Xarici səyyahlara erməni vandalizmi barədə məlumat verilib

Xarici səyyahlara erməni vandalizmi barədə məlumat verilib
  27 Sentyabr 2021    Oxunub:620
Kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edən xarici səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Ağdama gəliblər.
Azvision.az xəbər verir ki, müxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçilərə əvvəlcə düşmən işğalından azad edilən Ağdamda minatəmizləmə əməliyyatları barədə məlumat verilib. Bildirilib ki, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını düşməndən azad edib. Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.

Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını da ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan isə mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizə bərabərdir.

Sonra ərazidən tapılan minaların bir qisminin partlatma yolu ilə zərərsizləşdirilmə prosesi izlənilib.

Qonaqlar Ağdam şəhərinin dağıntıları ilə də tanış olublar. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Qarabağ xanı Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.

Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gələn səyyahlara məlumat verilib ki, erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də bu məkandır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli Qətnamə qəbul edərək, erməni hərbçilərini dərhal Ağdamı tərk etməyə çağırıb. Amma buna baxmayaraq, BMT-nin Qətnaməsi yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Azərbaycan rəhbərliyi məsələni sülh yolu ilə, danışıqlarla həll etməyə çalışıb. Eyni zamanda bildirib ki, əgər sülh yolu ilə alınmasa biz torpaqlarımızı hərb yolu ilə işğaldan azad edəcəyik. Belə də oldu. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər qazandı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də bir güllə atılmadan işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş Ağdamın yenidənqurma, bərpa dövrü başlayıb.

Daha sonra beynəlxalq səyyahlar Ağdam şəhər mərkəzində yerləşən pavilyonda olublar. Qonaqlara Ağdamda həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Quruculuq işlərinə ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.

Burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.

Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Sonra xarici səyyahlar Şuşaya yollanıblar.

Azvision.az



Teqlər: Ağdam  





Xəbər lenti