“O videolara baxanda hamımız ağlayırdıq” - Ağdam sakini

 “O videolara baxanda hamımız ağlayırdıq” -  Ağdam sakini
  27 Noyabr 2020    Oxunub:10221
“Ağdam şəhidlərin şəhəridir, 90-cı illərdə ən çox şəhid verən şəhər idi. Ağdam azad edildikdən sonra göstərilən videokadrlara baxıram ki, düşmən şəhərimizi, kəndlərimizi tamamilə dağıdıb, düzənliyə çevirib, heç nə qalmayıb. Buna görə indi Ağdam şəhərlərin şəhididir”.
Bu sözləri Azvision.az -a Ağdamın Mərzili kəndinin sakini Akif Şirinov deyib. Doğma yurdu işğaldan azad ediləndən sonra sevincinin həddi-hüdudunun olmadığını deyən A.Şirinov 27 ildən sonra böyüyüb boya-başa çatdığı kəndə qayıdacağı günü səbirsizliklə gözləyir.

“Ağdam əhalisinə, ərazisinə, iqtisadiyyatına görə böyük rayon idi. İndi də Ağdam haqqında danışanda qəhər məni boğur. Ağdam işğal olunanda evdən yanız SSRİ pasportu, hərbi bilet və diplomumu götürüb çıxmışdım. Ermənilər kəndimizdə bütün evləri yandırdı, 7 nəfər öldü. Mən bunları belə millət bilməzdim. Onlara millət deməyə də dilim gəlmir. Kadrlara baxıram, Ağdamda daş üstündə daş qalmayıb. Bütün evlər, qəbiristanlıqlar dağıdılıb.



Azərbaycan Ordusu, Ali Baş Komandan sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin. Onların sayəsində torpaqlarımız qayıtdı. Müharibə başlayanda əmin idim ki, Ağdam tezliklə azad olunacaq. Uşaqlara dedim ki, gedin bir maşın alın, Ağdama ilk gedənlərdən olacağam. Minaya düşsəm də, öz torpağımda öləcəyəm”.

65 yaşlı A.Şirinov məcburi köçkün düşəndən sonra Mingəçevir şəhərində məskunlaşıb. İllərlə ona ev verilməsindən imtina edən həmsöhbətimiz tezliklə Ağdama qayıdacağını gözləyirdi.

“Mingəçevirdə balaca evdə yaşayıram. Mənim Ağdamda 8 otaqlı evim var idi. Bu günləri görürəm, qəhər məni boğur. Lakin Ağdam azaddır və biz tezliklə öz torpağımıza qayıdacağıq. Mən Qarabağ suyundan başqa su içmirəm. Tez-tez Ağdama gedirəm. Təzəlikcə ora getdim, azad olunan torpaqlara baxdım. Məni qoymadılar ki, ərazilər minalanıb. Elə boylana-boylana qaldım.



Vətən torpağının hər qarışı gözəldir, amma Qarabağ camaatının adət-ənənələri tamam başqadır. Bura bənzər yer yoxdur. Əvvəllər Ağdamda olan evlər, villalar indi Bakıda tikilir. Bizim yaylaqlarda insanlar 2-3 ay dincəlirdi. Dəlidağda iyul ayında odun sobası işlədirdik”.

A.Şirinov əlavə edib ki, Ağdamla bağlı kadrları izlədikcə cavanlığı, orada keçirdiyi 35 il gözünün önündən film kimi keçir: “Ağdamın, kəndimizin videolarını evdə ağlayaraq izləyirdik. Hamı göz yaşı tökürdü. İndi isə sevinc göz yaşları tökürük. Bu dövrdə xalqımızın həmrəyliyi məni heyran etdi, indiyədək belə həmrəylik görməmişdim”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti