Safura Əlizadənin atasına şərti cəza verildi

  Safura Əlizadənin atasına şərti cəza verildi
  22 Dekabr 2021    Oxunub:2217
Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən Səlim Əlizadə son söz deyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, Fərhad Mollazadə və Səlim Əlizadə hər biri 6 il həbs cəzasına məhkum edilib. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumluq) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza seçilib.

Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi - 167 min manat Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.

Xatırladaq ki, prokuror Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti