Leyla Əliyeva: `Planetimizi dəyişə bilərik` - FOTOLAR

Leyla Əliyeva: `Planetimizi dəyişə bilərik` - FOTOLAR
  08 May 2014    Oxunub:1585
Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyinin (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılıblar.

Tədbirin əlaqələndiricisi Arlo Bradi bildirib ki, Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyır. Arlo Bradi Leyla Əliyevanın ətraf mühitin mühafizəsi ilə əlaqədar fəaliyyətini yüksək qiymətləndirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA Sammitdə çıxış edərək vurğulayıb ki, Azərbaycan qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsidir. Ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir.

Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyindən danışan Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini demişdir. O bildirmişdir ki, ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ekologiyanın, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün - qonur ayı (Ursus arctos), imperator qartalı (Aquila heliaca), boz canavar (Canis lupus), ceyran (Gazella subgutturosa) və Qafqaz bəbirinin (Panthera Pardus saxicolor) mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsi xüsusi əhəmiyyət kəsb edir.

Həyata keçirilmiş layihələr çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkildiyini diqqətə çatdıran Leyla Əliyeva vurğulayıb ki, təhsil ocaqlarında da ətraf mühitin qorunması üzrə siniflər yaradılıb. IDEA-nın digər vacib keyfiyyətlərindən biri odur ki, bütün layihələr mümkün qədər yaradıcı və bədii bir formada təqdim edilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, birgə səylər nəticəsində planetimizdə çox böyük dəyişikliklərə nail ola bilərik.

Sammitdə Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya Marton-Lefevr nəsli tükənməkdə olan heyvan növləri və onları qorumaq istiqamətində görülmüş işlərlə bağlı təqdimatla çıxış edib. O, rəhbərlik etdiyi beynəlxalq təşkilatın məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların siyahısını hazırladığını diqqətə çatdırıb, statistik göstəricilərə əsasən pələnglərin məhv olmaq təhlükəsindən danışıb.

Sammitdə ətraf mühitin öyrənilməsi ilə məşğul olan QHT-lərin birgə fəaliyyətinin vacibliyi vurğulanıb və bu istiqamətdə bir sıra işlərin görüldüyü diqqətə çatdırılıb.
Heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın bir çox ölkələrini gəzən fotoqraf və rejissor kimi tanınmış Adrian Sternin təqdimatında Azərbaycanın Lənkəran və Astara rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkında lentə aldığı kadrlar nümayiş olunub.

Sammitdə yekun olaraq qərara alınıb ki, bəbir və pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə qabaqcıl biliklərin mənimsənilməsi üçün belə tədbirlər davamlı təşkil edilməlidir.

Sammitdə iştirak edən qonaqlar Qəbələyə səfər edəcək, Azərbaycanın fauna və florası ilə yaxından tanış olacaqlar.

Qalereya




Teqlər:





Xəbər lenti