"Putin bundan sonra Nikola "Makronunu yığ!" deyəcək" - Erməni analitik |
Məlum yazıda Ermənistan parlamentinin eks-deputatı, iqtisad elmləri doktoru Vardan Bostançıyanın da fikirləri dərc olunub. O, Rusiya şirkətlərinin Ermənistandan uzaqlaşdırılmasının mümkünlüyünü maraqlı formada şərh edib.
İqtisadçı alim qeyd edib ki, bütün hallarda ölkəsi üçün yüksək risklər yaranıb:
"Bu problemlər həmişə Rusiyanı Ermənistandan qoparmaq üçün qaldırılır. Lakin tarix göstərib ki, Qərb Ermənistana yardım baxımından heç vaxt maddi cəhətdən dəstək olmayıb. Əlbəttə, bu çox yaxşı haldır ki, Qərb müxtəlif beynəlxalq strukturlar, ayrı-ayrı dövlət başçıları səviyyəsində Ermənistan haqqında müsbət fikirlər səsləndirir. Amma o bəyanat və fikirlər sabun köpüyü kimi partladı. Konkret dəstəyə və ya konkret olaraq problemlərin həlli məsələlərinə gəlincə, bunun hansısa daha yaxşı nümunəsini bilirsinizmi?
1920-ci ildə bolşeviklər Ermənistanı zəbt edəndə ingilislər deyirdilər ki, ingilis gəmiləri Ermənistanın dağlarına qalxa bilməzlər. Mən demirəm ki, Rusiya Ermənistan üçün möcüzələr yaratdı. Lakin bütün hallarda İrəvan Rusiyanın təsir zonasında olduğu dövrdə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan müəyyən aspektdə böyük uğurlar əldə etdi. Bazar münasibətlərində olduğumuz 30 il ərzində ticarət dövriyyəmizi əsasən Rusiya faktoru müəyyən edib. Digər tərəfdən, təxminən 3 milyon erməni Rusiyadadır və sosial məsələlərini rusların resursları, rus iş yerləri hesabına həll edirlər. Belə bir vəziyyətdə tamamilə Qərbə güvənmək, məncə, ağır nəticələrlə dolu olacaq".
Bostançıyan Ermənistanın rusların enerji resurslarına alternativ tapmaq, məsələn, Rusiya qazını İran qazı ilə əvəz etmək imkanlarına da toxunub. O, qeyd edib ki, əslində hər şey mümkündür. Çünki Ermənistan böyük miqdarda qaz istehlak edən ölkə sayılmır. Rusiyanı İran İslam Respublikası əvəz edə bilər.
"Lakin mən ölkəmizin yürütdüyü həm daxili, həm də xarici siyasəti anlaya bilmirəm. İndi bu hakimiyyəti qəsb edənlər yəqin ki, agent şəbəkəsinə qoşulub Qərblə nələrisə razılaşıblar. Onlar Qərbin istədiklərini edirlər, o cümlədən də Türkiyə və Azərbaycanın da maraqlarına uyğun davranırlar. Belə bir vəziyyətdə İran və Rusiya məsələlərini qabartmaq nankorluqdur. Yalnız indi hamıya aydın olur ki, Rusiyaya, İrana qarşı heç bir obyektiv siyasət yürüdülmür. Xüsusən də Krım körpüsü partladılanda məlum oldu ki, bu maşının gizli girib-çıxdığı ölkələrdən biri də Ermənistan imiş. Yəni, məncə bütün bu problemlər bizi doğru istiqamətə aparmır”, - Bostançıyan gileylənib.
Enerji eksperti Armen Manvelyan da hazırda gündəmə çevrilmiş mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. O, Rusiya şirkətlərinin Ermənistanın enerji sektorundan sıxışdırılmasını arzuolunan saymayıb.
"Ümid edirəm ki, bu, mümkün olmayacaq. Çünki bunun ilk növbədə, Ermənistan iqtisadiyyatı üçün çox pis nəticələri olacaq. Hazırda biz qazı 178 dollara alırıq. Halbuki Avropada orta qiymət min kubmetr üçün 1000 dollardır. Eyni şeyləri Atom Elektrik Stansiyası haqqında da demək olar. Çünki Rusiya dünyada uranla işləyən atom elektrik stansiyalarının demək olar ki, 30-40 faizini uranla təmin edir. Rusiyanın mövqeyi çox güclüdür. Yeri gəlmişkən ABŞ-ın da atom elektrik stansiyaları Rusiyanın zənginləşdirilmiş uranları ilə işləyir. Sanksiyalar siyasəti başlayanda isə uranın satışından başqa hər şeyə qarşı sanksiya tətbiq edildi. Çünki bundan ilk olaraq ABŞ iqtisadiyyatı zərər çəkəcəkdi. Rus uranı yüksək keyfiyyətli olması ilə yanaşı, həm də nisbətən ucuzdur. Başqa sözlə, indi biz durub niyə həm Rusiya qazına, həm də Ermənistan AES -i üçün lazım olan uranına əvəzedici axtaraq?", - Eskpert qeyd edib.
O, rus bazarlarında yatıb qalan ermənilərə də toxunub.
"Bundan əlavə, nəzərinizə çatdırım ki, Ermənistandan ixrac edilən hazır məhsullar əsasən Rusiya bazarlarında satılır. Avropaya isə daha çox xammal göndəririk. Kənd təsərrüfatı məhsulları da Rusiya bazarına çıxarılır. Rusiyadan qaz, uranla yanaşı bir çox aşqa iqtisadi faktorlarla bağlı asılılığımız var və bu yüksək səviyyədədir. Qərb bütün sadalanan asılılıqlarımızı əvəz edə bilməz. Çünki birincisi, onlarda belə məhsullar və bazar yoxdur. İkincisi isə, bu məhsulların özü elə qərblilərə daha çox lazımdır. Ona görə də bütün bu proseslərə eyni ruhda davam etsələr, məlum hadisələr Ermənistan üçün çox pis sonlana bilər.
Bir məsələ də aşkar görünür ki, indiki hakimiyyət Qərblə, Rusiya ilə və hər kəslə oyun oynayır. Onlar hamıya nəsə vəd edirlər və təəssüf ki, bu böyük oyunçular Ermənistandan kiçik bir qəpik kimi istifadə edirlər. Məsələ onda da deyil ki, bu proseslər Ermənistanın iradəsi olmadan aparılır. Sadəcə, kifayət qədər zəif və onurğasız hökumətimiz olduğuna görə hamı bundan istifadə edir. Bəli, belə arzuolunmaz tendensiyalar var, amma Ermənistanın konkret şəkildə Qərbə yön aldığını söyləməkdə də çətinlik çəkirəm. Çünki indiki hakimiyyətin siyasətini və onların nə istədiyini qiymətləndirmək çox çətindir", -Manvelyan xəbərdarlıq edib.
Tural Tağıyev
AzVision.az