Şuşa həbsxanası muzey olacaq?

 Şuşa həbsxanası muzey olacaq?
  02 İyul 2021    Oxunub:3467
“AzTV”-nin “Jurnalist araşdırması” verilişində bu dəfə işğaldan azad edilən Şuşa həbsxanasından danışılacaq. 30 illik işğal dövründə Vətənə balaca pəncərədən baxan əsirlərin hekayələri, çəkdikləri əzablar dinləniləcək. Eyni zamanda verilişdə izləyicilər 2 əsrə yaxın yaşı olan həbsxananın tarixinə də nəzər sala biləcəklər.
Verilişin müəllifi və aparıcısı Yunis Orucov bu dəfəki buraxılışın niyə məhz Şuşa həbsxanasından çəkilməsi fikrini Azvision.az -la bölüşüb.

“Şuşa həbsxanasından veriliş hazırlanması ideyası 12 azərbaycanlıya qarşı müxtəlif vaxtlarda qəddar əməllər törətməkdə ittiham olunan iki Ermənistan vətəndaşının - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramisoviçin Bakıda məhkəməsindən başladı. Həmin iki qatı cinayətkar eyni zamanda Vətən müharibəsinin gedişində Azərbaycana qarşı vuruşub. Məhkəmədə zərərçəkmişlərin ifadələrinə qulaq asanda gördük ki, iki ermənilərn azərbaycanlı hərbi əsir və girovlara qarşı etdiyi işgənclərin böyük əksəriyyəti Şuşa həbsxanasında həyata keçirilib. Zərərçəkmişlər qandonduran ifadələrində deyirdilər ki, “bizi dubinka ilə döyəndə sevinirdik. Allaha yalvarırdıq ki, dəmirlə, lomla, mantiryovka ilə döyməsinlər”. Bu verilən işgəncələrin miqyasını və xarkterini göstərir. Bundan sonra Şuşa türməsindən çəkiliş etmək qərarına gəldik”.



Aparıcı ötən ay Şuşa şəhərinə səfər etdiklərini və həbsxananı xüsusi ssenari əsasında lentə aldıqlarını qeyd edib.

“İlk təəssüratımız belədir ki, türmə tamamilə dağıdılıb, ancaq qorxu, vahimə və kabus hələ də onun üzərindən çəkilməyib. Vətən müharibəsində Şuşa azad olunarkən türmənin müəyyən hissələrinə ziyan dəyib və bunu ermənilər edib.

Biz verilişdə həbsxananın tarixinə də nəzər yetirdik. Şuşa türməsində tarixə də ekskursiya etdik. Bir çox mətbuat orqanlarında Şuşa türməsini Xurşudbanu Natavanın tikdirməsi ilə bağlı məlumatlar yayılır. İddia olunur ki, Natavan qardaşlarının başqa yerdə həbsdə qalmaması üçün Şuşa həbsxanasını tikdirib. Yəni qardaşları Şuşada bir növ öz evlərindədir.

Araşdırmalar nəticəsində bu iddia təkzib edilir. “Şuşa” qəzetinin baş redaktoru, araşdırmaçı-jurnalist Vasif Quliyev bizimlə müsahibəsində bu faktı doğrulamadı. Həm Vasif Quliyev, həm də görkəmli alimimiz Şamil Fətullayev və akademik Əbdülvahab Salamzadə öz əsərlərində (bu əsərlər Sovet dövründə, təxminən 1960-70-ci illərdə çap ounub) qeyd ediblər ki, Şuşa həbsxanası 1848-ci ildə tikilib. O zaman Natavanın 16 yaşı olub. 16 yaşında bütün həyatını xeyriyyə işlərinə, şeirə, ədəbiyyata həsr etmiş insanın türmə tikdirməsi bir qədər absurd görünür. Həm də onun ümumiyyətlə qardaşı olmayıb. Həbsxana çar hökümətinin vəsaiti hesabına tikilib. Şuşa qəza mərkəzi olduğundan dövlət aparatı burada yerləşirdi”.



Verilişdə araşdırmalar nəticəsində Qaçaq Nəbinin burada dustaq həyatı yaşamasına da toxunulacaq.

Y. Orucov bildirdi ki, Şuşa həbsxanasına yalnız türmə nöqteyi-nəzərdən yanaşma düzgün deyil.
“300 ilə yaxın yaşı olan bu tikili artıq tarixi memarlıq abidəsidir. Şuşa azad olunub burada böyük quruculuq işləri başlanılır. Fikirləşirəm ki, türmənin yenidən öz fəaliyyətinə qayıtması Şuşanın ruhuna uyğun gəlmir. Yaxşı olar ki, həbsxananın arxitekturası və Şuşanın gələcəkdə turizm imkanları nəzərə alınaraq, bura muzey kimi fəaliyyət göstərsin.

“Jurnalist araşdırması” verilişində biz Şuşa həbsxanasının tarixinə, həm də orada əsirlik həyatı yaşayan soydaşlarımızın müsahibələrinə geniş yer vermişik. Müsahibələrimiz arasında “Şuşa” qəzetinin baş redaktoru, araşdırmaçı-jurnalist Vasif Qulityev, Şuşa həbsxanasının keçmiş rəisi Aydın Abbasov da var. Bu veriişdə maraqlı məqamları tamaşaçılar izləyəcək. Burada həm tarixə, həm də tarixin fonunda işğal dövründə çəkilən əzablara işıq salacayıq”.











Aytən Zəhra
Azvision.az



Teqlər: Jurnalistaraşdırması   Şuşa   Həbsxana  





Xəbər lenti