Cəzaçəkmə müəssisələrində 680 yeni iş yeri yaradılıb

Cəzaçəkmə müəssisələrində 680 yeni iş yeri yaradılıb
  04 Oktyabr 2021    Oxunub:1419
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üçün həyata keçirilən islahatlar çərçivəsində Penitensiar Xidmətin fəaliyyəti də xeyli təkmilləşdirilib, məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi istiqamətində çoxsaylı işlər görülüb və uğurlar əldə olunub.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, məhkumların sosial reabilitasiyası, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı məqsədilə müasir işlək mexanizmlər və səmərəli ictimai iştirakçılıq institutu geniş tətbiq olunmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının 5-ci bəndində qeyd olunmuş məhkum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması tapşırıqlarının icrasına uyğun olaraq ötən illər ərzində bu sahədə fəaliyyətin təşkilinə xüsusi diqqət ayrılıb.

“Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsləri ictimai faydalı əməyə cəlb olunmasının genişləndirilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsalat və fərdi əmək sahələrinin bərpası və yeni istehsalat sahələrinin yaradılması məqsədilə mütəmadi olaraq iş adamları dəvət olunur, müəssisələrin istehsalat sahələrinə baxış keçirilir, perspektivlər və imkanlar qiymətləndirilir, müzakirələr aparılır.

Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə vasitələrinin tətbiqinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir. Təsadüfi deyil ki, məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi son vaxtlar daha da sürətlənib. Bu məqsədlə həmin müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilib. Mövcud istehsal sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması ilə əlaqədar təhlillər aparılır, hazırlanan təkliflər ədliyyə nazirinə təqdim olunur.

Son dövrdə 19 şirkət, 25-dən çox sahibkar və iş adamının iştirakı ilə cəzaçəkmə müəssisələrində tikiş, (qış gödəkcələri, xələt, yataq dəstləri, klassik şalvarlar) metal tor, kimyəvi xromlaşdırma, yeni mebel sexləri, qızdırıcı sobalar, mismar istehsalı, moydadır (hamam şkafı və aksesuarları) taxta qurutma, taxta yeşiklərin hazırlanması, kürə çörəyinin bişirilməsi, şirniyyat istehsalı, heykəltəraşlıq, polietilen paketlər və xalça sexinin fəaliyyəti ilə bağlı işlər həyata keçirilib.

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində son dövrdə 680 yeni iş yeri və əlavə olaraq ümumilikdə 55 istehsal sahəsi, 22 adda tərəvəz yetişdirmək üçün istixanalar açılıb. Nəticədə cəzaçəkmə müəssisələrində istehsalat və fərdi əmək sahəsində işləyən məhkumların sayında 24 faiz artım müşahidə olunub.

Sərəncamın icrası ilə əlaqədar “Həbsxana incəsənəti” adlı onlayn mağaza yaradılıb, satışdan əldə edilən vəsaitdə 31 faiz artıma nail olunub. Həmin vəsait aidiyyəti müəssisələr üzrə hesablara köçürülüb. Cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan və məhkumların əl işlərindən ibarət sərgilərdə nümayiş olunan əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Məhkumların ictimai faydalı əməyə cəlb edilməsi onların islah olunması və cəmiyyətə adaptasiya prosesində böyük rol oynayan amillərdən biridir. İctimai əməyə cəlb olunma Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10.2.2-ci maddəsində qeyd edildiyi kimi, məhkum olunmuş şəxslərin əsas hüquqlarından biri kimi tanınıb.

Məcəllədə təsbit olunduğu kimi, məhkumlar müəyyənləşdirilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmağa cəlb edilir. Bu zaman məhkumların cinsi, yaşı, əmək qabiliyyəti, sağlamlığı, ixtisasları nəzərə alınır. Məhkumlar cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar, həmçinin cəzaçəkmə müəssisəsində icazə qaydası ilə fərdi əməklə məşğul ola bilərlər.

Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Onlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada iş günü hesab edilməyən günlərdə işdən azad olunurlar. Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, onların ödənişli əməyə cəlb edildikləri müddət ümumi əmək stajına daxil edilir. Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyənləşdirilmiş müddətə işdən azad edilirlər. Məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər.

Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci dərəcə əlilliyi olan, sağlamlıq imkanları məhdud 18 yaşınadək məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində uzun müddət yararsız vəziyyətdə qalmış və sahəsi 1488 kvadratmetr olan sexin təmiri başa çatdırılıb. Müəssisəyə gətirilən hidravlik press dəzgahı (laminat istehsalı üçün) işə salınıb və istehsala başlanıb. İstehsalat sahəsində istifadəsiz qalmış 750 kvadratmetrlik sahə təmir edilib, Türkiyə istehsalı olan dörd ədəd dəzgah gətirilərək quraşdırılıb və xrom metaldan müxtəlif çeşidli məhsulların (dəmir barmaqlıqlar, pilləkənlər üçün məhəccərlər, mağaza üçün nəzərdə tutulmuş vitrinlər, vitrin soyuducular, müxtəlif çeşidli ev əşyaları və s.) istehsalına başlanıb. Müəssisənin istehsalat sahəsində iş yerlərinin artırılması məqsədilə xüsusi geyim istehsalı və fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin hazırlanması həyata keçirilir.

Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində karton qutular istehsal edən dəzgah təmir edilərək işlək vəziyyətə gətirilib və fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin hazırlanması həyata keçirilir. 4 saylı cəzaçəkmə müəssisəsində müəssisəyə cəlb olunmuş iş adamları tərəfindən verilmiş sifarişlərə əsasən qış gödəkcələri, xələt, yataq dəstləri, klassik şalvarlar, müxtəlif ölçülü xalçalar, idman geyimləri, mələfə, yastıq üzü, əl-üz dəsmalı istehsalı davam etdirilir. Çörək və şirniyyat bişirilmə sexi fəaliyyət göstərir. Fərdi əmək sahəsi üzrə müxtəlif növ əl ilə toxunma məmulatlar (uşaq papağı, əlcək, səbət, gəlincik, mücrü, şal və s.) hazırlanır. 5 saylı cəzaçəkmə müəssisəsində istehsalat sahəsində tamet sexi, beton dirəklərin istehsalı sexi və tikiş sexi fəaliyyət göstərir. Fərdi əmək sahəsində müxtəlif növ suvenirlər (nərd, mücrü, təsbeh və s.) hazırlanır. Bundan əlavə müəssisədə 4 istixanada tərəvəz məhsullarının yetişdirilməsi həyata keçirilir. Eləcə də 6 saylı cəzaçəkmə müəssisəsində fiziki və hüquqi şəxslər ilə bağlanmış müqavilələr əsasında müəssisədə polietilen, mebel, (mətbəx mebelləri, otaq qapıları, dolabça, kətil, yazı masası, paltar dolabı və s.) metal tor istehsal olunur, müxtəlif çeşidlərdə suvenirlərin hazırlanması işi davam etdirilir.

Bundan başqa, 7 saylı cəzaçəkmə müəssisəsində müəssisəyə sifariş əsasında yumşaq oturacaqların istehsalı və təmiri həyata keçirilir. İstehsalat sahəsində müxtəlif modellərdə qoşqulu evlərin (karavan) istehsalına başlanılıb. Müəssisədə tibbi maska istehsalı işi həyata keçirilir. İstehsalat sahəsində fəaliyyət göstərən tikiş sexində mələfə, can dəsmalı və əl-üz dəsmalı istehsal olunur. Fərdi əmək sahəsi üzrə müxtəlif növ suvenirlər (nərd, mücrü, təsbeh, gəmi və s.) hazırlanır. Bundan əlavə müəssisədə fəaliyyət göstərən üç istixanada tərəvəz məhsullarının yetişdirilməsi davam etdirilir.

Penitensiar Xidmətin 8, 9, 10, 13, 14 və 16 saylı cəzaçəkmə müəssisələrində bağlanmış müqavilələrə uyğun sifarişli əsasda fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin (nərd, mücrü, təsbeh və s.) hazırlanması davam etdirilir.

Həmçinin 11 saylı cəzaçəkmə müəssisəsində hamam vannaları, hamam dolabçaları, dəmir barmaqlıqlar, iki laylı çarpayılar və s. dəmir məhsullarının istehsalı davam etdirilir. Bundan əlavə bağlanmış müqavilə əsasında sifariş verilmiş dəmir qapıların istehsalı həyata keçirilir. Fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin (nərd, mücrü, təsbeh və s.) hazırlanması davam etdirilir. 12 saylı cəzaçəkmə müəssisədə döşək, balış və corab istehsalı, fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlər (nərd, mücrü, təsbeh və s.) hazırlanır. 15 saylı cəzaçəkmə müəssisəsində ərazisi 1000 kvadratmetr olan taxta emalı, döşəmə üçün taxta, divar və tavan üçün taxta örtüklər, parket və plastik qapı, pəncərə istehsal edilir. Əlavə olaraq müəssisədə mələfə, yastıq üzü və əl üz dəsmalı istehsalı həyata keçirilir. Fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin (nərd, mücrü, təsbeh və s.) hazırlanması davam etdirilir. 17 saylı cəzaçəkmə müəssisəsində müqavilə əsasında fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin (nərd, mücrü, təsbeh və s.) hazırlanması davam etdirilir. Əlavə olaraq fərdi əmək sahəsini genişləndirmək məqsədi ilə yeni sexlər yaradılmışdır.

Şəki penitensiar müəssisəsində yeni yaradılmış tikiş sahəsi, taxta emalı sahəsi, istixana və dekorativ ağacların (müxtəlif növdə şam ağacları) becərilməsi sahəsində işlər davam etdirilir. Müəssisədə fərdi əmək sahəsi üzrə müxtəlif çeşidlərdə suvenirlərin (nərd, mücrü, təsbeh və s.) hazırlanması həyata keçirilir.

Azvision.az



Teqlər: İş   Türmə  





Xəbər lenti