Yaxın Şərqin qaranlıq şahzadəsi - BƏƏ-nin yeni Prezidenti kimdir?

    Yaxın Şərqin qaranlıq şahzadəsi    - BƏƏ-nin yeni Prezidenti kimdir?
  14 May 2022    Oxunub:1705
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib. Bir gün sonra yeni Prezidenti bəlli oldu. Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçildi.
AzVision.az onunla bağlı xarici mətbuatda kiçik araşdırma aparıb. Məlum olub ki, yeni Prezident Yaxın Şərqin qaranlıq şahzadəsi adlandırılır. Bəs, Birləşmiş Ərəb Əmirliklərinin bir nömrəli adı, regionun bir çox ölkəsinə müdaxilələri olan

Məhəmməd bin Zayed Al Nəhyan kimdir?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan ölkənin ali baş komandanının müavini və BƏƏ-nin qurucusu və ilk prezidenti Şeyx Zayed Bin Sultan Əl Nəhyanın oğullarından biridir. Rəsmi olaraq vəliəhd tituluna sahib olsa da, Məhəmməd bin Zayed ölkənin əsas hökmdarı idi. Bin Zayed 11 mart 1961-ci ildə Əbu-Dabinin Ayn şəhərində anadan olub.

BƏƏ-nin rəsmi mənbələrinə görə, o, 1979-cu ildə Britaniya Kral Hərbi Akademiyasını bitirib. Orada o, xüsusilə zirehli silahlar, helikopterlər, taktiki uçuş və paraşütlə tullanma üzrə təlimlər keçib. Qərb mediasında "MBZ" kimi tanınan Məhəmməd bin Zayed həm hərbi, həm də mülki sahədə çoxsaylı vəzifələr götürüb. O, 1993-cü ildə müvafiq olaraq BƏƏ Hərbi Hava Qüvvələrinin komandanı, Qərargah rəisinin müavini və Qərargah rəisi təyin edilib.
O, atasının Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi idi.



O, 2003-cü ildə Əbu-Dabinin vəliəhd şahzadəsinin müavini olub. 2004-cü ilin noyabrında atası vəfat etdikdən sonra böyük qardaşı Xəlifə bin Zayed ölkə prezidenti təyin olundu, o isə vəliəhd elan edildi. Təxminən bir ay sonra o, Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri, 2005-ci ilin yanvarında BƏƏ-nin Ali Baş Komandanının müavini olur. Bu vəzifələrə əlavə olaraq, “MBZ” Abu Dabi Təhsil Şurasının sədri, sərvət fondu statusuna yaxın dövlətə məxsus investisiya və inkişaf şirkəti olan “Mubadala”nın İdarə Heyətinin sədri, “Tawaz”un (balans - Red) sədri vəzifəsini də icra edir, İqtisadi Proqram Bürosu (Ofset) və Neft Yüksək Şurasının üzvüdür.

Məhəmməd bin Zayidin böyük qardaşı Xəlifə bin Zayed heç vaxt ölkənin əsl hökmdarı olmayıb. Məhəmməd bin Zayedin icraçı rolu 2014-cü ildə Kralın beyinlə bağlı ciddi sağlamlıq problemlərindən sonra daha aydın görünməyə başladı.

BƏƏ-də Məhəmməd bin Zayedin dövrü

Daxili siyasətdəki tərəfdarları Məhəmməd bin Zayedi BƏƏ-də təhlükəsizlik və inkişafı təşviq edən təşəbbüslərin memarı kimi təqdim etməyə çalışırlar. Amma digər tərəfdən, ictimaiyyətin başqa bir hissəsi onun öz xalqına təzyiq edən və bölgədə yanğın törədən şəxs olduğunu iddia edir. Onun atası Şeyx Zayed bin Sultanın dövründə BƏƏ ərəb və müsəlman dünyasında xeyirxahlığı və daxili işlərə qarışmama siyasəti ilə tanınsa da, BƏƏ Məhəmməd bin Zayidin dövründə fərqli yol tutdu. Hərbi hazırlığına görə Silahlı Qüvvələrə böyük önəm verən Məhəmməd bin Zayed bir tərəfdən ölkəsinin hərbi imkanlarını genişləndirir, digər tərəfdən də bölgənin bir çox ölkəsinə həm siyasi, həm də hərbi cəhətdən müdaxilə edirdi.



Robert F. Vorth “New York Times” jurnalında Məhəmməd bin Zayed barədə yazıb: “11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə və ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) edilən hücumlar, 19 hücumçudan 2-nin BƏƏ vətəndaşları, Məhəmməd bin Zayed üçün bir dönüş nöqtəsi oldu. Şeyx bildirdi ki, “Dünyanın mərkəzi olan Nyu York belə hücuma məruz qalsa, görün biz nə qədər müdafiəsizik”. O, ölkəsinin təhsildən maliyyəyə qədər bütün təhlükəsizlik zəifliklərini aşağıdan yuxarıya qədər nəzərdən keçirdi. 1,3 trilyon dollarlıq dövlət sərvət fondlarına nəzarət edən bin Zayed radikal təşkilatlara və siyasi islam birləşmələrinə qarşı böyük müharibəyə başladı”.

