ASAN-ın əməkdaşları Avropa Parlamentində təcrübə keçəcəklər

  27 Aprel 2014    Oxunub : 456
ASAN-ın əməkdaşları Avropa Parlamentində təcrübə keçəcəklər
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatı (AzeDer) arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev hazırda “ASAN xidmət” mərkəzlərində 300-ə yaxın əməkdaşın çalışdığını və bu onların orta yaş həddinin 28 olduğunu diqqətə çatdırmışdır. Tamamilə gənc kadrlardan ibarət olan bu mərkəzlər yarandıqları vaxtdan bu günədək 1 milyon 500 min nəfərə yaxın əhaliyə müxtəlif xidmətlər göstərib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, həm də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşların ixtisas artırma kurslarına, vəzifəyə uyğun beynəlxalq təcrübəyə yiyələnmələri diqqət mərkəzində saxlanılır. Bu Anlaşma Memorandumunun imzalanmasının məqsədi “ASAN xidmət”in gənc əməkdaşlarının “AzeDer” Təşkilatının dəstəyi ilə beynəlxalq qurumlarda, Avropa Parlamentində və digər strukturlarda təcrübə keçmələrini təmin etməkdir.

“AzeDer” Təşkilatı sədrinin müavini Abbas Məmmədov bildirmişdir ki, təmsil etdiyi qurum 2013-cü ildə təsis edilmiş və təşkilatın baş qərargahı İstanbulda yerləşir. Təşkilat təhsil, mədəniyyət və həmrəylik istiqamətlərində Azərbaycan üçün çalışmağı qarşısına məqsəd qoymuş ünsiyyət və fəaliyyət məkanı olan azərbaycanlı gənclərin şəbəkəsidir.

“AzeDer” Təşkilatı azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə öz töhfəsini verə bilməsi və bununla yanaşı, gənclərin özünü inkişaf etdirə bilməsi üçün qurulmuş bir təşkilatdır. Təşkilat Avropa Parlamenti, BMT-nin Sənaye İnkişaf Təşkilatı, ABŞ Konqresi, “Statoil” şirkəti və dünyanın digər qurumları ilə əməkdaşlıq edir.

İki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) sədrinin müavini Ülvi Mehdiyev və “AzeDer” Təşkilatı sədrinin müavini Abbas Məmmədov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlar cari ilin sonunadək iki mərhələdə Avropa Parlamentində təcrübə keçəcəklər. Həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclər də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində təcrübədə olacaqlar.

Teqlər: