Böyük elektron miqrasiya: Liderlər də “Telegram”a köçür

      Böyük elektron miqrasiya:    Liderlər də “Telegram”a köçür
  15 Yanvar 2021    Oxunub:4420
“Son günlərdə “Telegram” messencerinə böyük axın var, hətta bir sıra dövlət və hökumət başçıları da orada kanal açıblar”. Bu sözləri messencerin yaradıcısı Pavel Durov deyib. O, bildirib ki, 72 saat ərzində “Telegram” istifadəçilərinin sayı 25 milyon nəfər artıb.
Durovun sözlərinə görə, “Telegram”dan indiyə qədər istifadə edən prezidentlər Emmanuel Makron (Fransa), Vladimir Putin (Rusiya), Andres Manuel Lopes Obrador (Meksika), Şövkət Mirzoyev (Özbəkistan), Vladimir Zelenski (Ukrayna), Tsay İnven (Tayvan), baş nazirlər Binyamin Netanyahu (İsrail), Le Syanlun (Sinqapur), Əhməd Əli Abinin (Efiopiya) sırasına Rəcəb Tayyib Ərdoğan (Türkiyə) və Jair Bolsonaru (Braziliya) da qoşulublar.

Pavel Durov bildirib ki, liderlərin təsdiqlənmiş kanalları mavi rəngli işarə ilə fərqləndirilir. “Tanınmış şəxslərin və təşkilatların dezinformasiya ilə mübarizədə “Telegram”a güvənmələri bizim üçün böyük şərəfdir”,- deyə o, əlavə edib.

Onun sözlərinə görə, sosial şəbəkələrdən fərqli olaraq, “Telegram” kontenti istifadəçilərə göstərmək üçün qeyri-şəffaf alqoritimlərdən istifadə etmir: “2010-cu illərin sosial şəbəkə platformalarında geniş tətbiq olunan belə manipulyativ alqoritmlərdən qurtulmaqla Telegram-kanalları şəffaflığı bərpa edir”.

Qeyd edək ki, ABŞ-da iğtişaşlar zamanı, yanvarın 6-da “Twitter” və “Facebook”, ardınca isə “Instagram”, “Snapcat”, “Twitch”, “YouTube” prezident Donald Trampın hesablarını bloklamışdılar. “Twitter”in bənzəri olan “Parler” Tramp tərəfdarlarının əsas platformasına çevriləndə isə “Google” və “Apple” onu öz “mağaza”larından sildilər. Nəticədə Tramp proseslərə nəzarət imkanını tamamilə itirmişdi. Bu hadisə sosial şəbəkələrin nə dərəcədə etibarlı kommunikasiya platforması olduğu haqda sualları yenidən gündəmə gətirdi.

“Telegram”a kütləvi miqrasiyanın digər səbəbi isə “WhatsApp”ın yeni siyasətə keçməsilə bağlıdır. Yanvarın 8-də bu şirkət elan etdi ki, messencerdən istifadə edənlərin şəxsi məlumatları Facebook qrupuna daxil olan digər proqramlarla paylaşılacaq ki, onlar istifadəçilərin zövq və təlabatlarını daha yaxşı müəyyənləşdirə bilsinlər. İlk baxışdan ziyansız görünsə də, bu, faktiki, “end-to-end” kodlaşdırma prinsipinın pozulması deməkdir. Ona görə, gizliliyə və fərdi məlumatların məxfiliyinə önəm verən “WhatsApp” istifadəçiləri ondan kütləvi şəkildə imtina etməyə başladılar. Bu zaman əsas alternativ kimi isə “Telegram” önə çıxdı.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Telegram   Messencer  





Xəbər lenti