Yaxın Şərqdə əks-inqilabların sponsoru

2011-ci ildə Yaxın Şərqdə “ərəb baharı” kimi tanınan qiyamlar prosesi onun üçün ayrıca qırılma nöqtəsi oldu. Küçələrə çıxan xalqın demokratiya və islahat tələblərinin ölkəsinə sıçrayacağından narahat olan Məhəmməd bin Zayed əks-inqilabi qüvvələrə hər cür dəstək verdi və üsyanların məqsədlərinə çatmaması üçün var gücü ilə çalışdı.



Məhəmməd bin Zayed 2013-cü ildə Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra keçirilən ilk demokratik seçkidə Prezidentliyə gələn Məhəmməd Mursinin vəzifədən uzaqlaşdırılmasında da mühüm rol oynayıb. Bin Zayed Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla yaxın münasibətdə olduğu halda, Misirdə hərbi çevrilişə rəhbərlik edən general Əbdülfəttah Sisiyə siyasi və maliyyə yardımı göstərdi. Həbs olunaraq məhkəmə qarşısına çıxarılan Mursi müxtəlif ittihamlarla 2019-cu ildə məhkəmə zalında dünyasını dəyişib.

O, Liviyada əks-inqilaba rəhbərlik edən general Xəlifə Haftara hərbi və maliyyə dəstəyi verərək, 2015-ci ildən Yəməndə müharibə aparır. İranın dəstəklədiyi şiə husilərə qarşı başladılan müharibədə hədəflərini yeniləyib və Yəməndəki Müsəlman Qardaşlarına yaxınlığı ilə tanınan İslah Partiyasını da əlinin altına saldı.



Körfəz bölgəsində gərgin küləklər

Onun dövründə BƏƏ də qonşu Körfəz ölkələri ilə böhranlar yaşayıb. Omanın 2011-ci ildə BƏƏ ilə əlaqəli casusluq şəbəkəsini ifşa etməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Oman şəbəkənin ölkədəki administrasiyanı, ordunu və hökuməti hədəf aldığını bildirsə də, BƏƏ bütün iddiaları rədd etdi. 2017-ci ildə BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misirin Qətərlə əlaqələri kəsməsi Körfəz bölgəsində gərginliyi artırıb.

Sözügedən ölkələr Qətərlə quru, dəniz və hava yollarını da kəsərkən, BƏƏ sosial media platformalarında Qətərlə həmrəylik nümayiş etdirən vətəndaşlarına 15 il həbs cəzası verəcəyini açıqlayıb. Qətər həmçinin BƏƏ-ni Vaşinqtondakı səfiri Yusuf Utayba vasitəsilə Qərbdə Dohaya qarşı qarayaxma kampaniyası aparmaqda ittiham edib. Uteybənin mediaya sızan elektron məktubları onun Qətəri terrorla əlaqələndirmək cəhdlərini ortaya çıxarıb.



BƏƏ-nin liman yarışı

İllər əvvəl BƏƏ-nin milli liman əməliyyat şirkəti “DP World” neft gəlirlərindən asılı olan ölkə iqtisadiyyatında müxtəlifliyi artırmaq üçün dəniz ticarətində qabaqcıl olmağı hədəfləyib. Onun dövründə BƏƏ-nin geosiyasi sahədə genişlənməsindən istifadə edərək limanları tutmaq yarışını sürətləndirən şirkət, xüsusilə Yəmən və Misirdəki bəzi limanları ələ keçirib. O, 2015-ci ildən bəri müharibə apardığı Yəməndə əvvəldən limanlara diqqət yetirib. O, Muha və Mukella limanlarını, həmçinin Ədən körfəzinə baxan, mövqeyinə görə strateji əhəmiyyət kəsb edən Ədən limanını ələ keçirib.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi qüvvələrin Qırmızı dənizin strateji əhəmiyyəti olan Hudeyda limanını husilərdən ələ keçirmək cəhdlərini də bu kontekstdə görmək olar. Misirdəki zərbəçi rejimi dəstəkləyən BƏƏ, Süveyş kanalının cənub girişi yaxınlığındakı Ayn Suhna limanını idarə edir və kanalda böyük sənaye zonası əməliyyatı müqaviləsini təmin edib. Misirin Aralıq dənizi sahilində liman tikintisi layihəsi də var. 40 müxtəlif ölkədə fəaliyyət göstərən və 70-dən çox limanı idarə edən şirkətin adı xüsusilə Afrikada korrupsiya ilə hallandı.



Ətrafındakı xaricilər

Digər diqqətçəkən məqam isə Məhəmməd bin Zayedin ölkəsi və regionu ilə bağlı siyasətini reallaşdırmaq üçün xarici adlarla işləməyə üstünlük verməsidir. O, Ağ Evin terrorla mübarizə üzrə keçmiş eksperti Riçard Klarkı məsləhətçi kimi işə götürdü, avstriyalı general Mayk Hindmarşı şəxsi ordusunun başına qoyaraq, Yaxın Şərqdə əcnəbini öz ordusuna rəhbər təyin edən ilk lider kimi tarixə düşdü.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti