Rusiyalı politoloq: `Azərbaycan Ukrayna məsələsində düzgün mövqe tutub`
- Ukraynadakı situasiya barədə nə deyə bilərsiniz?
- Ukraynanın ərazisi bu gün Qərblə Rusiya arasındakı geosiyasi mübarizənin obyektinə çevrilib. ABŞ və müttəfiqləri Soyuq müharibədən qalib çıxan tərəf kimi bu keçmiş sovet respublikasının geosiyasi oriyentasiyasını dəyişməyə çalışırlar. Ötən illər ərzində Qərb keçmiş SSRİ-nin geosiyasi təsir dairəsində olan ölkələri təsiri altına almaqla məşğul idi. Bu mərhələni bitirməklə onlar keçmiş Sovet imperiyasının birbaşa sərhədlərinə yaxınlaşdılar.
Artıq bir fakt kimi deyə bilərik ki, Ukrayna öz geosiyasi inkişaf vektorunu dəyişib. Qərbin hazırkı Ukrayna hakimiyyətinin legitimliyini tanıması və ona iqtisadi, siyasi yardım göstərməsi apardığı siyasi xəttin ardıcıl və qətiyyətli olduğunu nümayiş etdirir. Etiraf etməliyik ki, Qərb Ukraynanın 2 hissəyə - Şərqi və Qərbi Ukraynaya parçalanması imkanın qarşısını aldı. Rusiya ilə konflikt öncəsi bu barədə tez-tez danışılırdı. Moskvada bunu anlayırlar. Lakin baş verənlər Rusiyanın maraqlarına cavab vermədiyi üçün Kreml öz hərəkətlərilə reaksiya bildirir.
Ukraynanın itirilməsi və Rusiyanın təşəbbüskarı olduğu inteqrasiya proseslərindən çıxması onun dövlətçiliyinə və təhlükəsizliyinə ciddi zərbədir. Kremlin Ukrayna qarşıdurmalarında buraxdığı səhv Yanukoviçin üzərində durması oldu. Hakimiyyət kart evcik kimi dağıldı və Moskvanı çətin vəziyyətdə qoydu.
Hazırkı situasiyada Qərbin əsas məqsədi Kiyevlə Moskva arasında siyasi dialoqun bərpasına nail olmaqdır. Bu isə faktik olaraq Rusiyanın Ukrayna hakimiyyətinin legitimliyini tanıması olardı. Hüquqi baxımdan isə Ukraynanın Rusiyanın geosiyasi maraqları dairəsindən çıxması rəsmiləşəcək.
- Moskva Krımı öz ərazisinə birləşdirməklə nə qədər risk edir?
- Rusiyada Krımın nəzarətdə saxlanması barədə qərar çıxarılıb və artıq icra olunur. Qara dəniz donanmasının dislokasiya məsələsi həyati önəm daşıyan məsələdir. Krımın Rusiyaya birləşdirilməsi, yaxud suverenliyi dünya birliyi tərəfindən tanınmayacaq. Bunu Moskvada da gözəl başa düşürlər.
Qərb siyasətçilərinin Ukrayna məsələsindəki qətiyyətini nəzərə aldıqda Rusiya tərəfinin etdiyi risklərin çox böyük olduğunu görərik. Faktik olaraq Rusiya bu məsələdə təkdir və vahid Qərb koalisiyasına qarşı duruş gətirməsi çətin olacaq. Qərblə konfrontasiya yeni Soyuq Müharibəyə səbəb ola bilər. Bu isə Rusiyanın hazırki maraqlarına cavab vermir.
Əminəm ki, Rusiya siyasi təzyiqlərə tab gətirə biləcək. Amma sanksiyalar iqtisadi müstəviyə keçərsə, onda bu, onsuz da zəif olan Rusiya iqtisadiyyatının iflasına səbəb ola bilər.
Rusiya əslində qüvvələrin qeyri-bərabər olduğu və nəticənin öncədən məlum olduğu yeni qarşıdurmaya doğru gedir. Rusiya böyük təsir göstərən Ukrayna hadisələri rus cəmiyyətini də parçalaya bilər. Qərb Rusiyanı yeni qarşıdurmaya cəlb etmək istəyir. Bu qarşıdurmadakı məğlubiyyət Rusiya Federasiyasının dağılması deməkdir.
- Demək olarmı ki, dünyanın əvvəlki siyasi sistemi iflas edib?
- Əgər biz ikiqütblü dünya modelinin dağılmasından sonra yaranan siyasi sistemdən danışırıqsa, qeyd etməliyəm ki, Ukraynadakı hadisələr bunun davamıdır. Son 20 ildə baş verənlər Rusiyaya qarşı yüngül gücün tətbiq edilməsi adlanırdı. Qərbdə heç kəs siyasi münasibətlər sistemində Rusiyanın mövqeyilə hesablaşmaq niyyətində deyildi. Sovet İttifaqının çökməsindən sonra yaranan siyasi sistemin dəyişməsi üçün qlobal dəyişikliklər lazımdır. Qərblə üz-üzə gəlmək üçün hərbi güclə möhkəmləndirilmiş yeni ideologiya lazımdır.
