“Ağdamda atamın evinə oxşar ev tikdirəcəyəm” - Deputat

 “Ağdamda atamın evinə oxşar ev tikdirəcəyəm” -  Deputat
  11 Noyabr 2020    Oxunub:2169
“Qarabağın işğaldan azad edilməsini və Qələbə gününü həyatımın ən xoşbəxt günü hesab edirəm. Zeynəb Xanlarovanın dediyi kimi, indi dünyanın ən xoşbəxti mənəm dünyada”.
Bunu Azvision.az -a millət vəkili Aqil Abbas tarixi qələbədən, doğma yurdu Ağdamın işğaldan azad edilməsindən danışarkən deyib.

“Həmin gün oğlum dedi ki, “ata, sən şöhrətli yazıçı, adlı-sanlı adam, millət vəkili oldun, film ssenarisi yazdın, amma gözünün içərisində hər zaman kədər var idi. Heç vaxt səni xoşbəxt görmədim. Amma məhz bu gün səni xoşbəxt gördüm, çünki torpaqlar alındı, o torpaq səni xoşbəxt olmağa qoymurdu. İşğal altında olan Vətən, Şuşa, Ağdam səni xoşbəxt olmağa qoymurdu”. Bu gün mənə belə xoşbəxtlik nəsib oldu”.

Deputat vurğulayıb ki, Qarabağa, Ağdama hamıdan birinci gedəcək: “Deputat səlahiyyətlərindən heç vaxt istifadə etməmişəm. Amma bundan istifadə edib Ağdama gedəcəm. Birinci Pənahəli xanın, Xurşudbanu Natavanın, Mehdiqulu xanın, İbrahim xanın, Məhəmməd bəy Sarıcalı-Cavanşirin qəbirlərini ziyarət edəcəyəm. Onların qəbirləri imarətdədir, yəqin ki, oraları dağıdıblar. Dağıtsınlar, qəbri ki eşib çıxartmayıblar?! Sonra qardaşım və anamın qəbrini ziyarət etmək istəyirəm. Ondan sonra gəlib həyətimizdə çadr quracağam”.

A.Abbas Ağdamda ata yurdunu yenidən bərpa edəcəyini söyləyib.

“Öz evimizi və ata evini yenidən tikdirəcəyəm. Atamın evi necədirsə, elə ev tikdirəcəyəm, hələ bəlkə ondan da yaxşı oldu. Həyətdə hansı ağacların harada olduğunu bilirəm. Ona oxşar bağ saldıracağam. Hamını təbrik edirəm və ağdamlılara üz tutub deyirəm ki, imkanı olanlar öz evini tiksin. Ağdamlılar həmişə imkanlı olub. Ağdamlılar heç vaxt sınmayıb, bizi torpaq sındırmışdı. İmkanı olan hər kəs öz evini tiksin, imkanı olmayana da kömək etsin. Ağdamımızı yenidən, əvvəlkindən gözəl tikək. Ağdam dünyanın ən gözəl, varlı şəhəri idi, yenə də elə olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam   Aqil-Abbas  





Xəbər lenti