Qeyd etdiyimiz kimi Teymur Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Tapdıq Əmiraslanov isə millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğludur.
Yeni nazir müavinlərinin tərcümeyi-halı ilə tanış olaq:
Mehdiyev Teymur Ramiz oğlu 25 iyun 1975-ci il tarixində Gürcüstanın Abxaz MR Suxumi şəhərində anadan olub. O, 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti bitirib.

T.Mehdiyev 1997-1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, daha sonra 1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.
T.Mehdiyevə 2011-ci ildə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
O, Prezidentin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib.
Tapdıq Əmiraslanov 1978-ci il fevralın 7-də Moskva şəhərində anadan olub.
O, 1999-cu ildə ABŞ-ın Hyuston Universitetinin Biznes idarəçiliyi fakültəsini bitirib. Daha sonra 2003-cü ildə Amerikanın St.Tomas Universitetində Biznes idarəçiliyi üzrə təhsil alıb. İxtisası marketinq-maliyyədir. İqtisadi elmlər namizədidir.
O, 2003-ci ilin avqust ayından 2004-cü ilin aprelinədək Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr baş idarəsində Baş məsləhətçi, daha sonra həmin idarədə Xarici dövlət borcunun uçotu və icmallaşdırılması sektorunda sektor müdiri və müdir müavini işləyib.
T.Əmiraslanov 2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin, daha sonra Regional inkişaf siyasəti və regionlarla iş şöbəsinin müdiri postuna çalışıb.
O, 2009-cü ilin fevral ayından 2013-cü ilin noyabr ayınadək Fövqəladə Hallar Nazirliyinin Katibliyində Katibliyin köməkçisi, 2013-cü ildən nazir müavini təyin olunanadək həmin katiblikdə rəis müavini vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.
Anar RÜSTƏMOV