Toy məsələsi yenidən gündəmdə - Maraqlı təklif irəli sürüldü

Toy məsələsi yenidən gündəmdə -  Maraqlı təklif irəli sürüldü
  04 İyun 2021    Oxunub:2636
Toy və yas mərasimlərinin məhdud sayda keçirilməsinə icazə verilməlidir. Xəstəliklər hər zaman olub. Dünyada bundan da ağır, yoluxucu xəstəliklər olub. Buna görə həyat dayanmalı deyil, davam etməlidir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. O bildirib ki, toyların 100-150 nəfərlə keçirilməsinə icazə verilə bilər.

“Əslində toylarımız elə bu cür keçirilməli idi. Xəstəliklərin pis tərəfləri var, amma müəyyən məhdudiyyətlər də müsbət təsir edir. Məsələn, israfçılığın, şöhrətpərəstliyin, yalançı səmimiyyətin qarşısının alınması üçün yaxşı fürsətdir. Bir tanınmış adamın yasına yüzlərlə insan gəlirdi, yas sahibi heç onların çoxunu tanımırdı. Toylar 800-1000 nəfərlə keçirilirdi. Səni bütün şəhər tanıyırsa, o demək deyil ki, hamını toya dəvət etməlisən. Toyda oğlan və qız tərəfinin yaxınları iştirak etməlidir. Bu da təxminən 100-150 nəfər edər. Ona görə belə sayda toyların keçirilməsinə icazə vermək lazımdır. Bu gün küçə, bazar, restoran, iş yerlərində o qədər insan bir yerə toplaşır. 1-2 saat həmin sayda qonağın iştirakı ilə toyu keçirmək nəyi dəyişə bilər? Ona görə də toyların olması vacibdir”.



S.Rüstəmxanlı bildirib ki, vaksinasiya prosesinin sürətlənməsi artıq toy və yas mərasimlərinin keçirilməsinə şərait yaratmış olur: “Azərbaycanda xəstələrin sayı azalır, vaksinasiya olunanların sayı artır. Peyvəndə yaşlı insanlardan başlanıldı. Toyda da əsasən onlar olur. Buna görə də təhlükə o qədər deyil. Gənclər üçün düşünmürəm ki, ciddi təhlükə olsun. Onlar yoluxsa belə xəstəliyi ağır keçirmir, hətta evdə müalicə olunurlar”.

Deputat toylara COVID pasportu və ya immunitet sertifikatı ilə buraxılmağın effektiv olmayacağını hesab edir:

“COVID pasportu və ya immunitet sertifikatının istənilməsi toyu polis məntəqəsinə çevirəcək. Hər gələndən bir sənəd istənilməsi çətin məsələdir. Gərək hər kəs öz məsuliyyətini hiss etsin ki, gəlib böz qohumlarını xəstəliyə yoluxdurmasın. Həm sənədin istənilməsinin necə olacağını təsəvvür edə bilmirəm. Lakin toyların heç olmamağındansa, belə sənəd tələb edilərək keçirilməsinə icazə verilməsi də yaxşıdır. Lakin fikrimcə, bu variant effektiv olmayacaq. Müəyyən müddət keçdikdən sonra ona da ehtiyac qalmayacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Toy  





Xəbər lenti