Amerikalı virusoloq: “AstraZeneca” təhlükəsiz və effektivdir - EKSKLÜZİV

  Amerikalı virusoloq:  “AstraZeneca” təhlükəsiz və effektivdir -  EKSKLÜZİV
  31 Mart 2021    Oxunub:5403
Məlum olduğu kimi, bəzi Avropa ölkələrində peyvənd edilən xəstələrdə qan laxtalanması özünü göstərdiyi üçün “AstraZeneca”nın keyfiyyətinə şübhələr yaranıb və bu peyvəndin istifadəsi dayandırılıb. İlk belə qərarı Avstriya verib. Ardınca Bolqarıstan, Almaniya, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Niderland, Norveç, Rumıniya və Fransa bu addımı atıb.
Daha sonra Avropa ölkələri tədricən “AstraZeneca” ilə peyvəndlənməni bərpa etməyə başlayıblar.

Bəs “AstraZeneca” nə dərəcədə təhlükəsizdir, bu vaksinin qan laxtalanmasına səbəb olmasına dair dəlillər varmı?

Nyu-York Universitetinin Qlobal Xalq Sağlamlığı Kollecinin biologiya və sinir elmləri bölməsinin dosenti Kerol Şoşkes Reyss mövzu ilə bağlı Azvision.az-ın suallarını cavablandırıb.



Onun sözlərinə görə, dünyada yüz minlərlə insana SARS-CoV-2 əleyhinə ChAdOx peyvəndi vurulub:

“Anladığım qədər peyvəndi qəbul edən, lakin qan laxtalanması eyni olmayan 25 nəfərdən kiçik bir qrup var. Oxuduğum məlumatlara əsasən, bu insanlar eyni vaksin partiyası ilə peyvəndlənmiş ola bilər. Ancaq peyvənddən hansı müddət sonra bu şəxslərdə simptomların ortaya çıxması və bunun inyeksiya ilə birbaşa və ya dolayı əlaqəsinin olub-olmadığı mənə məlum deyil. Ona görə də simptomların birinci və ya ikinci dozanın alınmasından sonra inkişaf edib-etmədiyini bilmək çox vacibdir.

Bundan əlavə, birinci və ikinci inyeksiya arasındakı fasilə, insanların sağlamlıq vəziyyəti barədə məlumatın olması zəruridir.

Peyvəndin bu günə qədər yüz minlərlə insana təhlükəsiz şəkildə tətbiq edildiyini nəzərə alaraq, mən onun təhlükəsiz olduğunu və narahatlıq üçün heç bir əsasın olmadığını hesab edirəm".

Amerikalı mütəxəssis qeyd edib ki, Rusiyanın “Sputnik V” vaksini digər xəstəliklərin müalicəsində istifadə olunan adenovirus vektoru ilə peyvəndlənmə üçün çox yaxşı reputasiyaya sahib olan J&J Jansen və AZ ChAdOx peyvəndlərinə çox oxşardır. Bunların da geniş hüquqi-normativ tənzimləmə bazası var.

Amerikalı virusoloq koronavirusun hələ də ciddi təhdid olduğunu diqqətə çatdııb:“Bəli, bu, ciddi bir təhdiddir. Peyvəndlənmə əsas vasitələrdən biridir. Amma maska taxmaq, sosial məsafəni qorumaq, küçəyə çıxan insanlarla bağlı məhdudlaşdırıcı tədbirlər və test analizləri aparmaq da vacibdir. Peyvəndlər vacibdir, lakin onlar bütün dünyada geniş yayılmalıdır. Çox güman ki, gələcəkdə daha çox vaksinə ehtiyac olacaqdır".

Qeyd edək ki, Azərbaycana koronavirus əleyhinə 432 000 doza "AstraZeneca" peyvəndinin gətirilməsi gözlənilir. İlkin mərhələdə ölkəmizə aprelin 5-də Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza vaksin göndəriləcək. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Seymur Məmmədov
Tərcümə: Pərvanə Sultanova

Azvision.az


Teqlər: AstraZeneca  





Xəbər lenti