Prezident: `Bütün Azərbaycanda ASAN olacaq` - VİDEO, FOTOLAR

Prezident: `Bütün Azərbaycanda ASAN olacaq` - VİDEO, FOTOLAR
  07 May 2014    Oxunub:1799
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcəkdir.

Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş İnnovasiyalar otağı vardır.

Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana biləcəklər. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub.

Diqqətə çatdırılıb ki, 4 saylı "ASAN xidmət" mərkəzinin həyətində "Uşaq avtoşəhərciyi" yaradılmışdır. Burada uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün
hər bir şərait vardır.

"ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

Mərkəzin əməkdaşları ilə görüşən Prezident İlham Əliyev dedi: "ASAN xidmət"in yeni mərkəzi açılır. Çox gözəl hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, "ASAN xidmət" mərkəzlərində bizim gənclərimiz çalışırlar, işləyirlər, həm könüllülər, həm burada xidmət göstərən vətəndaşlar. Bu, yenilikdir, müasirlikdir, inkişafdır".

Dövlət başçısı qeyd edib ki, Sabunçu rayonundakı "ASAN xidmət"in fəaliyyətə başlaması demək olar ki, Bakı şəhərində artıq bu məsələni tamamilə həll etmiş olur: "Artıq Gəncə, Sumqayıt şəhərlərində də "ASAN xidmət" mərkəzləri vardır. Bu gün mənə göstərilən layihələr də çox gözəl layihələrdir. Sabirabadda, Masallıda, Bərdədə "ASAN xidmət"lər olacaqdır, gələcəkdə isə hər bir yerdə. Çünki Azərbaycan vətəndaşları müasir xidmətlər almalıdır".

Prezident bildirib ki, "ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan brendidir: "Qısa müddət ərzində bu mərkəzlərə 1 milyon 500 min müraciət olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Müraciət edənlərin 97 faizi "ASAN xidmət"in fəaliyyətindən razıdır. "ASAN"ın birinci ilinin tamam olmasını nəzərə alsaq, inanıram ki, gələcəkdə bu rəqəm 100 faizə çatacaqdır. Azərbaycan vətəndaşları belə xidmətlərə layiqdir. Əminəm ki, bu təşəbbüs nəinki Azərbaycanda, başqa ölkələrdə də tətbiq ediləcək".

İlham Əliyev deyib ki, Azərbaycan vətəndaşlarına xidmət, qayğı, diqqət ən yüksək səviyyədə olmalıdır: "Mən bunu dəfələrlə demişəm ki, hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir. "ASAN xidmət"in yaradılması bax bu siyasətin nəticəsidir, onun əlamətidir. Burada göstərilən xidmət, şəffaflıq, mədəniyyət ölkəmizin hər bir yerində özünü göstərməlidir. Biz ölkəmizi müasirləşdiririk, ölkəmiz uğurla inkişaf edir. Hər bir sahədə gözəl nəticələr vardır və olacaqdır".

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti