Qəzənfəroğlu ilə Orduxanlının `söz dueli`

Qəzənfəroğlu ilə Orduxanlının `söz dueli`
  25 Aprel 2014    Oxunub:975
Millət vəkili Fazil Qəzənfəroğlu ilə BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı arasında sosial şəbəkədə başlayan mübahisə maraqlı reaksiyalara səbəb olub. Hər şey Orduxanlının bu statusundan başlayıb:
“Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu “soyqırımı” tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə başsağlığı mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş dalınca gedən ermənilərə hər cür şərait yaradılıb... İndiki vəziyyətdə Ərdoğanın bu mövqeyini daim müdafiə edən BQP sədri, millət vəkili Fazil Mustafanın münasibəti neçə olacaq? Bəziləri Fazil bəyi nurçu adlandırır. Mən isə heç vaxt onu nurçu hesab etməmişəm. Fazil bəy BQP-çidir...”

Fazil bəyin reaksiyası özünü çox gözlətməyib: “Niyaməddin bəy, yazıb xahiş etdim, bundan sonra Ərdoğan hansısa açıqlama verəndə mütləq Sizin rəyinizi öyrənəndən sonra hərəkət edəcək! Dəyərli tövsiyələrinizi Türkiyə Cumhuriyyətinin Baş nazirindən əsirgəməyəcəyinizi düşünürəm”.

Niyaməddin Orduxanlı: “Fazil bəy, onsuz da eşidən deyil. Nahaq əziyyət çəkmisiniz. Mənə bu gün sizin münasibətiniz daha vacibdir, nəinki ermənilərdən üzr istəyən Ərdoğanın... İndi siz deyirsiniz ki, Ərdoğan düz edib, üzr istəyib?!”

Fazil Qəzənfəroğlu: “Mən də gərək münasibət bildirməzdən öncə sizdən məsləhət alardım. Ümumiyyətlə bir ölkənin baş nazirini təhqir etmək yanlış bir addımdır”.

Niyaməddin Orduxanlı: “Kim sizə dedi ki, niyə bunu demisiniz? Və niyə bu qənaətə gəlmisiniz ki, buna görə bizdən məsləhət almalısınız? Sizinlə tam razıyam ki, nəinki baş naziri, adi vətəndaşı da təhqir etmək olmaz. Molla sözünü təhqir hesab edirsiniz? Ərdoğanın Azərbaycanla bağlı son illərdə apardığı siyasətə nəzər yetirəndə bizim Azərbaycan dövlətinin daha çox təhqir olundugunu görürük. Ermənistanla sərhədləri açmağa cəhd, hər il Türkiyə ilə Ermənistan arasında milyonlarla dollarlıq ticari əlaqə, Azərbaycan bayraqlarını Türkiyədə zibil qutularına yığmaq. İndi də ermənilərdən üzr istəmək...”

Fazil Qəzənfəroğlu: “Nə isə. Yanlış bir müzakirə açmısınız. Bu mövzuda öz fikirləriniz varsa, onu açıqlayın. Başqalarının düşüncələrini sorğulamaq doğru davranış sayılmaz. Hər halda, hesab edirəm ki, Ərdoğanın apardığı siyasət Azərbaycanı təhqir etsəydi, Azərbaycan Prezidenti onunla bu qədər səmimi münasibət qurmazdı”.

Niyaməddin Orduxanlı: “Fazil bəy, BAXCP uzun müddətdir ki, bu fikiləri qabardır və öz etirazını bildirir. Bu elə bizim fikirlərimizdir. Hər kəsin münasibətinə də birbaşa hörmətlə yanaşmışıq. O cümlədən də sizin. Mən isə hesab edirəm ki, Qarabağ Ermənistanın işğalında ola-ola hər il Türkiyənin milyonlarla ticarət qurması bizim millətə təhqirdir... Və erməni nəvələrindən üzr istəməsi isə bütövlükdə TÜRK millətinə qarşı həqarətdir!”

Fazil Qəzənfəroğlu: “BAXCP-nin Türkiyə ilə bağlı mövqeyinin əksər məqamlarını bölüşmürəm, ancaq hörmətlə yanaşıram. Qarabağ üçün özümüz lazım olanı etsək, Türkiyəni də bu qədər qınamarıq. Hər dövlətin öz yanaşması var və məncə Azərbaycan öz üzərinə düşəni etməyə çalışmalıdır”.

Niyaməddin Orduxanlı: “Fazil bəy, yazırsınız ki, prezident İlham Əliyev Türkiyənin Baş naziri ilə səmimi münasibət qurur. Prezident İlham Əliyev Azərbaycan Respubikasının Prezidentidir. O, Rusiya Prezidenti Putinlə də, ABŞ Prezidenti Barak Obama ilə də səmimi münasibət qurur və bu başa düşüləndir. Axı siz müxalifət partiyasının sədrisiniz. Siz niyə Ərdoğanı yorulmadan və dayanmadan müdafiə edirsiniz?! Sizi Ərdoğanla nə bağlayır? Niyə bu dərəcədə Ərdoğanın müdafisəsi ilə bağlı yazılar yazırsınız? Ola bilərmi ki, siz Türkiyədə yaşayan zamanlarda Ərdoğan hakmiyyətinin sizə köməyi dəyib? Maddi dəstəkdən tutmuş, mənəvi dəstəyə qədər... Bir də niyə molla Ərdoğan sözünü təhqir hesab edirsiniz?”


Teqlər:





Xəbər lenti