Sərdar Cəlaloğlu müxalifəti düşmənçilikdə ittiham etdi

Sərdar Cəlaloğlu müxalifəti düşmənçilikdə ittiham etdi
  21 Aprel 2014    Oxunub:963
“Müxalifətdə siyasi aktivlik müşahidə olunmamasının obyektiv və subyektiv səbəbləri var”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ölkənin siyasi gündəmini şərh edərkən deyib.

O vurğulayıb ki, müxalifət düşərgəsində siyasi aktivliyin hiss olunmaması Azərbaycandan kənarda baş verən hadisələrlə bağlıdır.

“Belə durumda hansısa siyasi aktivlik nəzarət olunmayan proseslərə keçə bilər, bu da dövlət üçün təhlükəlidir. Mən Ukrayna hadisələrini nəzərdə tuturam ki, bu proses başa çatana qədər keçmiş SSRİ məkanında siyasi aktivlik “ərəb baharı” variantını yarada bilər. Ona görə də biz “ərəb baharın”dan yan keçmək istəyiriksə, Ukrayna hadisələri başa çatana qədər ölkədə ciddi siyasi aktviliyə getməməliyik”.

Subyektiv səbəblərə gəlincə isə partiya sədri deyib ki, bu, müxalifətin öz yoldaşlarına, siyasi müxalifətçiliyin qaydalarına münasibəti ilə əlaqədardır:

“Məsələn, bəzi partiyalar başqa partiyaları düşmən elan edir. Bəzi partiyalar hesab edir ki, müxalifətçilik ancaq bu cür ola bilər. Mənim yadıma gəlir ki, əvvəlki illərdə müxalifət partiyaları çoxlu sayda tədbirlər keçirirdi. Bu da ikinci səbəbdir. Digər bir səbəb isə beynəlxalq təşkilatların müxalifətə diqqətinina azalması ilə bağlıdır. Əvvəlki illərdə həm buradakı diplomatik missiyalar müxalifətlə əlaqələr saxlayırdı. Səfirlər partiya sədrləri ilə görüşürdü”.

S.Cəlaloğlu beynəlxalq təşkilatların müxalifətə diqqətinin azalmağının səbəbinə aydınlıq gətirib:

“Bunun əsas səbəbi həmin təşkilatların tövsiyələrinin yerinə yetirilməməsidir. Məsələn, onlar tövsiyə edir ki, indiki mərhələdə müxalifət mövqeyi bu cür olmalıdır, amma müxalifət bunla razılaşmır. Bundan başqa beynəlxalq təşkilatlar Ukraynada gedən hadisələri yəqin ki, nəzərə alır. Çünki keçmiş SSRİ məkanında eyni vaxtda bir neçə ölkədə münaqişə olacağı təqdirdə beynəlxaq ictimaiyyət ümumiyyətlə gücsüzləşə bilər. Bir Ukrayna var, hətta onun da öhdəsindən gələ bilmir”-deyə ADP sədri qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti