Rusiya ilə Çin niyə hərbi müttəfiq ola bilmir? - Şərh

  17 İyul 2021    Oxunub :986
 Rusiya ilə Çin niyə hərbi müttəfiq ola bilmir? -  Şərh
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin arasında 20 il əvvəl imzalanan “dostluq və əməkdaşlıq barədə müqavilə” ilə bağlı məqalə yayımlayıb. Məqalə həm Rusiya, həm də Çin mətbuatında dərc olunub.
Lavrovun sözlərinə görə, müqavilə iki ölkənin bir-birinə ərazi iddiası olmadığını təsdiq edib. Lavrov yazıda onu da iddia edib ki, Rusiya-Çin hərbi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib.

Hazırda Rusiyanın ekspert dairələrində ən çox müzakirə olunan mövzulardan biri Moskva-Pekin münasibətləridir. Son illər Çin Rusiyanın siyasi və iqtisadi tərəfdaşına çevrilib və bu istiqamətdə münasibətlər getdikcə inkişaf edir. Ancaq rusiyalı ekspertlər iki ölkəni "hərbi müttəfiq" adlandırmağın doğru olmadığını da söyləyirlər. Bəs bunun səbəbi nədir?

Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, rusiyalı ekspertlər 2020-ci ildə Rusiya ilə Çin arasında iki mühüm hadisənin baş verdiyini bildirirlər:

“Birinci hadisə budur ki, iki ölkə ballistik raketlərin uçuşları barədə bir-birlərini əvvəlcədən məlumatlandırmalıdırlar. İkinci hadisə isə budur ki, Rusiya və Çinin dəniz qüvvələri Asiya-Sakit okean bölgəsində birgə patrul xidməti həyata keçirirlər. İki ölkə arasında birgə hərbi yarışlar da reallaşıb.
Rusiya ilə Çini Qərbin, o cümlədən ABŞ-ın onlara qarşı siyasəti yaxınlaşdırır. Rusiya və Çin ABŞ-a qarşı birgə müqavimət strategiyasını həyata keçirirlər. Siyasi ekspertlərin fikrincə, 2015-2020-ci illər arasında Rusiya-Çin əməkdaşlığı sırf “anti-amerika” xarakteri daşıyıb. Bu illərdə Rusiya ilə Çin arasında müxtəlif hərbi təlimlər keçirilib. Təlimlərdə hər iki tərəfdən yüz minlərlə hərbçi, 40 minə yaxın tank və 80 hərbi gəmi cəlb olunub. İki ölkədə beynəlxalq terrorçulara qarşı birgə mübarizə metodları ətrafında da müzakirələr aparıblar.



Buna baxmayaraq, Çin Rusiya ilə hərbi əməkdaşlıqda məsafə saxlamağa da üstünlük verir. Yəni Rusiya Çinin hərbi müttəfiqi deyil. Baxmayaraq ki, Çin ABŞ-la müxtəlif səviyyələrdə mübarizə aparır, ancaq Pekinin xarici və təhlükəsizlik siyasətinin əsas qayəsini təkbaşına güc mərkəzinin formalaşdırılması təşkil edir. Yəni Çin heç bir dövlətlə müttəfiqlik əlaqələri qurmur. Bu, Çinin siyasi fəlsəfəsinə ziddir ”.

Politoloq deyir ki, ABŞ dünyanın super gücü olmaqla yanaşı, NATO çərçivəsində də müttəfiqləri var və Böyük Britaniya kimi ölkə də Vaşinqtonun əsas strateji müttəfiqi sayılır. Çin isə belə müttəfiqlik münasibətlərini heç kimlə qurmur:

“Misal üçün, Çin Rusiyanın istəyi ilə Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində Moskvanın yanında yer almayıb. Çünki torpaq bütövlüyü məsələsi Çin üçün əsas prinsipdir. Rusiya isə illərdir “parçala və hökm sür” siyasətinə üstünlük verir. Buna görə də rusiyalı ekspertlər Rusiya-Çin tərəfdaşlığını hərbi müttəfiqlik hesab etmirlər. Bu nə nəzəriyyədə, nə də praktikada belədir. Pekin hesab edir ki, hərbi alyanslar Çinə gərəksiz problemlər yarada bilər. Görünür, belə bir ittifaq heç Rusiyaya da lazım deyil. Misal üçün, Çinlə Hindistan arasında gərginlik yarananda Moskva vasitəçi kimi çıxış edir. Çünki Rusiyanın Çinlə yanaşı Hindistanla da sıx münasibətləri var və bu ölkəyə də hərbi texnika satır. Əgər Rusiya Çinin hərbi müttəfiqi olsaydı, Dehli Moskvanın vasitəçiliyini qəbul etməyəcək və ABŞ-a daha çox yaxınlaşacaqdı. Hindistan-ABŞ ittifaqı Rusiyanın maraqlarına ziddir.

Eyni ilə əgər Çin Rusiyanın hərbi müttəfiqi olsaydı, Ukrayna və ya Avropa İttifaqı dövlətləri ilə münasibətlərində əlavə problemlər olacaqdı. Bu da Çinə lazım deyil. Təsadüfi deyil ki, Çin Şanxay Əməkdaşlıq Təşkilatının sırf iqtisadi zəmində fəaliyyət göstərməsini istəyir. Halbuki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını siyasi bir quruma çevrilməsini istəyir”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Rusiya   Çin   Müttəfiq   ABŞ  






Xəbər lenti