ABŞ Dövlət Departamenti Azərbaycanın terrorçuluqla mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdi

ABŞ Dövlət Departamenti Azərbaycanın terrorçuluqla mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdi
  02 May 2014    Oxunub:945
ABŞ Dövlət Departamenti dünya ölkələrinin 2013-cü ildə terrorizmə qarşı mübarizə sahəsində gördüyü işlərlə bağlı hesabatı yayımlayıb. Hesabatın Azərbaycanla bağlı bölümündə deyilir ki, ölkəmiz ABŞ ilə terrorizmə qarşı mübarizə sahəsindəki güclü əməkdaşlığını qoruyub saxlayıb və Qafqazda insanların, pulun və əmlakın qanunsuz hərəkətinə çalışan terrorçu təşkilatlara qarşı fəal mübarizə aparıb.

Hesabatda deyilir ki, Azərbaycan terrorizmə qarşı mübarizə səylərini gücləndirməkdə davam edib, bir sıra şəxsləri terrorçuluqla bağlı qanunlar əsasında məsuliyyətə cəlb ediv və xeyli miqdarda qanunsuz silah və sursat müsadirə olunub.

`Qanunvericilik, hüquq mühafizə orqanları və sərhəd təhlükəsizliyi` bölməsində deyilir ki, Azərbaycan 1999-cu ildə qəbul edilmiş və terror əməlləri törətmiş və ya belə əməlləri planlaşdıran şəxslərlə bağlı istintaqın aparılması və onların məsuliyyətə cəlb edilməsi məsələlərini tənzim edən terrorçuluq əleyhinə qanunu tətbiq etməkdə davam edib. Milli Təhlükəsizlik Nazirliyi terrorizmlə mübarizə sahəsində əsas məsul qurum olsa da, Daxili İşlər Nazirliyi də ölkənin əsas hüquq mühafizə orqanı kimi bu sahədə öz rolunu oynayır. Hər iki nazirlik terrorçu fəaliyyətlərin müəyyən edilməsi və qarşısının alınmasına qadir olduqlarını nümayiş etdiriblər.

Dövlət Departamentinin Terrorizmə qarşı mübarizəyə yardım (ATA) proqramının rəsmiləri Azərbaycan rəsmiləri ilə görüşərək ölkənin təhlükəsizlik sahəsindəki ehtiyaclarını və terrorçuluqla bağlı əməllərlə mübarizə imkanlarını, o cümlədən infrastrukturun təhlükəsizliyinin təmin edilməsi imkanlarını müzakirə edib və Azərbaycanın təhlükəsizlik orqanları üçün təlimlərin davam etdirilməsi üzrə planın inkişaf etdirilməsinə başlayıblar. Oktyabrın sonunda ATA Azərbaycan Prezidentinin Şəxsi Mühafizə Xidmətinə Xüsusi Hadisələrin Taktiki İdarəçiliyi mövzusunda kurs keçib.

Sənəddə deyilir ki, bu sahədə hüquq mühafizə orqanları tərəfindən aşağıdakı mühüm addımlar atılıb:

- 20 sentyabrda həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində İrandan Azərbaycana göndərilmiş odlu silahlar müsadirə olunub;

- 31 oktyabrda dövlət orqanları Bakıdakı İsrail səfirliyinin yanında diplomatik nümayəndəliklərə qarşı bir sıra hücumlar etməyi planlaşdırmaqda şübhəli bilinən İran vətəndaşını saxlayıblar;

- 23 noyabrda Milli Təhlükəsizlik Nazirliyi odlu silahlar, sursat və partlayıcı maddələr əldə etməkdə, həmçinin çoxlu sayda insanların öldürülməsi məqsədilə terror əməlləri törətməyi planlaşdırmaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşını həbs etdiyini elan edib;

- 25 noyabr və 10 dekabr tarixlərində 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya yarışması zamanı terrorçu hücumlar etməyi planlaşdırmış 39 şəxs barəsində ittiham hökmü çıxarılmış və onlar barəsində 9 ildən ömürlüyə qədər azadlıqdan məhrum etmə cəzaları tətbiq olunub.

Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə: Azərbaycan Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL), Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) üzvüdür. Azərbaycan 2009-cu ildə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunu qəbul etdikdən sonra bu sahədə peşəkarlığı artırıb. Bu qanun əsasında Maliyyə Monitorinq Xidməti yaradılmış və maliyyə institutlarının üzərinə müştərilərlə sayıq olmaq və şübhəli əməliyyatlar barədə xidmətə məlumat verməklə bağlı zəruri öhdəliklər qoyulub.

Azərbaycan ölkə qanunvericiliyinin beynəlxalq standartlara, o cümlədən BMT, Avropa İttifaqı və FATF standartlarına uyğunlaşdırılması məqsədilə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə məsələlərin həlli üçün MONEYVAL tövsiyələrini yerinə yetirməkdə davam etmişdir. ABŞ Hökuməti, xüsusilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Maliyyə Nazirliyi Maliyyə Monitorinq Xidmətinin yaradılmasından sonra onun əsas tərəfdaşlarından biri olmuş, Baş Prokurorluq və digər qurumlarla əməkdaşlıq edərək onlara texniki yardım göstərmiş və hüquq mühafizə qabiliyyətlərinin artırılması üçün onlara təlimlər keçib.

Regional və beynəlxalq əməkdaşlıq: 2013-cü ilin sonunda Azərbaycanın iki illik BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü başa çatmış, bu dövrdə o, Təhlükəsizlik Şurasının terrorçuluqla bağlı müxtəlif qətnamələrini dəstəkləyib.

Azərbaycan ATƏT, İslam Əməkdaşlığı Təşkilatı və digər regional təşkilatların fəal üzvü olmaqda davam edib. Bundan əlavə, Azərbaycan terrorçuluqla, həmçinin qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində hüquq mühafizə orqanlarının səylərinin əlaqələndirilməsi məqsədi ilə keçirilən Xəzər böyu ölkələrin işçi qruplarının iclaslarında da iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti