Ədliyyə Nazirliyində zəfərlərimiz qeyd olunub
Əvvəlcə ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib.
Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbə qazanması və Bayraq Günü münasibətilə kollektivi təbrik edib. Nazir hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Şuşanın düşmən tapdağından qurtarılaraq bayrağımızın sancılmasının mübarizəmizin dönüş nöqtəsi olduğunu, 300-ə yaxın yaşayış yerinin və yüksəkliklərin işğaldan azad edildiyini qeyd edib, dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə icra etdiyini, “Qarabağ Azərbaycandır!” ifadəsinin bu tarixi gündə Qələbəmizin rəmzinə çevrildiyini vurğulayıb.
Tədbirdə erməni işğalçılarının əsarətində olan doğma torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şuşada və işğaldan azad olunan digər ərazilərdə doğulan ədliyyə işçiləri sevinclərini bölüşərək, xalqımıza unudulmaz və ölçüyəgəlməz fəxarət hissləri yaşatdığı üçün Azərbaycan Prezidentinə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Bildirilib ki, böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız, o cümlədən ədliyyə işçiləri və hakimlər qələbələr bəxş edən dövlətimizin başçısı və ordumuzla həmrəylik nümayiş etdirərək qürurla dalğalanan üçrəngli bayrağımızın Dağlıq Qarabağın hər yerində ucalacağı üçün çox sevincli və xoşbəxtdir.
Yığıncaqda ədliyyə işçilərinin və hakimlərin adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Azvision.az
Teqlər: ƏdliyyəNazirliyi