Sabunçuda ASAN Xidmət açıldı - FOTOLAR

Sabunçuda ASAN Xidmət açıldı - FOTOLAR
  07 May 2014    Oxunub:4200
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.

Bununla da ASAN xidmət mərkəzlərinin sayı 6-a çatdı. Bakı şəhərində 4 Gəncə və Sumqayıt şəhərlərinin hər birində 1 regional ASAN xidmət mərkəzi ümumilikdə 4 milyon 500 minədək vətəndaşa xidmət göstərəcək.

4 saylı Bakı “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi ilə paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarının sakinləri üçün də “ASAN xidmət” mərkəzlərindən yararlanmaq mümkün olacaq.

Beləliklə, Bakı şəhərinin sakinləri üçün qeydiyyat məhdudiyyəti aradan qaldırılaraq müvafiq xidmətlərdən yararlanmaq məqsədi ilə paytaxtda yerləşən istənilən “ASAN xidmət” mərkəzinə müraciət etmək imkanı təmin ediləcək.

4 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 may 2014-cü il tarixindən sakinlərə xidmət göstərməyə başlayacaq.

* * *

Açılışda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcək.

Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş İnnovasiyalar otağı var.

Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana biləcəklər. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub.

Diqqətə çatdırılıb ki, 4 saylı "ASAN xidmət" mərkəzinin həyətində "Uşaq avtoşəhərciyi" yaradılmışdır. Burada uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün
hər bir şərait var.

"ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

AzVision.az yeni Mərkəzin fotolarını təqdim edir.
Fotolar Elnur Abdullanındır

Qalereya




Teqlər:  





Xəbər lenti