"Mir"+"Şetab": Rusiya və İran “SWIFT”ə alternativ yaratmaq istəyirlər

      "Mir"+"Şetab":    Rusiya və İran    “SWIFT”ə alternativ    yaratmaq istəyirlər
  12 Sentyabr 2022    Oxunub:2603
Rusiya və İran maliyyə hesablaşmalarında dollardan xilas olmaq üçün ödəniş sistemlərini birləşdirirlər. AzVision.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Tehran və Moskva qərara gəliblər ki, bank sistemlərinin unifikasiyası ölkələr arasında əməliyyatları asanlaşdıracaq. Onlar SWIFT beynəlxalq banklararası pulköçürmə sistemindən istifadə etmədən keçinə biləcəklər.
Bu barədə Rusiya prezidenti Vladimir Putinlə İranın ali dini lideri Əli Xamneyi arasında keçirilən son görüşdən bir ay sonra məlumat verilib. Daha sonra hesablaşmaları milli valyutalarla (Rusiya rublu və İran rialı) həyata keçirməyə razılaşıblar.

Tehran bu yaxınlarda birgə ödəniş sisteminin inkişafı ilə bağlı son məlumatları açıqlayıb. İranın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri bildirib ki, ölkəsi yaxın günlərdə Rusiyanın “Mir” ödəniş sisteminə qoşula bilər.

İranlı analitiklər deyirlər ki, “Mir” və “Şetab” sistemlərinin birləşməsi dolları qarşılıqlı hesablaşmalardan kənarlaşdıracaq və Qərbin sanksiyalarının təsirini azaltmağa kömək edəcək. Siyasi-iqtisad araşdırmaları üzrə ekspert Bayman Yəzdani ABŞ-ı banklararası ödəniş sistemindən rəqiblərinə qarşı silah kimi istifadə etməkdə ittiham edib və Şərq ölkələrinin də SWIFT, Visa və MasterCard-a alternativ sistemlər yaratmaq imkanlarını xatırladıb.

İranlı analitik bank sistemlərinin birləşməsini Qərbin sanksiyalarından yayınmaq, Tehranla Moskva arasında ticarət və maliyyə əlaqələrini liberallaşdırmaq üçün mühüm addım adlandırıb. O, bildirib ki, digər ölkələrin yeni sistemə qoşulması SWIFT ilə səmərəli rəqabət aparmağa kömək edəcək.

Yəzdani vurğulayıb ki, bank sistemlərinin birləşdirilməsi İran və Rusiyanın valyuta məzənnələrinin sabitliyinə müsbət təsir göstərəcək, həmçinin ABŞ-ın qlobal maliyyə sistemlərinə nəzarət etmək imkanlarını sarsıdacaq.

O hesab edir ki, “Mir” və “Şetab” ödəniş sistemlərinin birləşdirilməsi hər iki tərəf üçün bərabər mövqeyi təmin etməlidir. Bununla belə, əməkdaşlıqdan kimin daha çox faydalanacağını həm Tehranın, həm də Moskvanın iqtisadi və xarici ticarət göstəricilərinin həcmi müəyyən edəcək.

İran Gömrük İdarəsinin açıqladığı statistikaya əsasən, bu ilin ilk üç ayında (İran təqviminə görə, il 2022-ci il martın 21-də başlayır) Tehranla Moskva arasında ticarət dövriyyəsi 508 milyon dollardan çox olub. Son 3 ayda İrandan Rusiyaya mal ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% azalıb, idxal isə 22% artıb.

Nadir Quliyev
AzVision.az



Teqlər: Maliyyə  





Xəbər lenti