Avtovağzalda süni qiymət artımı: sərnişinlər narazıdır

Avtovağzalda süni qiymət artımı: sərnişinlər narazıdır
  26 Aprel 2014    Oxunub:1243
Son günlər Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası avtobuslarda gediş haqqları qaldırılıb. Bu barədə AzVision.az-a sərnişinlər məlumat verib. Bildiriblər ki, paytaxtdan Gəncəyə gedən marşrutlarda gediş haqqı 5.57 qəpikdən 7 manata artırılıb.
Belə ki, kassalarda biletlər 5.57 qəpik olsa da, onlar sərnişinlərə 7 manatdan biletləri satırlar. Sərnişinin Avtovağzalda rastlaşdığı hadisəni təqdim edirik:

“Bu gün Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası avtobuslarda gediş haqqının qaldırıldığının şahidi oldum. Gəncəyə yola düşməkdə olan avtobusa yaxınlaşanda, sürücü gediş haqqının 7 manat olduğunu dedi. (Bu günə qədər Gəncəyə biletin qiyməti 5 manat 57 qəpik olsa da. hər dəfə 6 manat alırdılar). Qiymətlərin qaldırılması barədə mətbuatdan xəbər oxumadığım üçün sürücünün sözünə inanmadım. Amma digər avtobusa sərnişin səsləyən şəxs də bildirdi ki, Gəncəyə bilet 7 manat olub. Bundan sonra 1-ci mərtəbəyə düşüb kassaya yaxınlaşıb Gəncə avtobusuna bilet istədim. Kassir məni bir az süzəndən sonra mobil telefonu ilə kiməsə zəng elədi və çox astadan dedi ki, "burda bir oğlan bilet istəyir, görkəmindən dövlət adamına oxşayır, verimmi"?

Qarşı tərəfdən razılıq alan kassir dərhal bir bilet yazaraq mənə verdi. Həmişə "6 manat verəcəksiniz" deyən bu kassir bu dəfə səssiz dayandı. Mən isə əlimdə hazır tutduğum 6 manatı kassirə verdim. Kassirin bu davranışını və kassanın qarşısında Gəncə şəhərinə gediş haqqının 5 manat 57 qəpik olduğunu görüncə başa düşdüm ki, 7 manat məsələsi avtovağzal rəhbərliyi və sürücülərin öz aralarında olan anlaşmalarıdır”.

Sürücülər isə qiymət artımına səbəb kimi benzinin qiymətinin bahalaşmasını göstəriblər. Sürücülər bildiriblər ki, Avtovağzalda avtobusların giriş haqqı 8 manatdan 10 manata qaldırılıb.

“Heç bilirsiniz niyə bileti qaldırmışıq? Yanacağın qiymətini qaldırıblar. Bizə yanacağı avtovağzaldan pulsuz vermirlər ki. Həm təzə qiymətlə yanacaq verirlər, həm də əlavə haqq alırlar. Məcbur edirlər ki, yanacağı avtovağzaldan tökək. Özü də 100 manatdan az yanacaq tökə bilməzsən. Çıxanda qapıda həmişə 8 manat verirdik, dünəndən 10 manata qaldırıblar. Həmişə 230 manatnan çıxırdıq, indi 260 manatnan çıxa bilmirik. Bizdən də alırlar. Sizin bilmədiyiniz çox şeylər var. “Şofer” adam deyil, “şofer” kimdən əksik adamdı? Bəs biz necə dolanaq? Bizi də başa düşün".

Qeyd edək ki, Avtovağzalda qiymət artımı təkcə Gəncəyə gedən avtobuslarda deyil, eləcə də digər bölgələrə də daxildir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti