“İcazə versələr, elə bu gün Qubadlıya gedərəm” - Hicran Hüseynova

  27 Oktyabr 2020    Oxunub : 4890
 “İcazə versələr, elə bu gün Qubadlıya gedərəm” -  Hicran Hüseynova
“Mənə icazə versələr, mən elə bu gün Qubadlıya gedərəm. O torpaqdan götürüb atamın, anamın, yaxınlarımın qəbrinə səpərəm ki, ruhları şad olsun”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova deyib.

Müzəffər Ordumuzun qələbələrindən danışan H.Hüseynovanın sözlərinə görə, Ali Baş Komandanın yorulmaz fəaliyyəti, güclü iradəsinin nəticəsidir ki, Qarabağ torpaqları işğaldan azad olunur.

“Bu yolda şəhidlərimiz də var. Onların analarının qarşısında baş əyirik və çox sağ ol deyirik ki, belə oğullar böyüdüblər. Rəhmət diləyirik. Şəhidlərimizin torpağa düşən qanı Qarabağın yenidən Azərbaycana qayıtmasının bəxş etdiyi hədiyyə kimidir. Ömürlük olaraq bu oğulların ailələrinə borclu qalacağıq. Atasız, qardaşsız qalan ailələrə minnətdar olacağıq. İşğaldan azad olunan torpaqlarımıza baxırıq, 30 ildə bunlar bizim torpağımızı nə vəziyyətə qoyublar. Qarabağ kimi cənnəti nə günə saldılar. Əlbəttə, hamısı bərpa olunacaq. Prezident dəfələrlə deyib. Bunu etməyə gücümüz var.

Uşaqlığımda bir neçə dəfə Qubadlıda, Şuşada, Zəngilanda, Ağdamda olmuşam. Yadigar qalan xatirələrim var. Atam və anam Qubadlıda anadan olub. Babamla nənəmin qəbri orada qalıb. Allah bilir, nə günə salıblar. Daşı daş üstündə qoymayıblar. Hamısını oğurlayıb aparıblar.

Mənə icazə versələr, elə bu gün Qubadlıya gedərəm. O torpaqdan götürüb atamın, anamın, yaxınlarımın qəbrinə səpərəm ki, ruhları şad olsun. Ailəmiz Qubadlının Çərəli kəndindəndir. Çiyələk sözündən yaranıb. Atam görkəmli ictimai-siyasi və dövlət xadimi Kamran Hüseynov danışardı ki, Hafiz dağınının o hissəsi yazda çiçəklənirdi. Çiyələklərin iyindən dayanmaq mümkün deyildi. Hətta o dağa həsr etdiyi şeiri də vardı. Bəlkə də dünyada Qarabağ kimi ikinci gözəl yer yoxdur. Oranı bir yumruq kimi birləşib cənnətə çevirəcəyik”.

Hicran Hüseynova Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərə görə beynəlxalq ədalət məhkəməsində cavab verəcəyini söyləyib.

“Bir çox müharibələr haqqında oxumuşuq. Amma belə faşistlik görməmişik. Ermənilərə bir çox tələblər olacaq. Dinc əhalinin öldürülməsi, etnik təmizləmə, Xocalı soyqırımı, Azərbaycanın iqtisadiyyatına, mənəviyyatına vurulan zərbələr kimi faktlar açıqlanmalı, protokallaşmalı və beynəlxalq məhkəməyə müraciət etməliyik. Ermənistan ömürlük bizə borclu qalacaq.

Bir çoxları sual verirdi ki, Azərbaycan silah alır, orduya diqqət var. Bu nə üçün lazımdır? Bax bu gün üçün lazım idi. Prezident bir tərəfdən iqtisadiyyatımızı gücləndirirdi, digər tərəfdən bunu qorumaq üçün güclü ordu yaratdı. Görün bir milyon qaçqınımız ola-ola, torpaqlarımızın işğal vəziyyətində hansı səviyyəyə gəlib çatmışıq. Ermənistan isə vassal, ondan-bundan pul yalvaran dövlətdir. Diasporaları uzun müddətdir ki, bunlara pul köçürüb, dəstək verib. Və bunlar qorxur ki, sabah soruşacaqlar o pullar hanı? Pullar isə yeyilib, ölkəyə sərf olunmayıb. Rəhbərlər öz əhalisinə, milllətinə xəyanət edib, uzun müddət onları aldadıb. Bu gün də aldadırlar. Dəhşətə bax ki, qadınları, uşaqları qabağa verirlər. Ermənistanın genafondu yox olur. 2 milyon yarım əhalisi var, müharibədə də nə qədər itkiləri olub. Paşinyan erməni xalqınının genafondunu məhv edir. Ermənistan da bunların doğma torpağı deyil. Onların ora bağlılığı yoxdur. Bütün dünyaya səpələnirlər, amma Ermənistana qayıtmaq istəmirlər.

UNİCEF və digər təşkilatlar bizə uşaq hüquqları ilə bağlı iradalar tuturlar. Bəs niyə beynəlxalq təşkilatlar bunların bizim uşaqları öldürdüyünə görə sanksiya tətbiq etmir. Deməli, siz burada ikili standartlara yol verirsiniz. Səbəb isə birdir. Heç kim müstəqil, güclü Azərbaycanı qəbul etmək istəmir. Xarici jurnalistlər görün Prezidentə hansı formada qərəzli suallar verirlər. Ancaq Prezidentimiz hamını yerinə oturdur”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: HicranHüseynova