Mədəni irsə fərqli yanaşma: Azərbaycan bərpa edir, Ermənistan isə dağıdır

  19 Aprel 2021    Oxunub : 5544
 Mədəni irsə fərqli yanaşma:  Azərbaycan bərpa edir, Ermənistan isə dağıdır
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Hər il bu tarixdə dünyanın diqqəti abidələrin və tarixi yerlərin qorunmasına, mədəni irsin mühafizəsinə yönəldilir, müxtəlif ölkələrdə müşahidə edilən problemlər gündəmə gətirilir.
Tarixi abidələrlə zəngin olan Azərbaycan dünya mədəni irsinə hər zaman xüsusi önəm verməklə bu mövzuda həssas yanaşma sərgiləyir. İlk növbədə Heydər Əliyev Fondunun dünyanın müxtəlif yerlərində reallaşdırdığı layihələri, bəşəri dəyərlərin qorunmasına verdiyi töhfələri qeyd etmək yerinə düşər.

Uzun illərdir ki, tarixi-mədəni, dini irsin qorunması, gələcək nəsillərə ötürülməsinə xidmət edən layihələrimiz yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmayıb. Bu günədək Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropada dağılmaq təhlükəsi ilə üzləşən bir sıra tarixi məkanlar yenidən əvvəlki görkəminə qaytarılıb. Azərbaycanın beynəlxalq aləmdə xoşməramlı imicini formalaşdıran Fond təkcə tarixi məkanların, abidələrin bərpasını reallaşdırmır, eyni zamanda, fəaliyyətini yeni mədəniyyət obyektlərinin inşası sahəsində də davam etdirir.

Heydər Əliyev Fondunun mədəni irsin qorunmasında xüsusi rolu

Yaxın keçmişə nəzər salsaq, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və ölkə xaricində bu istiqamətdə mühüm işlərə imza atdığını görmək olar. Belə ki, Fondun dünya mədəni irsinə bəxş etdiyi töhfələr sırasında 2006-cı ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin – Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə ikinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, 2012-ci ildə Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digərlərini göstərmək mümkündür. Əlbəttə, görülən işlər bununla yekunlaşmır. Onlarla belə nümunələri təqdim etmək olar.

Azərbaycanın Vatikan nümunəsi

Xüsusilə Vatikanda həyata keçirilən layihələr dünyanın diqqətini çəkir. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə burada tarixi əhəmiyyət daşıyan bəzi dini abidələr bərpa edilir. Xatırladaq ki, bu ilin əvvəlində Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Bununla da ölkəmizin mədəni irsini dünyada tanıdan Heydər Əliyev Fondu ilə Vatikan arasında davam edən əməkdaşlığın növbəti mərhələsinə qədəm qoyulub.

İkitərəfli əməkdaşlıq tədbirləri çərçivəsində həyata keçirilən layihələrə qısa nəzər salsaq üç mühüm mərhələni qeyd edə bilərik. İlk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası reallaşdırılıb və bərpadan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılışı olub. İndi ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.

İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzeylə başlayıb. Sarkofaqları restavrasiya edilərək qorunan muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir. Sadalanan hər üç məkan xristian aləmi üçün mühüm əhəmiyyət kəsb edən mədəni irs sayılır.

Ölkəmizin tarixi-mədəni irsinin qorunmasına gəlincə, bu istiqamətdə kifayət qədər böyük işlər görülüb, müxtəlif dinlərə məxsus məkanlar bərpa olunub, yaxud da yenidən qurularaq istifadəyə verilib. Bərpa olunmuş tarixi abidələrin sayı kifayət qədər çoxdur.

Hazırda isə Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi məhz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə məqbərənin yenidən bərpası həyata keçirilir. Vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan Vaqif məqbərəsi bu dəfə ulu öndərin adını daşıyan Fond tərəfindən öz tarixi görkəminə qayıdır.

