Azərbaycandan humanistlik dərsi: 3 erməni hərbçi ölkəsinə qaytarıldı

  04 May 2021    Oxunub : 4891
 Azərbaycandan humanistlik dərsi:    3 erməni hərbçi ölkəsinə qaytarıldı
Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq üç erməni hərbçi ölkəsinə qaytarılıb.

Azvision.az xəbər verir ki, azad edilən şəxslər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilərək saxlanılıblar. Onlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.
Sərbəst buraxılan erməni hərbçilər yaxın saatlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan aviareysi ilə yola salınacaq.

Məlumata görə, araşdırma zamanı onların Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib.

Qeyd edək ki, Azərbaycan indiyədək humanistlik nümayiş etdirərək xeyli sayda mülki ermənini və hərbçini ölkəsinə qaytarıb. Ermənistan isə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməkdən imtina edir.

Bundan savayı, Ermənistan Birinci Qarabağda müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiya verməkdən yayınır. İrəvan, eyni zamanda Birinci Qarabağ müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları gizlədir. Azərbaycan isə Ermənistandan fərqli olaraq, hər zaman humanistlik nümayiş etdirir.

Azvision.az

Teqlər: Ermənistan   Hərbçi