Elmar Məmmədyarovun müavinləri – Onları siz də tanıyın!

Elmar Məmmədyarovun müavinləri – Onları siz də tanıyın!
  10 May 2014    Oxunub:9414
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müavinlərindən bəhs edəcəyik.

Nazirin poliqlot müavini



Əzimov Araz Böyükağa oğlu mətbuata yaxın məmurlardandır. Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərən A.Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olub. Hərbi xidmətini Sovet ordusunun tərkibində Əfqanıstanda başa vurub. Nazir müavini1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.

O, daha sonra 1984-1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərib. 1989-1990-cı illərdə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib, 1990-1991-ci illərdə 1-ci katib, 1991-1992-ci illərdə müdir müavini, 1992-1994-cü illərdə Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi kimi fəaliyyətini davam etdirib.

A.Əzimov 1994-cü ildən indiyə kimi xarici işlər nazirinin müavinidir.

İngilis, fars, rus və türk dillərini bilir. Evlidir, iki oğul atasıdır.

Keçmiş polis rəisi, təcrübəli diplomat



Elmar Məmmədyarovun digər müavini təcrübəli diplomat Xələf Xələfovdur. O, da mətbuatda sıx təmasda olan dövlət rəsmilərindəndir. X.Xələfov bu posta gələnə kimi bir sıra yerlərdə çalışıb, təcrübə toplayıb.

O, 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi kimi fəaliyyətə başlayıb.

X,Xələfov 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub.

X.Xələfov 1997-ci ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir.

O, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunib.Alman və rus dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

Sabiq deputat, ən tərcübəli müavin



Nazirin digər müavini Mahmud Əhməd oğlu Məmməd-Quliyevdir. O, 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1972-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1974-1993- ci illərdə müxtəlif dövlət orqanlarında xidmət edib. 1992-1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini olub.

M. Məmmədquliyev 1993-cü ildən indiyə kimi - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini çalışır.

O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

1996-2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri olub.

İngilis və rus dillərini bilir.

Həm nazir müavini, həm rektor…



Hafiz Mir-Cəlal oğlu Paşayev - xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektorudur. O, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış diplomatdır.

O, 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.

1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.

1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

H.Paşayev prezidentin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Diplomatik Akademiyanın rektoru təyin edilib. İngilis və rus dillərini bilir.
Evlidir, iki övladı, dörd nəvəsi var.

Aspirantlıqdan müavinliyə…



Elmar Məmmədyarovun sonuncu müavini Nadir Hüseynovdur. O, 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olub. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsini bitirib. 1988-1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olub.

Nazir müavini 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1983-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində çalışıb.

1992-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olub.

2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilib.

N.Hüseynov 2010-ci noyabrın 24-də Prezidentin sərəncamı ilə Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyinat alıb. Xarici dillərdən İngilis və rus dillərini bilir.

Anar RÜSTƏMOV
AzVision.az



Teqlər:  





Xəbər lenti