Avropada ilk azərbaycanlı nazir: “Kökümlə fəxr edirəm”

Avropada ilk azərbaycanlı nazir: “Kökümlə fəxr edirəm”
  25 Aprel 2014    Oxunub:1074
“Azərbaycanlı qanım, inadkarlığım öz biznesimi yaratmağa kömək etmişdir. Axı, azərbaycanlılar böyük diplomatdırlar. Bu keyfiyyət isə uğurlu işgüzar fəaliyyətin əsas amilidir”.

Bu sözləri müsahibəsində Latviyanın yeni təyin olunmuş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.

Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. İdris İbrahimovun çoxlu nəvəsi və nəticəsi var. Onlara uşaqlıqdan böyüklərə hörmət, zəhmətə məhəbbət hissləri aşılayırlar. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb. Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır.

“Ailəmizin öz gerbi var. Bu gerb ailənin çiçəklənməsinə olan ən işıqlı ümidlərlə yaradılmışdır. Ailəmizin əsas dəyərlərini əks etdirən devizimiz isə belə səslənir: “İşimiz əlimizdə, günəş ürəyimizdədir”” – deyə R.Naudinş bildirib.

“Azərbaycanlı qanım, inadkarlığım öz biznesimi yaratmağa kömək edib. Axı azərbaycanlılar böyük diplomatdırlar. Bu keyfiyyət isə uğurlu işgüzar fəaliyyətin əsas amilidir”.

R.Naudinş siyasət aləminə biznesdən gəlib. O, floristika aksessuarlarının, qablaşdırma materiallarının istehsalı üzrə müəssisəyə başçılıq edir. Bu müəssisənin məhsulları Almaniya bazarının 50 faizini əhatə edir.

Ötən həftə ilk dəfə Bakıya səfər edən R.Naudinş təəssüratlarını bölüşərək deyib: “Çox təsirləndim, çox həyəcanlandım. Axı, ilk dəfə öz tarixi Vətənimə, əcdadlarımın torpağına ayaq basırdım. Azərbaycanın paytaxtı çox gözəldir. Məşhur Azərbaycan qonaqpərvərliyi məni və ailəmi valeh etdi. Evə qayıdanda həyat yoldaşım dedi: “Nağıldan gerçəkliyə”.

R.Naudinş bildirib ki, Azərbaycan qısa tarixi zaman kəsiyində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib, möhkəmləndirib və inkşaf etdirib.

R.Naudinşin sözlərinə görə, bir azərbaycanlı kimi onu da Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahat edir. Onun fikrincə, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
“Ezamiyyətlərim zamanı mən həmişə xarici həmkarlarıma artıq 20 ildən çox davam edən bu ədalətsizlikdən danışıram”.

R.Naudinş deyib ki, növbəti dəfə Bakıya artıq ətraf mühitin mühafizəsi və regional inkişaf naziri kimi gələcək: “Bizi su hövzələrinin neft tullantılarından, turş qudronlardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi maraqlandırır. Biz regionlarda vergi sisteminin sadələşdirilməsi, paytaxtın hüdudlarından kənarda kiçik və orta biznesin dəstəklənməsi məsələlərini də müzakirə etmək istərdik”.

Nazir vurğulayıb ki, Azərbaycan və Latviya iki dost dövlətdir. Əlaqələrimiz yalnız möhkəmlənir.

“Mən səfir Elman Zeynalovun rəhbərliyi ilə Azərbaycanın Latviyadakı səfirliyinin ikitərəfli əlaqələrin genişlənməsi sahəsindəki fəaliyyətini vurğulamaq istərdim”.

Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatına da başçılıq edən nazir deyib: “Latviyada təxminən 2 min azərbaycanlı yaşayır. Həmvətənlərimiz öz köklərini unutmadan bu ölkənin milli ənənələrinə ehtiramla yanaşırlar. Onların çoxu Latviyanın potensialının möhkəmlənməsinə öz töhfəsini verir. Yəqin ki, mən Avropa ölkəsində azərbaycanlı kökləri olan ilk nazirəm. Mən bunu unutmuram və bununla fəxr edirəm”.(AzərTAc)




Teqlər:  





Xəbər lenti