Ermənilər haqqı deyənləri hər yerdə terrorla hədələyir
Xatırladaq ki, bir müddət əvvəl Fransanın TF1 televiziya kanalının əməkdaşları Azərbaycana gələrək, cəbhə bölgəsindən reportaj hazırlamışdı. Obyektiv məlumatların əks olunduğu reportaj efirdə gedən kimi sosial şəbəkələrdə kanalın rəhbərliyinə təhdidlər yağdı. Ermənilər hətta redaksiyaya məktublar ünvanlayaraq rəhbər şəxsləri ASALA ilə hədələdilər. Yeri gəlmişkən, ölüm hədələrindən, təhqirlərdən sonra TF1 məlum reportajı öz “YouTube” səhifəsindən götürməyə məcbur qaldı.
Bu hadisədən çox keçməmiş başqa bir fransız mətbu orqanı olan Şarl Ebdo jurnalına qarşı təzyiqlər oldu. Fransa hökuməti anormal bir karikatura ilə gündəmə gələn Şarl Ebdonun bu addımını demokratik azadlıqların, azad medianın nümunəsi kimi qiymətləndirib jurnalın arxasında dursa da, TF1-lə bağlı susqunluq göstərdi. Təbii ki, bu iki hadisənin nümunəsində müstəqil mediaya təzyiq məsələsinə selektiv yanaşma yolverilməzdir.
Ermənilərin mediaya hücumları ilə bağlı “New York Times” nümunəsini də göstərmək olar. Sözügedən mətbu orqanı Bərdədəki məlum olaylarla bağlı yazının dərcindən sonra ermənilərin təzyiqi ilə üz-üzə qaldı. Erməni lobbisi hətta “New York Times”ın redaksiyasının önündə etiraz aksiyası da təşkil etmişdi.
Erməni lobbisi ümumiyətlə son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir. Əslində erməni diaspor təşkilatları və lobbisinin, eləcə də sadə ermənilərin təhdid və hədələri yuxarıda sadalanan hadisələrlə də bitmir. Bu günlərdə Misirin tanınmış “Nile1.com” informasiya agentliyi Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı yazıya görə haker hücumuna məruz qalıb. Bu barədə yazının müəllifi, misirli jurnalist Mahmud Diab deyib ki, məqalə dərc edildikdən sonra ermənilər kütləvi şəkildə saytı şikayət ediblər. Ermənilər jurnalistin ünvanına təhdid dolu məktublar göndəriblər. Haker hücumunun Ermənistandan təşkil olunduğu müəyyən edilb.
Son bir ayda bəzi əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da birmənalı mövqe sərgiləyərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər. Belə deputatlardan biri Niderland Parlamentinin üzvü Tunahan Kuzudur. Ermənilər niderlandlı deputatı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün təhqir və təhdid edirlər. Niderland Parlamentində “Qarabağ Azərbaycanındır”, “Ermənistan ordusu Azərbaycanın işğal etdiyi torpaqları tərk etməlidir” kimi fikirlər səsləndirən deputat Tunahan Kuzuya qarşı ermənilər tərəfindən kampaniya aparılır. Bununla bağlı açıqlama verən deputat bildirib ki, ona xeyli sayda erməni profillərindən ölüm hədələri gəlir.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber də erməni diasporunun təhdidləri ilə üzləşib. Azərbaycanla bağlı haqlı mövqeyinə görə, radikal erməni qrupların hücumlarına məruz qalan fransalı deputat geri addım atmayacağını qeyd edib: "Facebook" üzərindən yazdığım bu mesaj bir çoxlarını, xüsusilə erməni əsilli fransızları qıcıqlandırmış və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərmiş, ASALA kimi terror təşkilataları ilə hədələmişdilər. Mən bütün bu təhdidlərə cavabımı verib parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi erməni silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər mənim mövqeyimi dəyişməyəcək".
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, nəinki erməni lobbisi, sadə ermənilər belə bütün dünyada müstəqil medianı, haqq sözünü deyən siyasətçi və ictimai fəalları susdurmağa çalışır. İnformasiya savaşında uduzan düşmən tərəfin onların maraqlarına cavab veməyən şəxsləri ölümlə hədələməsi faşizmin real nümunəsidir.
Tural Tağıyev
Azvision.az
Teqlər: erməni-terroru ASALA media