Siyasi partiyalar vahid mövqe nümayiş etdirdi: Türkiyənin yanındayıq!

Siyasi partiyalar vahid mövqe nümayiş etdirdi:    Türkiyənin yanındayıq!
  28 Aprel 2021    Oxunub:3683
Sevindirici haldır ki, bu gün xalqımız bir çox sahələrdə milli birlik, həmrəylik nümayiş etdirir. Biz bu milli birliyin, həmrəyliyin günücü 44 günlük Vətən müharibəsində gördük. Bu birlik bizə imkan verir ki, milli maraqlarımızı daha əzmlə müdafiə edək.
İstər 44 günlük vətən müharibəsi, istərsə də ondan sonrakı dövrdə xalqımız arasında olan bu birliyi, bu vəhdəti biz Siyasi partiyaların fəaliyyətində də gördük.

Ölkə Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına müsbət təsir göstərib. Bu gün siyasi müstəvidə fərqli siyasi baxışlara, fərqli ideologiyalara, fərqli hədəflərə və proqramlara sahib olan partiyaların milli məsələlərdə birliyini müşahidə edirik. Siyasi partiyalar arasında sağlam münasibət formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.

Milli maraqlar naminə siyasi partiyalar arasındakı həmrəyliyi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair birgə bəyanatında da bir daha gördük.

48 siyasi partiya bu məsələdə həmrəylik nümayiş etdirərək Co Baydenin çıxışını pisləyən bəyanat yaydı.

Bəyanatda bildirilir ki, tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.

Qeyd olunur ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.

48 siyasi partiyanın birgə imzaladığı bəyanatda o da vurğulanır ki, Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili standartlar siyasətinin təcəssümüdür.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

Beləliklə, ölkəmizdə yaşanan siyasi həmrəylik nümunəsini bu dəfə Qardaş Türkiyəyə dəstəkdə gördük. 48 siyasi partiyanın həmrəylik nümayiş etdirərək sözügedən bəyanatı imzalaması Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini bir daha təsdiq etdi. Eyni zamanda siyasi partiyalar bu addımı ilə bütün dünyaya nümayiş etdirdi ki, xalqımız ümummilli məsələlərdə, milli maraqlar naminə hər zaman vahid mövqe nümayiş etdirməyə, həmrəy olmağa qadirdir.

Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Azvision.az


Teqlər: YAP   Türkiyə   Siyasi-Partiya  





Xəbər lenti