Metronun yeni rəisi nə iş görür? - ARAYIŞ

Metronun yeni rəisi nə iş görür? - ARAYIŞ
  23 Aprel 2014    Oxunub:4877
Bir neçə gündən sonra “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Zaur Hüseynovun təyinatının 2 ayı tamam olacaq. Bu ilin fevralın 27-də prezident İlham Əliyevin sərəncamı ilə Tağı Əhmədov 15 il çalışdığı postdan azad edilərək əvəzində Zaur Hüseynov onun yerinə təyinat alıb.

Yeni sədr fəaliyyətə başlayan ilk gündən bir sıra dəyişikliklərə imza atdı. Belə ki, Z.Hüseynovun ilk işi metro keçidlərində ticarət köşklərinin ləğv edilməsi oldu. Yeni rəisin bu addımı gözlənildiyi kimi birmənalı qarşılanmadı. Metro keçidlərinə ticarətlə məşğul olan sahibkarlar mağazalarının bağlanmasına etiraz edərək Z.Hüseynovu qərarından döndərməyə çalışdılar. Lakin bu alınmadı. Yeni rəis fikrindən dönməyərək keçidləri alış-verişdən təmizləyə bildi.



Göründüyü kimi Z.Hüseynov ilk işinə Tağı Əhmədovun buraxdığı səhvləri aradan qaldırmaqla başladı. İllərdir qanunsuz olaraq küçə bazarına çevrilən metro keçidlərinin təmizlənməsi ictimaiyyət arasında rezonans doğursa da Z.Hüseynovun addımı təqdirəlayiq idi. Yeni rəisin qərarı ilə 1194 ticarət köşkü martın sonunadək metro keçidlərindən yığışdırıldı.



Təmizləmə başa çatdıqdan sonra metro keçidlərinin təmirinə start verildi. Hazırda bəzi metro keçidlərində təmir davam etdirilir.

Z.Hüseynov daha sonra qatarlarda oğurluq və cibgirliyin qarşısını almaq üçün dilənçilərin metroya girişinə qadağa qoydu. Yeni rəisin qatarlarda səyyar satışısın qarşısını almaq üçün stansiya rəislərinə ciddi tapşırıqlar verdiyi də diqqətdən yayınmır.

Metropoliten rəisinin daha bir qərarı reklamlarla bağlıdır. Bu barədə rəsmi qərar olmasa da, müşahidələrimiz göstərir ki, on bir ayda metro stansiyalarında, qatarlarda reklam lövhələri tamamilə yığışdırılır. İki ay öndə vəziyyət tam əksinə idi. Tağı Əhmədov zamanı metro stansiyalarında ödənişli reklamlar eninə-boluna yer alırdı.

Metroda reklamların nə üçün yığışdırılmasının səbəbi bilinməsə də, Z.Hüseynovun bu addımının islahatlar planına daxil olduğu məlumdur.

Doğrudur, metronun yeni rəisi 2 aylıq fəaliyyəti dövründə bir dəfə də olsa jurnalistlər qarşısına çıxmayıb.

Metropoliten rəsmiləri hesab edirlər ki, hazırda qurumda struktur dəyişikliyi gedir, bu baxımdan Z.Hüseynov işlərini başa çatdırandan sonra media qarşısına çıxaraq sözünü deyəcək.

Xatırlayırsınızsa bu barədə qurumun keçmiş mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva saytımıza açıqlamasında bildirmişdi:

“Mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Zaur müəllim jurnalistlərdən niyə qaçsın ki? Hazırda qurumda struktur dəyişikliyi həyata keçirilir. Nizamnamə, əsasnamə dəyişilir. 1-2 ay vaxt lazımdır ki, bu işlər sona çatsın. Bundan sonra Z.Hüseynov jurnalistlərlə görüşəcək”.

Qurumda ciddi kadr dəyişikliyinin aparıldığı bir vaxtda Z.Hüseynov Nəzakət Tanrıverdiyevanı mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxararaq keçmiş işçisini bu posta gətirdi.

Z.Hüseynovun əmri ilə QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsi “Bakıelektrikşəbəkə” ASC Mətbuat Xidmətinin əməkdaşı Nəsimi Paşayeva həvalə edilib. Qurumun nizamnaməsi Nazirlər Kabineti tərəfindən hələ təsdiqlənmədiyindən Nəsimi Paşayev rəsmi fəaliyyətə başlamayıb.

“Hələ təyinat olunmayıb. Çünki, Nazirlər Kabineti Metropolitenin nizamnaməsini təsdiq etməyib”.

Nəsimi Paşayev Məzahir oğlu 1975-ci ildə yevlax rayonunda anadan olub. 2000-ci ildə Ankara Universitetinin İletişim fakültəsinin radio-televiziya və kino ixtisasını bitirib. Evlidir.

Z.Hüseynovun kadr islahatlarının bununla bitməyəcəyi bəllidir. Onun rəhbər postlara da əl gəzdirəcəyi gözlənilir.

Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə başçısının sərəncamının aprelin 27-də 2 ayı tamam olacaq. Prezidentin sərəncamına əsasən, “Bakı Metropoliteni” QSC-nin tam formalaşması üçün 2 ay vaxt verilib. Vaxtın başa çatmasına cəmi 4 gün qalıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq edilsin.

Bütövlükdə təyinatından cəmi 2 ay keçməsinə baxmayaraq Z.Hüseynovun ilk addımlarının uğulu alındığını hesab etmək olar.

Xatırladaq ki, Z.Hüseynov bu vəzifəyə təyin olunana qədər “Bakıelektrikşəbəkə” ASC sədrinin müavini vəzifəsini tutub. O, 2007-ci ildən bu postda çalışıb.

51 yaşlı Z.Hüseynov əvvəllər “Qaradağ-Sement” ASC-ni baş müsahibi olub. Oradan “Bakıelektrikşəbəkə” ASC-yə rəis müavini gəlib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti