Laçın fərqi: Bu təlimlər başqadır - Niyəsini Ədalət Verdiyev şərh edir

      Laçın fərqi:    Bu təlimlər başqadır - Niyəsini    Ədalət Verdiyev şərh edir
  09 Sentyabr 2021    Oxunub:4877
Vətən müharibəsi başa çatandan sonra Azərbaycan qardaş ölkəmiz Türkiyə ilə birgə təlimləri daha da intensiv keçirir. Ölkələrimiz arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 6-dan Laçın rayonunda növbəti birgə döyüş atışlı taktiki təlim başlayıb.
Təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və uzlaşmanın təkmilləşdirilməsindən, o cümlədən, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Təlimə cəlb olunan heyət və vəsitələr acıqlanmır. Ora zirehli texnikalar, müxtəlif çaplı artilleriya qurğuları və minaatanlar, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, avtomobil texnikası və s. qatıla bilər. Təlimlərin hücum xarakterli olacağı şübhə doğurmur. Çətin relyef şəraitində ekipajlar texnikalardan, şəxsi və kollektiv silahlardan döyüş atışlarını icra edəcəklər. Təlimlər yüksək dağlıq ərazilərdə, geçə və gündüz keçirilir.

Bu təlim döyüş əməliyyatlarının aparılması zamanı qardaş orduların bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Təlimlərdə müxtəlif hücum əməliyyatlarının hazırlanmasında ortaq uzlaşma, bölmələr arasında qarşılıqlı əlaqənin təşkili, məlumat mübadiləsi, məxfiliyin qorunması, silahlıların müxtəlif üsullarla məhv edilməsi və ərazilərimizin etibarlı müdafiəsinin təşkili kimi məsələlər məşq edilir.
"Bütün dünyanın gözü bu təlimdədir" - Türkiyəli ekspert (Eksklüziv)

Göründüyü kimi, son aylar birgə təlimlərin sayı kifayət qədər artıb. Halbuki, bəzi böyük ölkələr cəmisi bir dəfə birgə təlim keçirmək üçün aylarla, hətta illərlə hazırlaşırlar . Azərbaycan və Türkiyə isə hər ay birgə təlim keçirməklə cəmiyyətdə bu prosesə alışqanlıq yaradıb. Amma məhz bu təlim keçirildiyi ərazi baxımından Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyətə malikdir.

Birincisi, bu təlim “Şuşa Bəyannaməsi”nin imzalandığı yerdən cəmi 25 km. kənarda keçirilir. İkincisi, Zəngəzur dəhlizinin müqabilində ermənilərə təqdim edilən Laçın dəhlizi təlim teatrından çox uzaqda deyil. Ərazimizdən keçən Gorus-Qafan yolunun bir hissəsi də təlim iştirakçılarının vizual müşahidə zonasındadır. Belə olan halda təlimlərin Azərbaycan üçün mühüm hərbi-siyasi əhəmiyyət daşımasının səbəbləri aydın olur.

Bu təlim həm də Azərbaycan Prezidenti İ.Əliyevin “Ermənistan Zəngəzur dəhlizini açmasa, güclə açdıracağıq” bəyanatının icrası istiqamətində atılan real addım kimi dəyərləndirilməlidir. Buna şübhəsi olanlar “Şuşa Bəyannaməsi”nin şərtlərini bir də oxuya bilərlər.

Türkiyə ilə Azərbaycanın istənilən ərazidə təlimlər keçirməsi Ermənistanda daim narahatlıq doğurub. İndi isə təlimlərin Zəngəzurda təşkil edilməsi İrəvnın və separatçı qurumun təşvişinə səbəb olub. Əslində bu tip təlimlərin keçirilməsi gözlənilirdi. “Şuşa Bəyannaməsi” imzalanandan az sonra Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi general Yücel Karauz ilə Qarabağda birgə təlimlərin Ermənistana qarşı hərbi-siyasi təzyiq vasitəsi kimi tətbiqini müzakirə etmişdik. Fərq ondan ibarətdir ki, bizim Qarabağda gözlədiyimiz birgə təlimlər Şərqi Zəngəzurda baş tutdu. Ərazinin Qarabağ və ya Zəngəzur olması fərq etmir, çünki hər ikisi Ordumuzun gücünə azad olunan Azərbaycan ərazisidir. Azərbaycan isə öz ərazisinin istənilən nöqtəsində, o cümlədən, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə əməliyyatlar keçirmək hüququna malikdir.


Əslində təlimlərin bu ərazidə keçirilməsinin səbəbkarı elə Ermənistanın özüdür. 1 il əvvələ qədər Ermənistan ordusu işğal etdiyi torpaqlarda, o cümlədən, Ağdamın Uzundərə ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nda uyuyan qərhəman əsgərlərimizin qəbirləri üzərində tanklarla təlimlər keçirdi. O zaman bir nəfər də olsun erməni ziyalısı, hərbçisi və ya siyasətçisi azərbaycanlıların qəbirlərinin təhqir olunmasından narahatlıq keçirmədi. Halbuki, rəqib məhv ediləndən sonra ona qarşı davranış qayaları 1949-cu ilin Cenevrə Konvensiyasında öz əksini tapıb.

Mülki əhaliyə qarşı “qəhrəmnlıq” göstərənlər, 2018-ci ildə Bakıda keçirilən “ADEX-2018” müdafiə sərgisindən istifadə edib, Azərbaycanın hava məkanını pozaraq, Xocalı aeroportuna döyüş təyyarələri endirənlər, Qarabağ və “bufer zona” xülyasına düşənlər, 1 il əvvəl Şuşada yallı gedənlər, bizi Qarabağa qonaq kimi dəvət edənlər indi sadalanan və sadalanmayan mənfur əməllərinin nəticələrini artıqlaması ilə həzm etməyə məcburdurlar.

30 il ərzində hər addımda Azərbaycanı qıcıqlandırmağa səy göstərən İrəvan bir şeyə əmin ola bilər: Azərbaycan əsgəri düşmənlə ancaq döyüş meydanında savaşacaq, onun mülki əhali ilə, qəbirlə, cəsədlə, evlə, daşla, divarla işi olmayıb, yoxdur və olmayacaq. Azərbaycan düşmənlə özü savaşıb, yenə də özü savaşacaq və kimsədən imdad diləməyəcək!

Zəngəzurda keçirilən birgə təlimlər düşmən ölkənin mediasında Ermənistana qarşı hərbi-siyasi təzyiq faktoru kimi qiymətləndirilib. Bunu inkar etmək doğru deyil, çünki xöşbəxtlikdən bu, belədir. Bilirik ki, xain xoflu olar, kor da ürkək. Amma təlimlərin bu ərazidə və bu formatda keçirilməsinin əsas səbəbi Ermənistanın imzaladığı sənədin şərtlərinə əməl etməməsi və səsləndirdiyi son bəyanatlar ilə atdığı addımlarının bir-birinə zidd olmasıdır.

Təlimlərin artıq Zəngəzurda keçirilməsi Azərbaycanın ərazi bütölüyünün tam bərpa edilməsində və birgə Bəyanatın şərtlərinə istənilən yolla nail olmaqda qərarlı olduğunu göstərir. Birgə təlimlərin erməni tərəfinə daha konstruktiv olmaq üçün təsir göstərəcəyi də istisna deyil.

Odur ki, Ermənistanın intensiv şəkildə atəşkəsi və birgə Bəyanatın şərtlərini pozması fonunda Zəngəzurda başlayan birgə təlimlərin həm işğalçı ölkəyə, həm də onu silahlandırmaqla növbəti fəlakətlərə sürükləyənlərə qarşı hərbi-siyasi təzyiq vasitəsi kimi dəyərləndirilməsində qeyri-adi heç nə yoxdur.

Ədalət Verdiyev,
hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Hərbi-təlimlər  





Xəbər lenti