Tarixi abidələrimizə qarşı erməni terroru

Azərbaycan Heydər Əliyev Fondu vasitəsilə dünya mədəni irsini dirçəltdiyi halda təəssüf ki, bu günə qədər işğalçılıq siyasəti yürüdən Ermənistan tam fərqli yanaşma sərgiləyib. 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızda Ermənistan tərəfindən xalqımızın mədəni irsi demək olar ki, tamamilə məhv edilib. Dünyada qurucu, xoşməramlı layihələrin təşəbbüskarı kimi tanınan Azərbaycandan fərqli olaraq, Ermənistan yüzlərlə dini, mədəni və tarixi abidəni yer üzündən silən vandal dövlət kimi özünü göstərib.

Artıq dünya mediası da ermənilərin barbar əməllərinə biganə qalmır, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki misilsiz mədəni irsin işğalçı Ermənistan tərəfindən təcavüzə məruz qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Əcnəbi jurnalistlər işğaldan azad edilən ərazilərə baş çəkərkən tarixi və mədəni abidələrimizin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunmasını öz gözləri ilə görürlər.

Hazırda Azərbaycanın qarşısında azad edilmiş torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Bəzi abidələrin bərpası planlaşdırılsa da, ermənilərin yer üzündən sildiyi yüzlərlə tarixi məkanı geri qaytarmaq mümkün deyil. Təkcə bir məqamı qeyd edək ki, Qafqazın Xirosiması adlandırılan Ağdamda erməni vandalizmi nəticəsində yalnız bir salamat tikili qalıb ki, o da hərbi məqsədlər üçün - müşahidə məntəqəsi məqsədilə istifadə edilən məscid olub. Şəhərdə nəinki salamat dini, tarixi, mədəni abidə saxlanılıb, nümunə üçün bir tikili belə qalmayıb.

Bundan başqa, hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlar, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli ərazilərindəki qədim qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər tikililər vəhşi düşmən tərəfindən məhv edilib.

Erməni vandalizmi Qafqazın mədəniyyət paytaxtına çevrilən Şuşadan da yan keçməyib. İşğal dövründə Şuşadakı tarixi abidələrin əksəriyyəti yerlə bir edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, məşhur alim Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsi də erməni vandalizminin hədəfinə tuş gəlib. Eləcə də Azərbaycana məxsus digər mülkiyyətlər təhqir edilərək müxtəlif məqsədlərlə istifadə edilib.

Məlumat üçün bildirək ki, bu günə qədər Azərbaycanın Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. İşğaldan əvvəl bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə yaxın olub.

Erməni barbarları sayı yüzlərlə olan imarət, saray, məscid, ziyarətgah və ibadətgahları dağıtmaqla kifayətlənməyərək, buradakı daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi eksponatları oğurlayaraq İrəvana aparıblar. Necə deyərlər, dağıtdıqlarını dağıdıblar, daşınması mümkün olan maddi mədəniyyət nümunələrini Ermənistana daşıyıblar. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana viran edilərək daşınıb. Şuşa tarixi muzeyinin 5 minədək əşyası, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun 300-dən çox əşyası, vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün 400-dək əşyası, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın 100-dən çox əşyası, Ağdam tarix-diyarşünaslıq muzeyinin 2 mindən çox əşyası, Qubadlı tarix-diyarşünaslıq muzeyinin 3 mindən çox nümunəsi, Zəngilan tarix - diyarşünaslıq muzeyinin 6 minədək əşyası qarət edilib. Rəsmi məlumata əsasən, azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı yox edilib.

Təqdim etdiyimiz faktlar işğalçı ölkənin təkcə Azərbaycanın deyil, ümumilikdə dünya mədəni irsinə necə böyük zərər vurduğunu aşkar şəkildə göstərir. Əfsuslar olsun ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd edən bir çox dünya ölkələri, beynəlxalq ictimaiyyət hələ də erməni vandalizminə layiqli qiymət verməyib, nədənsə İrəvanın dəhşətli cinayətlərini, milli-mədəni irsimizə qarşı törədilən soyqırımını görməzdən gəlirlər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Abidə   Ermənistan   Vandalizm   Heydər-Əliyev-Fondu