Bu günədək 10 min şəhid ailəsi və müharibə əlilinə ev verilib

  29 İyul 2021    Oxunub :608
 Bu günədək 10 min şəhid ailəsi və müharibə əlilinə ev verilib
Bu günədək 10 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Bölgələrdə də bu il üzrə onlara 460-dan çox fərdi evin verilməsi planlaşdırılıb və artıq həmin evlərin inşasına başlanıb.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib. O bildirib ki, Agentlik tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirir. Bundan əlavə, müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılır.

“Ümumilikdə 3 minə yaxın ailəyə baş çəkilərək, 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar aparılıb. Növbəti mərhələdə mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələrindən ehtiyacı olanlar üçün əlavə psixoloji dəstək tədbirləri həyata keçiriləcək, psixoloji konsultasiyalara başlanacaq”.

V. Behbudov bu il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 160-a yaxın avtomobil verilməsinin nəzərdə tutulduğunu, artıq 50 avtompbil verildiyini, bu günədək bütövlükdə bu kateqoriyadan olanlara 7250 avtomobil təqdim edildiyini bildirib.

"Bu ilin ilk yarısında 179 imtiyazlı şəxs sanator-kurort mərkəzlərinə göndərişlə təmin olunaraq həmin mərkəzlərə yola salınıb, effektiv fizioterapevtik və digər vacib prosedurlara cəlb olunublar. Gələn ayın əvvəllərində isə daha 71 nəfər Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriləcək".


Aytən Zəhra
Azvision.az

Teqlər: Şəhid-ailələri   yardım  







Xəbər lenti