ATƏT PA-nın vitse-prezidenti erməniləri faktlarla susdurdu

   ATƏT PA-nın vitse-prezidenti erməniləri faktlarla susdurdu
  05 İyul 2021    Oxunub:1274
Vyana şəhərində ATƏT Parlament Assambleyası (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda ATƏT regionu üçün aktuallıq kəsb edən təhlükəsizlik məsələləri, eləcə də qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə görüləcək işlər müzakirə edilib.

Ermənistan nümayəndə heyətinin rəhbərinin əsassız iddialarına cavab verən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev bildirib ki, Ermənistanın bu cür köhnəlmiş fikirlərinə və uydurmalarına diqqət yetirməyi və buna vaxt sərf etməyi lazım bilmir. Çünki bu ölkə hələ də 44 günlük müharibədən dərs çıxarmağı və reallığı düzgün qiymətləndirməyi bacarmır. Ermənistanın ənənəvi ritorikasının nə özlərinə, nə də regiona heç bir faydası olmayacaq. O, bununla belə Azərbaycanın mövqeyinin və bu mövqeyi əks etdirən çıxışının müsbət ab-havaya kökləndiyini vurğulayıb.

Azay Quliyev iclas iştirakçılarını Ermənistanla Azərbaycan arasında humanitar sahədə etimadın artırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatlandırıb.

Qeyd edib ki, ABŞ, Avropa Birliyi, ATƏT sədri və Gürcüstanın dəstəyi ilə 12 iyun 2021-ci ildə əldə olunmuş razılığa görə, Ermənistan Ağdam rayonunda yerləşdirilmiş 97 min tank və piyada əleyhinə mina xəritələrini Azərbaycana təqdim edib, bunun əvəzində Azərbaycan Ermənistana ərazilərimizdə saxlanılan 15 ermənini qaytarıb: “İkinci bu cür humanitar təşəbbüs isə bu günlərdə, 3 iyul 2021-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutdu. Bu dəfə Ermənistan Azərbaycanın Füzuli və Zəngilan rayonlarında işğal zamanı yerləşdirilmiş təxminən 92 min tank və piyada əleyhinə mina xəritələrini təqdim edib. Buna cavab olaraq, Azərbaycan məhkəmənin hökmü ilə həbs edilmiş və təyin olunmuş cəzanın müddəti bitmiş daha 15 erməni vətəndaşını humanizmə əsaslanaraq Ermənistana təhvil verdb”.

Azay Quliyev vurğulayıb ki, Azərbaycan tərəfindən saxlanılan məhbusların son vaxtlarda sərbəst buraxılması, erməni məhbusların Azərbaycan həbsxanalarında öldürüldüyünü və ya onlara işgəncə verildiyini iddia edən Ermənistanın ittihamlarının heç bir faktiki sübuta əsaslanmadığını göstərir: “Azərbaycan erməni hərbi qulluqçularını lazımi məhkəmə prosesi olmadan uzun müddət həbsdə saxlamır. Bu həqiqət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə də bir daha təsdiqini tapdı”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, Ermənistanı son humanitar tədbirlərin müvəffəqiyyətini möhkəmləndirməyə və Azərbaycandakı digər minalanmış ərazilərin xəritələrinin təqdim olunması üçün beynəlxalq ictimaiyyət və bölgədəki aktorlarla konstruktiv əlaqələri davam etdirməyə təşviq etmək lazımdır.

Daha sonra Azay Quliyev Ermənistanın 30 illik işğal dövründə ərazilərimizdə yerləşdirdiyi minaların partlaması ilə bağlı son 8 aydakı dəhşətli statistik məlumatları qeyd edib – məlum olduğu kimi, bu günə qədər minaya düşən 144 azərbaycanlının 27-si həyatını itirib və yerdə qalanları ağır yaralanıb: “Bu xəritələrin əldə edilməsi humanitar baxımdan böyük əhəmiyyət kəsb edir, çünki bununla minlərlə günahsız azərbaycanlının, o cümlədən Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpası və yenidən qurulması prosesində fəal iştirak edən beynəlxalq tərəfdaşlar və şirkətlərin nümayəndələrinin həyatını real təhlükədən xilas etmək mümkün olacaq”.
Azay Quliyev xatırladıb ki, Azərbaycan Ermənistanla suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətləri normallaşdırmaq əzmini dəfələrlə ifadə edib:

“Ən yüksək siyasi səviyyədə ifadə olunduğu kimi, Azərbaycan Ermənistanla bu prinsiplərə əsaslanan sülh müqaviləsi üzərində işləməyə hazırdır. Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün yuxarıda qeyd olunanlara əsaslanan yaxşı qonşuluq münasibətlərinin qurulmasına alternativ yoxdur. Azərbaycan Ermənistandan oxşar konstruktiv yanaşma və siyasi iradə gözləyir. Ermənistan qonşuları ilə münasibətlərdə qarşıdurmaya əsaslanan yanaşma və antaqonist düşüncədən imtina etməli və barışıq imkanlarının reallaşmasına fokuslanmalıdır”.
Sonda Azay Quliyev ATƏT PA-nı və üzv ölkələri post-münaqişədən irəli gələn məsələlərin həllində, regionda qalıcı sülhün və barışın əldə olunmasında üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çağırıb.

Sabah ATƏT PA-nın plenar iclasında müzakirələr davam edəcək, qurumun prezidenti, vitse-prezidentləri və komitə rəsmilərinin seçkilərinin nəticələri bəlli olacaq.

Azvision.az


Teqlər: ATƏT-PA  





Xəbər lenti