çəkən görüşlər keçirilib, bəzi məsələlərə aydınlıq gətirilib. Bu haqda Bakupost.az-a hüquq müdafiəçisi, Milli Məclis üzvü Çingiz Qənizadə açıqlama verib:

- Bildiyimiz qədər, səfərin məqsədi siyasi məhbus məsələsinə aydınlıq gətirmək idi?

- Əsas məqsəd Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etmək idi. Səfər zamanı Avropa Şurasının insan haqları üzrə komissarı ilə görüşdük. Avropa Şurasının baş katibinin siyasi məsələlər üzrə departament rəhbəri, Monitorinq Komitəsinin üzvləri və bir neçə digər komitə rəhbərləri ilə diskussiyalarımız oldu. Görüşlər zamanı son vaxtlar ölkədəki dini radikalizmin inkişafı ilə bağlı Avropa Şurasını narahat edən məsələlər barədə danışdıq. Həmçinin, bəzi şəxslər, konkret olaraq Leyla Yunus tərəfindən Avropa Şurasında göndərilmiş 140 nəfərlik siyasi məhbus siyahısı ilə bağlı müzakirələr aparıldı. Bu məsələ ilə bağlı Azərbaycandan gedən hüquq müdafiəçiləri, təmsil etdiyimiz Monitorinq Qrupu öz mövqeyini ortaya qoydu.

- Bu mövqe nədən ibarət idi?

- Təbii, biz bu siyahı ilə razılaşa bilməzdik. Ən azından ona görə ki, siyahının yarısı – 70 nəfəri radikal dini cərəyan üzvləri idi. Burada həm də “Sadval” terror təşkilatının xətti ilə Azərbaycanda metro partladan şəxslər də vardı. Siyahıda dələduzların da sayı çoxdur. Biz də öz mövqeyimizi əsaslandırdıq, siyahının həddən artıq şişirdildiyini və həqiqətə uyğun olmadığını dedik. Aydın məsələdir ki, bu siyahı kimlərinsə şəxsi və digər maraqları nəticəsində ortaya çıxıb. Öz növbəsində Avropa Şurası rəsmiləri bir daha qeyd etdilər ki, hüquq müdafiəçiləri hansısa qurumun təsiri altındadırsa, onların hazırladığı sənəd ciddi qəbul oluna bilməz. Avropa Şurası üçün sənəd hazırlayan şəxs, təşkilat tam müstəqil olmalıdır. Leyla Yunus isə Milli Şurada təmsil olunur, öz ofisində bu təşkilatın tədbirlərini keçirir, partiyalar kimi siyasi bəyanatlar verir. Bunlar hüquq müdafiəsindən kənar fəaliyyətlərdir və ciddi qəbul oluna bilməz.

- Onda demək olarmı ki, beynəlxalq təşkilatlar, ən azından Avropa Şurası qarşısında Leyla Yunusun siyasi məhbus siyahısı məsələsi birdəfəlik qapandı?

- Bağlandı, siyahı qəbul olunmayıb və oluna da bilməz. Digər tərəfdən, Prezident İlham Əliyev Belçikadakı səfəri zamanı bildirmişdi ki, Avropa Şurası insan hüquqlarının pozulması ilə bağlı kriteriyaları müəyyən etməlidir. Biz də bu fikirdəyik ki, Avropa Şurası yekdil bir meyar müəyyən etsə, Azərbaycan tərəfi də müəyyən adamlarla bağlı məsələni qiymətləndirə bilər. Eyni zamanda, müzakirələr zamanı digər maraqlı bir məsələ ortaya çıxdı. Vaxtilə problemli məhbuslar vardı ki, hökumət onları siyasi məhbus kimi qəbul etmirdi, hüquq müdafiəçiləri isə əksini iddia edirdi. Avropa Şurasında bu adamlarla işləyən işçi qrupun yenidən fəaliyyətini bərpa etməsi təşəbbüsü irəli sürüldü. Belə fikirlər səsləndi ki, əgər işçi qrup öz fəaliyyətini bərpa etsə, onda məhbuslarla bağlı məsələ ölkə daxilində həll olunar, heç beynəlxalq aləmə çıxmaz. Biz də bu təklifi dəstəkləyirik.

AzVision.az


Teqlər:  





Xəbər lenti