“İkinci dəfə “neft bumu” tələsinə düşməməliyik” – Ekspert

   “İkinci dəfə “neft bumu” tələsinə düşməməliyik” –    Ekspert
  21 Oktyabr 2021    Oxunub:946
“Azeri Light” neftinin 1 barrelinin qiyməti 85 ABŞ dollarını keçib. Gəlirlərimizin artması baxımından bu, əlbəttə, çox yaxşıdır. Amma təəssüf ki, medalın digər üzü də var: Neftin yüksək qiymətləri gəlirlə yanaşı, fəsadlar və risklər də doğurur. Bizim hökumət onlara indidən hazır olmalıdır.
Bu sözləri AzVision.az-a iqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadə deyib. Onun sözlərinə görə, hər şeydən əvvəl, neftin dünya bazarında yüksək qiymətləri bütün məhsulların bahalaşması deməkdir. Bizim isə idxaldan asılılığımız çoxdur. Nəticədə, ölkəyə “infliyasiya idxalı” böyük miqyaslar alır.

- Əslində ölkəyə valyuta axını çoxaldığından, manat təbii olaraq, möhkəmlənməlidir. Alt qatda bu proses gedir: manat möhkəmləndikcə, maliyyə sabitliyimizvə makroiqtisadi dayanıqlıq güclənir. Sadəcə, Mərkəzi Bank milli valyutamızın məzənnəsinin qalxmasına imkan vermir. Problem ondadır ki, bizim xarici valyuta gəlirlərimiz məhdud çeşiddə məhsul qrupundan əldə olunur, bu isə riskləri artırır. İndi əgər Mərkəzi Bank manatın məzənnəsini yüksəltsə, bu, əsasən neftin sürüşkən zəmininə söykənəcək. Neftlə bağlı proqnozlar isə, optimist olsa da, heç kim sabah vəziyyətin necə olacağına zəmanət verə bilməz. Hər hansı səbəbdən neftin qiymətləri qəfil düşsə, manat “quru yerdə qalacaq”. 2015-2016-cı illərdə bunun şahidi olmuşuq. O vaxt Mərkəzi Bank 1 il ərzində sadəcə daxili valyuta bazarında manatın dəyərini qoruyub saxlamaq üçün 11 milyard dollardan çox vəsait xərcləmişdi. Bu, praktik olaraq, havaya sovrulan pullar idi… Halbuki, o vəsait vaxtında qeyri-neft sektorunun inkişafına yönəldilsə, bəlkə heç həmin vəziyyət də yaranmazdı,- professor bildirib.

Əlibala Məhərrəmzadənin sözlərinə görə, 6 il əvvəl neft ucuzlaşandan sonra qəfildən aydın oldu ki, qeyri-neft sektorunun inkişafında gecikmişik; ölkədə “əlimyandı”da islahatlar keçirildi, qeyri-neft sektorunu inkişaf etdirmək üçün proqramlar, “yol xəritələri” qəbul olundu və bütün bunlar müəyyən nəticələr də Verdi: “Qeyri-neft sektorunda inkişaf başladı, amma hələ də arzu olunan səviyyəyə çatılmayıb. İndi isə yeni neft bumunun başlaması ərəfəsindəyik. Gəlirlərimiz artır, amma yenə də enerji ixracının hesabına… Sanki spiral bir dəfə burulub və indi ikinci dövrə başlayır”.

Ekspert güman edir ki, Mərkəzi Bankın manatın məzənnəsini qaldırmaması birinci böhradan çıxarılan dərslərlə bağlıdır. Amma bundan da önəmli məsələ var.
- Hazırda ölkədə qeyri-neft məhsullarının ixracı artır: ilin ilk 8 ayında 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da, keçən ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Biz çox vacib bir “qırmızı xətt”ə yaxınlaşırıq: neft bahalaşdıqca, idxal artır, yerli istehsalın vəziyyəti çətinləşir. Ölkəyə pul gəlir və həmin pula hazır nəsə almaq daha cazibəli variantdır, nəinki əziyyət çəkib, istehsal etmək. Biz ikinci dəfə bu tələyə düşməməliyik. Nə olursa-olsun, bu dəfə neftin bahalaşması qeyri-neft sektoru üçün buxova çevrilməməlidir. Yəqin ki, hökumət də bunu bilir və artıq müvafiq planlar qurur,- Əlibala Məhərrəmzadə bildirib.


Teqlər: Neft   Manat   Dollar  





Xəbər lenti