Qərb siyasətində bu gün açıq-aşkar müşahidə olunan ikili standartlar cəmiyyətdə Qərbin elan etdiyi liberal dəyərlərə inamı azaldır. Lakin ideoloji əsas olmadan Putinin bir zamanlar “boz canavar” adlandırdığı Qərbə qarşı durmaq mümkün deyil. Mümkün deyil ki, Qərbin şərtləri ilə oynayasan və qalib gələsən. Mən düşünürəm ki, hazırki mərhələdə Qərb qarşısına qoyduğu məqsədlərə çatıb və tədricən təzyiq azalacaq.
- Ukraynadakı hadisələr Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək?
- Ümumilikdə, dünya birliyi tərəfindən separatizmin dəstəklənməməsi Azərbaycan üçün müsbət siqnaldır. Lakin onu da qeyd etməliyik ki, Ukrayna və Azərbaycan Rusiyanın geosiyasi maraqlarına daxil olsa da, coğrafi baxımdan ayrı-ayrı bölgələrdə yerləşirlər. Qarabağ münaqişəsinin həlli Qərb siyasətçilərinin gündəliyində duran məsələdir. Lakin o, fərqli prizmadan incələnir. Qərb Qarabağ münaqişəsini asılı vəziyyətdə saxlamaq istəyir. Məqsəd müəyyən məqamda münaqişəni alovlandırmaqla regional dövlətləri - İran, Türkiyə və Rusiyanı üz-üzə qoymaqdır. Dağlıq Qarabağ böyük regional müharibənin mənbəyidir. Rusiya ətrafında yaranan situasiyanı və Qərblə qarşıdurmanın nəticələrini nəzərə alsaq, Qarabağ münaqişəsinin həlli məhz Rusiya siyasətinin əsas istiqaməti olmalıdır. Fikirləşirəm ki, yaxın vaxtlarda Moskvadan bu istiqamətdə müəyyən fəaliyyət gözləmək olar. Məqsəd cənub sərhədlərindəki gərginlik ocağını ləğv etməkdir.
- Bu məsələdə Azərbaycan özünü necə aparmalıdır?
- Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxundan fərqli olaraq kifayət qədər uzaqgörən və tarazlı xarici siyasət yürüdür. Bu siyasət xalqın milli maraqlarına əsaslanıb. Prezident İlham Əliyevin çoxvektorlu siyasəti Azərbaycanın bugünkü iqtisadi, hərbi və siyasi inkişafının təminatçısıdır. Ukraynaya məsələsinə görə, Rusiyanın ətrafında yaranmış situasiya cənub istiqamətində rus siyasi xəttinin dəyişməsinə səbəb olacaq. Çox böyük ehtimalla, Rusiya tərəfindən yaxın zamanlarda Azərbaycanın milli maraqlarına cavab verən təkliflər veriləcək.
- Qərbdə çoxları fikirləşir ki, Putinin məqsədi imperiyanı bərpa etməkdi. Siz necə fikirləşirsiniz?
- İmperiya qurmaq üçün ideologiya mütləqdir. Bugünkü Rusiyada isə ideologiya vakuumu var. Düşünürəm ki, Putinin əsas məqsədi imperiya qurmaq deyil. Putin sadəcə, bütün keçmiş SSRİ sərhədləri boyunca Rusiyanın geosiyasi təsirini möhkəmləndirməyə çalışır. Bu məsələyə Rusiyanın milli təhlükəsizliyi kontekstində baxılır və çox həssas mövzudur.
Moskvada hesab edirlər ki. postsovet məkanında geosiyasi təsirin itməsi gələcəkdə Federasiyanın dağılmasına səbəb olacaq. Rusiya kimi böyük nüvə potensialına, nəhəng əraziyə və təbii sərvətlərə malik dövlət son 20 ildə dünya siyasi və iqtisadi birliyində özünə layiqli yer axtarır. Müasir dünyada imperiya anlayışı hər hansı ərazi üzərində nəzarət ələ keçirmək deyil. Bütöv ölkələri və regionları idarə etmək üçün yeni metod və təsir rıçaqları peyda olub. Bu geosiyasi qarışıqlıqda Azərbaycan öz siyasətini necə qurmalıdır? Coğrafi mövqeyi və tarixi reallıqları nəzərə aldıqda? hazırk; situasiyada Azərbaycanın neytral mövqeyi ən düzgün mövqedir. Çox böyük təəssüflə deməliyəm ki, Ukrayna torpaqlarında yaxın zamanlarda sülh bərqərar olmayacaq. İnqilabın qaydaları belədir.
Zaur Rəsulzadə
Xüsusi olaraq AzVision.az üçün