Ermənistanda olmayan raket Şuşaya necə atılıb? - “İsgəndər” müəmması

Ermənistanda olmayan raket Şuşaya necə atılıb? -  “İsgəndər” müəmması
  01 Aprel 2021    Oxunub:7638
İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” operativ-taktiki raketlərindən istifadə etməsi barədə təzadlı fikirlər səsləndirilirdi. Ermənistan rəsmiləri Qarabağda “İsgəndər”in tətbiq olunduğunu təsdiqləsələr də, Rusiya istehsalı olan təhlükəli raketin hansı istiqamətdə atıldığı gizli saxlanılırdı.
Bir müddət əvvəl Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general Movses Akopyan KİV nümayəndələri üçün keçirdiyi brifinqdə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası dövründə "İsgəndər" raketlərindən istifadə etdiyini demişdi.

"İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm", - deyə erməni general etiraf edib.

“İsgəndər” müzakirələrinin pik nöqtəsi raketdən istifadəyə dair Ermənistan baş naziri səviyyəsində etirafın ortaya atılması oldu. Xatırladaq ki, sabiq prezident Serj Sarkisyan Paşinyan iqtidarının əleyhinə danışaraq İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə edilməməsi barədə ittihamlar irəli sürmüşdü. Nikol Paşinyan isə bu ittihamlara cavab verərəkən demişdi ki, erməni ordusu döyüşlər zamanı "İsgəndər"dən istifadə edib. Paşinyan hətta sensasiyalı şəkildə raketlərin partlamadığını, yaxud da qismən partladığını açıqlamaqla özünü gülünc vəziyyətə salmışdı.



“İsgəndər” raketlərini Ermənistana verən Rusiya Müdafiə Nazirliyi səviyyəsində Paşinyanın çıxışına dərhal reaksiya verdi. Rusiya MN Qarabağda sözügedən raket kompleksinin tətbiq olunmadığını elan edərək, Paşaniyanı yalan danışmaqda günahlandırdı: “Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”.

Ermənistanın raket mövzusu müharibədən sonra Rusiyada da ciddi müzakirələrə səbəb oldu. Maraqlıdır ki, “İzvestiya” qəzetinin İdarə Heyətinin sədri erməni əsilli jurnalist Aram Qabrielyanov müharibənin ilk günündən “İsgəndər”dən istifadə ehtimalının yüksək olduğunu söyləmişdi. O, Baş qərargah rəisi vəzifəsində çalışmış Onik Qasparyanla “İsgəndər”in istifadəsinə dair müsahibəsindən müəyyən fikirləri təqdim edərək demişdi ki, Qasparyan ona müharibənin üçüncü günü “İsgəndər” raketini iki strateji obyektə qarşı çevirdiyini bildirib. Sən demə, ilk gündən Bakı-Ceyhan neft kəməri və digər mühüm strateji obyektin məhvinə qərar verilib, amma Paşinyan bunu qəti şəkildə qadağan edib. Təbii ki, bütün bunlar Qabrielyanovun iddialarıdır.

Raket Gümrüdən atıla bilərdimi?



Bu günlərdə “İsgəndər” olayı ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Ermənistan tərəfi həqiqətən də Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edib. Belə ki, ANAMA Şuşa ətrafında iki ədəd “İskəndər” raketinin qalıqlarını aşkarlayıb. Raket parçalarının coğrafi koordinatları belə olub: 39 ° 45'38.10 “N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 “N 46 ° 45'25.80”E.

Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının “İskəndər” raket sisteminə aid olduğu üzə çıxıb. Hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyənləşdirmək mümkündür. Məsələnin diqqətçəkən və müəmmalı tərəfi isə odur ki, istifadə edilmiş raketlər Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan “M” modifikasiyasına aiddir. Bu isə ciddi suallar doğurur.

Müharibə dövründə Şuşaya atılmış təhlükəli raketin modifikasiyasının Rusiyanın Ermənistana göndərdiyi modifikasiya ilə üst-üstə düşməməsi İrəvana əlavə olaraq yeni raketlərin gizli şəkildə verilməsi iddialarını möhkəmləndirir. Rusiya əvvəldən də Ermənistana “İskəndər E” modifikasiyasını verdiyini bildirmişdi. Lakin ANAMA-nın Şuşa ətrafında tapdığı raket qalıqları daha güclü “İsgəndər M” kompleksinə məxsusdur. Haqlı olaraq sual yaranır: Rusiyanın erməni ordusuna verdiyini açıqladığı raket növü ilə qalıqları aşkarlanan raketin modifikasiyası niyə fərqlidir? Bu necə olur ki, tamamilə fərqli və satışı qadağan edilən “İsgəndər M” raketləri Şuşa istiqamətində atılıb?



Raketlərin hər iki növü arasında kifayət qədər fərq mövcuddur. Yəni “İsgəndər”in “E” versiyası məhz ixrac üçün nəzərdə tutulub ki, Ermənistan illər əvvəl bu versiyanı əldə etmişdi. Şuşada qalıqları tapılan “İskəndər”lərin üzərindəki “M” nişanları isə onların tamam başqa bir növə aid olduğunu göstərir. Maraqlıdır, Ermənistanda olmayan raketlər Şuşaya necə və kim tərəfindən atıla bilər? Müəmmalı deyilmi?

İddialara görə, sözügedən raketlər Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında gizli saxlanılıb. Əlbəttə, bu iddialar hələlik öz təsdiqini tapmasa da, ağılabatandır. Bu səbəbdən İrəvanın əldə edə bilmədiyi “M” versiyanın Gümrüdən buraxılması ehtimalı ortaya çıxır. Əks təqdirdə İrəvanın “M” versiyanı müəmmalı şəkildə haradan və necə əldə etməsi, yaxud həmin raketlərin Şuşada peyda olmasının səbəbləri izah olunmalı, Rusiya tərəfi bununla bağlı açıqlama yaymalıdır.

Hazırda “İsgəndər” mövzusunda cavabını gözləyən xeyli suallar var. Ümid edək ki, Dağlıq Qarabağda sülhün təmin olunması öhdəliyini üzərinə götürən qonşu Rusiya bu məsələ ilə bağlı müəmmalara son qoymaq üçün ən qısa zamanda rəsmi izahat verəcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsgəndər   Ermənistan   Şuşa   Rusiya   Raket  





Xəbər lenti